Azərbaycan təmsilçisinin kim olacağını özümüz də bilmirik.
Azərbaycan təmsilçisinin kim olacağını özümüz də bilmirik. Müəyyən prosedurlardan keçdik, amma bizə də təmsilçinin kimliyini deməyiblər. Biz də İTV-nin rəsmi açıqlamasını gözləyirik”.
Bu sözləri açıqlamasında “Səs Azərbaycan” layihəsindən sonra məşhurlaşan, builki “Eurovision” finalçılarından olan müğənni Tofiq Hacıyev deyib.
O, müsabiqəyə marağın azaldığını deyənlərə də cavab verib: “Eurovision” Avropa üçün öz marağını qoruyur. Azərbaycanda müsabiqəyə marağın azaldığını deyirlər. Amma mən elə düşünmürəm. Gənclər arasında “Eurovision”a maraq göstərən çoxdur. Müsabiqədə iştirak etsəm, şən mahnı oxumaq istəyərəm”.
“Finalçıların adı açıqlanandan sonra xarici mediada Çingizin xarici görünüşü çox tərifləndi. Sizcə, xarici görünüş müsabiqədə rol oynayırmı” sualına isə gənc ifaçı belə cavab verib: “Müsabiqədə yaxşı çıxış etmək daha vacibdir. Çünki illər sonra qalib deyil, maraqlı çıxışlar yadda qalır. Tamaşaçıların fərqli fikirləri var. Kimisi ifaya, kimisi xarici görünüşə görə səs verir. Builki 4 finalçının da şansı böyükdür. Kim seçilsə, gözəl çıxışla yadda qalacaq”.
Qeyd edək ki, İsrailin Tel-Əviv şəhərində keçiriləcək müsabiqədə ölkəmizi təmsil edəcək namizədlər sırasında Çingiz Mustafayev, Samirə Əfəndi, Ləman Dadaşova, Tofiq Hacıyevin adı yer alıb. Təmsilçimizin kimliyi 8 mart tarixində açıqlanacaq.










