Kompleks, mentalitet... - Müğənnilərimiz niyə alqışlanmır?
Səhnə, gözəl performans, alqışlar – hər bir müğənninin arzuladığı ardıcıllıq. Hər sənətçinin mükafatı tamaşaçı alqışıdır. Çünki alqış sevginin çatdırılma vasitələrindən biridir. Lakin hər müğənniyə, aktyora nəsib olmur.
Xarici ölkələrdən fərqli olaraq, Azərbaycanda tanınmışlar çox zaman alqışlanmır. Onların konsertləri “quru” keçir. Heç uzağa getməyək, qardaş ölkə Türkiyənin müğənnilərin konsertləri anşlaqla, alqışla keçir. Tamaşaçı öz sevgisini sevdiyi müğənniyə bir neçə vasitə ilə çatdırır. Onların Bakıda baş tutan gecələrində də eyni münasibəti görə bilərik. Bəs, yerli məşhurların az alqışlanmasının səbəbi nədir? Tamaşaçı öz sənətçisinə qarşı niyə biganədir?
Milliqazet məsələ ilə bağlı bəstəkar-müğənni Murad Arifin və maqazin yazarı Əfruzə Ağayevanın fikirlərini öyrənib.
M.Arif deyib ki, komplekslər tamaşaçıya sərbəst olmağa imkan vermir: “İnsanlar bilet alıb konsertə gəlirsə, sənətçiyə dəyər verəcək, alqışlayacaq. Dəvətnamə ilə gələn adamlar isə qiymətləndirici nəzərlərlə baxar, minnətlə alqışlayar. Xaricdə müğənninin konsertinə heyranlar, fanatlar gəlir. Sırf sevdikləri ulduzun şərəfinə gəlir və aktiv davranırlar. Bizdə isə məqsədlər müxtəlifdir. Bir çox insan boş vaxtını öldürmək, kiminləsə tanış olmaq, “check- in” etmək, özünü göstərmək və ya pisləmək niyyəti ilə gəlir. Onları qınamıram. Bizdə əylənmək, sərbəst olmaq mədəniyyəti heç vaxt Avropadakı, Türkiyədəki kimi olmayacaq. Ortada komplekslər, qeyri-səmimiyyət, mentalitet və sair səbəblər var”.
Jurnalist Əfruzə Ağayeva isə müğənninin alqışlanmama səbəbinin günahını özündə görür: “Baxır, hansı müğənni alqışlanmır. Xalq artisti Aygün Kazımova “Cristal Hall”da konsert verdi, alqışlar dayanmadı. Əgər, bir müğənni səhnədə can qoyursa, onu tamaşaçı niyə alqışlamasın? Sadəcə alqışa layiq olmaq, onu qazanmaq lazımdır. Tamaşaçı sevgisi nə pulla alınar, nə də əvəzlənər. Müğənni zalda oturan tamaşaçı ilə kontakta girə bilmirsə, günah və səhv özündədir. Alqışlanmayan müğənni mənasız və maraqsızdır. Əcnəbilərdə müğənnilər daha təcrübəlidirlər, sanki, ulduz doğulublar. Bizdə kimin pulu varsa, çalışır olmayan səsini komputerdə düzəltsin, taxtayabənzər bədənini fotoşopla düzəldib, tanınsın. Özlərini pulla reklam edirlər. Onları heç kim alqışlamır. Çünki xalqın gözü tərəzidir. Sonuncu dəfə, Akademik Milli Dram Teatrında “Ölülər” tamaşasına baxdım, sonda o qədər alqışladım ki, əllərimin içi qızardı və uzun müddət getmədi. Yəni, tamaşaçının müğənni ilə şəxsi qərəzliyi yoxdur, sənətçi tamaşaçını - qonağını ələ ala bilməlidir. Çünki səhnəyə çıxmısansa, mükafatın alqışdır”.










