Musiqi festivalı olacaq
Bu gün “Zima” uşaq musiqi festivalı ilə bağlı mətbuat konfransı keçirilib.
Leyla Quliyeva tədbiri açıq elan edərək qonaqları salamlayıb. Daha sonra söz təşkilatçı Leyla Zeynalovaya verilib. O festival haqqında geniş məlumat verib.
O, bildirib ki, Beat Group şirkətinin təşkilatçılığı ilə həyata keçirilən festivalda 19 iştirakçı çıxış edəcək: "Zima" festivalını digər musiqi tədbirlərindən fərqləndirən cəhət hər bir iştirakçıya fərdi yanaşma, xüsusi hazırlıq və səhnə mədəniyyətinin mənimsədilməsi üçün pedaqoqların cəlb edilməsidir.
Festival beynəlxalq səviyyədə olacaq və gecədə Azərbaycan pop ulduzlarının çıxışı gözlənilir".
Daha sonra xalq artisti Aygün Kazımova festival haqqında fikirlərini bildirib: "Bütün sənətçilər festivallarda iştirak etməlidir. Sizin həyəcanlı olmağınızı anlayıram. Festival boyunca hər birinizə dəstək olacağıq. Hər birinizə uğurlar arzulayıram. Qalibiyyət ən bacarıqlının olsun".
Əməkdar artist Sevda Ələkbərzadə iştirakçıları təbrik edib: "Bütün uşaqları təbrik edirik. Burada çox istedadlı gənclər iştirak edir. Onların səsini eşidəndə təəccübləndim. Bu qədər istedadlı gənc necə ola bilər?! İştirakçılara məsləhətim odur ki, müəllimlərini dinləsinlər və məsləhətlərinə əməl etsinlər".
Müğənni İlqar Xəyal deyib ki, istedadlı gənclərə dəstək olmaq lazımdır: "Bəlkə də, burada gələcəyin populyar estrada müğənnisi oturub. İstedadlılara dəstək olmaq lazımdır. Mən gənclər üçün əlimdən gələni edəcəyəm. Qoy, ən yaxşılar qalib gəlsin".










