"Sinemanın kral və kraliçası" yarışması başlayır
Aparıcı Vüsalə Səid fevral ayında start veriləcək "Sinemanın kral və kraliçası" yarışması ilə bağlı keçirilən mətbuat konfransında layihənin Türkiyə üzrə rəhbəri Atilla Kaplakarslanın böyük seçim turunun mart ayının 31-də keçiriləcəyi barədə açıqlamasından sonra yaranan qalmaqala münasibət bildirib.
Qala gecəsinin keçirilməsi 9 apreldə nəzərdə tutulub: “Orada söhbət qala gecəsindən getmirdi, kampdan gedirdi. Ötən ildən razılaşdırılıb ki, həm kamp, həm qala gecəsi orada keçirilsin. Mən də kampın vaxtını razılaşdıracağımı dedim. Biz 31-də yox, 1-də qatıla bilərik. Azərbaycanda seçim turu fevralın 23-də olacaq. Biz getsək də, getməsək də Türkiyədə olacaq böyük eləmə Azərbaycana aid deyil. Orada söhbət kampdan gedirdi”.
Xatırladaq ki, Türkiyə mətbuatında müsabiqədən əvvəl münsiflər heyəti tərəfindən seçiləcək olan Avropa və azərbaycanlı finalçıların 31 martda “İstanbul Wow Oteli”ndə keçiriləcək seçim turuna qatılacağı yazılıb.
Qeyd edək ki, konfransda jurnalistlər Atilla Kaplakaslanın açıqlamasına etiraz edərək tələb ediblər ki, 31 mart Azərbaycanlıların Soyqırımı Günü olduğu üçün tədbirin vaxtı dəyişdirilməlidir. V.Səid tədbirin vaxtını dəyişdirmək haqda düşündüklərini açıqlayıb və A.Kaplakarslana bu haqda bildirib. Layihə rəhbəri isə artıq otel danışıldığı üçün vaxtın dəyişdirilməsinin mümkün olmadığını bildirib. Aparıcı onun sözünü kəsərək daha sonra bu haqda danışacaqlarını deyib, Atilla isə onunla razılaşıb.












