Təyyar Bayramov: “Ağdamdakı ata yurdumda bir ev tikib, orada yaşayacam”
Bu gün Qarabağın gözəl guşələrindən biri olan Ağdam öz azadlığına qovuşub.
Bu münasibətlə "İç xəbər" əməkdaşı Ağdamdan olan məşhur xanəndə, Əməkdar artist Təyyar Bayramovun sevinc təəssüratlarını öyrənib. Əməkdar artist doğma yurduna geri qayıdıb, orada yaşamaq istədiyini deyib:
“Təbii ki, bu gün xalqımızın sevincinin həddi-hüdudu yoxdur, xüsusən də ağdamlıların. İllərdir ki, o müqəddəs torpaqlara həsrət qalmışıq. Erməni təcavüzü nəticəsində minlərlə insan el-obasından, yurdundan didərgin düşüb. Ali Baş Komandanımız, rəşadətli Ordumuz bu bayramı bizlərə, xalqımıza yaşatdı. Müqəddəs torpaqlarımıza yenidən qovuşduğumuz üçün Prezidentimizə, əsgərlərimizə, şəhidlərimizə borcluyuq, şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Bu vaxta qədər çox sevinc, kədər yaşamışdıq. Amma bu cür sevinc, bu cür bayram yaşamamışdıq. Vətən həsrəti, qalibiyyət sevinci tamamilə başqadır.
Ağdama gedən kimi ilk olaraq dünyadan köçən əzizlərimizin, o cümlədən, atamın məzarını ziyarət edəcəm. Daha sonra isə ata yurdumda bir ev tikib, orada yaşayacam. Bundan sonra günlərimi daha çox Qarabağda keçirmək istəyirəm”.