Türkiyənin məşhur müğənnisi Nesli Özsoy Bakının qonağı olub.
Türkiyənin məşhur müğənnisi Nesli Özsoy Bakının qonağı olub. “Sinema güzeli” yarışması üçün Azərbaycandan gənclər seçməyə gələn müğənni-aktrisa cavab verib.
Onunla söhbətə elə Bakı təəssüratlarından başladıq:
“İlk dəfədir ki, Azərbaycana gəlirəm. Buraya gəlmədən də azərbaycanlıları sevirdim. Çox dostcanlı xalqsınız. Bundan sonra tez-tez gələcəyəm. Təəssüf ki, əvvəllər gəlmək qismət olmayıb. Bir neçə gün içində şəhəri gəzə, yeməklərinizi yeyə bildim. Hər şey əla keçdi”.
- İllərdir ki, musiqi sektorunun içindəsiniz. Əvvəlki mahnılarla indiki mahnılar arasında fərq nələrdir?
- Təəssüf ki, hazırda əvvəlki sözlər, musiqi yoxdur. Gözəl mahnılar keçmişdə qaldı. Hazırda müvəffəqiyyət qazanan müğənnilər çoxdur, amma sənətin dadı keçmişdə qalıb. Mahnılar haqqında çox da müsbət danışa bilməyəcəyəm.
- Son aylar Türkiyədə də, Azərbaycanda da “Mashup”lar dəbdədir. 6-7 mahnını bir araya yığaraq ifa edirlər. Bəyənənlər olduğu qədər tənqid edənlər də var. Sizin münasibətiniz necədir?
- Çox gözədir. Bir mahnısı olan gənc var, o mahnısını tanıtmağa çalışır, amma bacarmır. “Mashup” vasitəsilə populyar mahnıları da öz mahnısına qatıb, təqdim edir. Digərləri vasitəsilə mahnısı populyarlaşır. Burada qəbahət görmürəm.
- Müğənniliklə yanaşı, teatrda, film sahəsində çalışmısınız. Serial və filmlərin hazırkı durumu sizi qane edirmi?
- Serial sahəsi Türkiyədə yüksək səviyyədədir. Sponsorlarla bağlı problemlər bütün ölkələrdə var. Buna baxmayaraq Türkiyədə yüksək səviyyədə olan seriallar çəkilir. Gənc nəsil aktyorlar çox bacarıqlıdır. Serialları bəyənirəm, amma filmlər haqqında bunu deyə bilmərəm.
- Komediya filmlərinin ön plana çıxması birmənalı qarşılanmır. Sanki bu cür filmlərə dırnaqarası baxılır...
- “Sinema güzeli” müsabiqəsinin seçim turunda da diqqət etdik, uşaqlara dram janrında tamaşalar hazırlamışdılar. Dramın daha çox aktyorluq qabiliyyətini ön plana çıxardığını düşünüblər. Amma bizim köhnə komediya türk filmlərimiz var. Çox müvəffəqiyyətli işlərdir. Təəssüf ki, hazırda bir Kemal Sunal yoxdur. Seriallarda komediyaya üz tutsalar da, filmlərdə yoxdur. Bizi güldürəcək ssenarilər yazılmır. Komediya yazacaq beyinlər yoxdur.
- Deyirlər ki, sənət adamı daim baxımlı və gözəl olmalıdır. Baxımlı, gözəl qalmaq üçün nələr edirsiniz?
- Təbii məhsullardan istifadə edirəm. Hər gün yürüş edirəm. Genetik olaraq incə qadınam. Kiloma özüm də diqqət edirəm.










