Azərbaycan tamaşaçısı onu “Kurtlar vadisi” serialından tanıyır.
Azərbaycan tamaşaçısı onu “Kurtlar vadisi” serialından tanıyır. Ekran işində Mematinin sevgilisi Gamzeni canlandıran Didem Taslan həm də 3 dəfə gözəllik müsabiqəsinin qalibi olub.
İlk dəfə Bakıya gələn aktrisa ilə söhbətə elə ölkəmiz haqqında təəssüratları ilə başladıq: “Azərbaycan Türkiyə qardaş ölkələrdir. İlk dəfədir Bakıya gəlirəm. Təəssüf ki, daha öncə gəlmək qismət olmadı. Şəhəri gəzdim, insanlar çox istiqanlıdır. Bilirsiniz ki, həm model, həm aktrisayam. 3 gözəllik müsabiqəsində tac almışam. Hazırda film çəkilişlərim davam edir. Bir çox müsabiqədə jüri olmuşam. Bakıya da “Sinema güzeli” yarışması üçün gəldim. Burada olmaqdan məmnunam”.
- Bəzi aktrisalar tənqid olunur ki, istedadları yoxdur, sırf gözəl olduqları üçün kino sahəsində onlara meydan verilir. Xarici görünüş nə qədər vacibdir?
- İnanın indi heç kim gözəlliyə, çirkinliyə baxmır. Aktyorluq önəmlidir, bir tacınız, bir az aktyorluq qabiliyyətiniz varsa, sizi ön plana çəkər. Hər zaman gözəllik və yaraşıqlılıq müvəffəqiyyət qazandırmır. Aktyorsunuzsa, tək bədəninizlə deyil, gözünüzlə duyğularınızı ifadə etməlisiniz. Aktyorluq qanından axmalıdır. Duyğunu vəhdət şəklində tamaşaçıya keçirməlisən. Oynadığın qadın və kişi olmalısan, onun bədəninə girməlisən.
- Didem Taslan kaprizli sənətçidir?
- Seçiciyəm, kaprizli deyiləm. 17 dənə serialda rol almışam. Daha çox “Kurtlar vadisi” ilə tanınmdım. Mən aktrisayam deyə bilmirəm, öyrənəcəyim çox şey var. Hər serial və filmdə qocaman sənətkarlardan bir şeylər öyrənirəm, özümü inkişaf etdirirəm. Aktrisalıq karyerama qan xərçəngi xəstəliyi olan qızı oynamaqla başladım. O biri serialımda Kadir İnanır ilə Gülben Ergenlə rol aldım. Yaxşı işlərdə rol almağa çalışıram.
- Oynamaq istədiyiniz, arzusunda olduğunuz rol varmı?
- Əlbəttə, var. Hər zaman müsbət xarakterləri canlandırmışam. İndi bir serial təklifi var. Hərəkətli, mənfi qadın obrazıdır. Mən də mənfi xarakter oynamağı çox istəyirdim. Bir də döyüşkən qadını canlandırmaq istəyirəm. Kikboksinq ilə də məşğul olmuşam. Qismətdir. İnşallah bütün arzularıma çataram.
- Deyirlər, çirkin qadın yoxdur, baxımsız qadın var. Sizin gözəllik sirləriniz nələrdir?
- Dəri təmizliyinə xüsusi diqqət edirəm, kimyəvi məhsullardan istifadə etmirəm. Makiyajla yatmaram, hər zaman üzümü təmizləyərəm, siqaret əsla çəkmərəm, spirtli içkini yalnız özəl günlərdə içərəm. Davamlı idman edirəm, az-az tez-tez yeyirəm.










