15 ildir ki, davamlı Azərbaycana gəlirəm.
15 ildir ki, davamlı Azərbaycana gəlirəm. Meral Konrat, Kiçik İbo, Armağan Uzun kimi sənətçiləri Azərbaycan tamaşaçısı ilə görüşdürmüşəm. Hər gəlişimdə ilk dəfə gəlirəmmiş kimi təəccüblənirəm. Bakı gündən-günə dəyişir, gözəlləşir. İkinci vətənimin bu qədər inkişaf etməsi məni sevindirir”.
Bu sözləri mediyaya açıqlamasında türkiyəli aktyor, Film-San Vəqfinin rəhbəri Kıvanç Terzioğlu deyib.
O, Azərbaycan filmlərindən də danışıb: “Baxdığım ilk Azərbaycan filmi “Təhminə” olub. 90-cı illərdə çəkilməsinə baxmayaraq çox təsirli filmdir. Bundan başqa Rəşad Kəsəmənlinin rol aldığı serialı da izləyirəm. Azərbaycan film sahəsi inkişaf edir. Artıq ortaq filmlər də çəkilir. Düzdür, izləmək imkanım olmayıb. Amma ortaq, birlikdə iş görmək çox gözəldir”.
Terzioğlu tamaşaçılardan da şikayətlənib: “Ard-arda filmlər nümayiş olunur. İnsanlar bir nəfərin pisləməsi ilə filmə getmirlər. Bu düzgün addım deyil. Bütün filmlər izlənilməlidir ki, pisi yaxşıdan ayırmaq olsun. Daha keyfiyyətli filmlərin çəkilməsi üçün keyfiyyətsiz, bayağı filmlər izlənilməlidir. Hətta, ən pis filmlərin müsabiqəsi də keçirilə bilər. Hər şey zamanla yoluna davam edəcək”.










