Ortaq seriallar çəkmək istəyirik” – FOTOLAR
Bakıda Türkiyə Mədəniyyət Nazirliyinin dəstəyi, “Yerli Düşüncə” dərnəyinin təşkilatçılığı ilə “IV Türk Filmləri Həftəsi”nə start verilib.
Nizami Kino Mərkəzində tədbirlə bağlı mətbuat konfransı keçirilib. Konfransda “Türk Filmləri Həftəsi”nin koordinatoru Öner Kılıç, tanınmış aktrisa Gizem Karaca, aktyorlar Deniz Oral, Sezgin Erdemir, bu gün təqdimatı baş tutacaq “Güller” filminin rejissoru Mehmet Gün, rejissor-ssenarist Murat Çeri və menecer Özlem Erçağlar iştirak edib.
Media nümayəndələrini salamlayan tədbirin koordinatoru Öner Kılıç kino həftəsi haqda geniş məlumat verib: “Mən illərdir Azərbaycana səfər edirəm. İndi də öz evimə gəlmiş kimi oldum. Tədbir Türkiyə Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. “Türk Filmləri Həftəsi” Azərbaycanla bərabər Qazaxıstan, Qırğızıstan və Özbəkistanda da təşkil olunur. Məqsədimiz sizlərə yalnız türk filmlərini izlətmək deyil, həm də aktyor və rejissorlarla da tanış etməkdir. Eyni zamanda da türkiyəli aktyor və film şirkətlərini azərbaycanlı rejissor, aktyor və şirkətlərlə bir araya gətirib, ortaq mədəniyyətimiz haqda ekran işləri ərsəyə gətirmək istəyirik. Hazırda burada rejissorlarla danışıqlar aparırıq. İnşallah müştərək seriallar ərsəyə gətirə bilərik”.
Aktrisa Gizem Karaca Azərbaycan filmlərində rol almaq istədiyini deyib: “Azərbaycandan film təklifi alsam, çox sevinərəm. Mənim üçün maraqlı və eyni zamanda da fərqlilik olar. Fərqli mədəniyyətləri, insanları və səyahət etməyi çox sevirəm”.
“Diriliş Ertuğrul” serialının aktyoru Sezgin Erdemir tarixi və digər janrda olan serialların arasında fərqdən danışıb: “Aktyor üçün serialın janrı fərq etmir. Bizim üçün hər obraz yeni dünyadır. Hər dəfə eyni mərhələdən keçirik. Qəhrəmanımızı təhlil edirik, özümüzə xas olan xarakteri də qatıb, tamaşaçıya inandırıcı obraz təqdim etməyə çalışırıq. Tarixi obrazların bir fərqi var, nə vaxtsa yaşamış birini canlandırırıq. Bu zaman dəqiq araşdırma etmək vacibdir”.

















