Nazpəri Dostəliyevanın seyfini oğurlamaqda suçlanan şəxslərdən biri azadlığa çıxıb
Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə ittiham edilən şəxslərdən biri azadlığa çıxıb.
Oğurluq cinayətinə görə həbs edilən Asif Həmidovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik) maddələri, 307.1-ci (cinayəti bilib, məlumat verməmə) maddəyə tövsif edilib.
İstintaq dövründə A.Həmidov barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib və həbsdən buraxılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.
Məhkəmə qərarı ilə digər şəxslərin barəsində isə həbs-qətimkan tədbiri uzadılıb.
19 avqust 2017-ci il tarixində Nərimanov rayonunda Nazpəri Dostəliyevanın mənzilinə açar seçmək üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyfi oğurlayıblar.
Cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub. Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki mümkün üzvü - Sumqayıt sakinləri olan 1986-cı il təvəllüdlü Əliyev Cavid İslam oğlu, 1990-cı il təvəllüdlü Fərəcov Natiq Rafiq oğlu müəyyən ediliblər.
Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər. Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.
Daha sonra A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb. Məlumata görə, azadlığa buraxılan A.Həmidov taksi sürücüsü olub.










