Elza Seyidcahan: “Şəhid övladlarını, ailələrini heç zaman unutmamalıyıq” FOTOLAR
“2021-ci ildən gözəl arzularım, gözləntilərim, niyyətlərim var. El məsəli var ki, "niyyətin hara, mənzilin də ora”".
Bu sözləri Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan Musavat.com-a açıqlamasında bildirib. Sənətçi 2021-ci il ilə bağlı arzularından söz açaraq, qeyd edib:
“Bizim niyyətimiz hər zaman sülhsevərlik, vətənpərvərlik, ibarətamizlik, maarifləndirmə olub. Hər zaman vətənimizi, xalqımızı sevmişik. 2021-ci ildən arzum budur ki, tanrı cənab Prezidentimizə cansağlığı, yüksək enerji bəxş etsin. Məhz Ali Baş Komandanımızın rəhbərliyi, Ordumuzun rəşadəti ilə biz yenidən müqəddəs torpaqlarımıza qovuşduq. İndi hər birimizin arzusu budur ki, torpaqlarımız tezliklə minalardan, pis ünsürlərdən təmizlənsin və orada yenidən canlanma başlasın. Dünyanın hər yerindən tursitlər, qonaqlar Qarabağa axışsın. Gələn qonaqlar həm təbiətimizin gözəlliklərini görsünlər, həm də erməni vəhşiliklərini daha yaxından müşahidə etsinlər”.
Elza Seyidcahan bu günlərdə baş tutmuş Qubadlı səfərindən danışıb:
“Bir neçə gün öncə həmkarlarımla birgə Qubadlıda olduq. Həm əsgərlərimizlə görüşdük, həm də konsert proqramı ilə onların qarşısında çıxış etdik. Nəhayət ki, 30 ildən sonra yenidən o torpaqlara bizim musiqi sədalarımız yayıldı. Bu sevinci sözlə ifadə etmək mümkün deyil.
2021-ci ildən həm də ən böyük istəyim budur ki, bir daha müharibə başlamasın, oğullarımız şəhid olmasın. Biz ömür boyu şəhidlərimizin qarşısında baş əyəcəyik. Bundan sonrakı ömrümü sənətimə, şəhidlərimizin övladlarına həsr etməyi özümə borc bilirəm. Şəhid övladlarını, ailələrini heç zaman unutmamalıyıq”.
Elza Seyidcahan yaradıcılığı ilə bağlı planlarını da açıqlayıb:
“Bildiyiniz kimi, mənim vətənpərvərlik mövzusunda xeyli əsərlərim, mahnılarım var. 2021-ci ildə bu mövzuda yeni mahnılarım, əsərlərim ərsəyə gəlməlidir”.
Xalidə Gəray,
Musavat.com