Aşıq Azər: “Ayağımın öhdəsindən gələ bilmirəm”
Uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən aşıq Azər Xanlaroğlunun səhhətindən danışıb.
Milliqazetä açıqlama verən aşıq bildirib ki, ayağında yaranan xəstəlik ona çalışmağa imkan vermir:
“Türkiyədə aldığım müalicənin böyük köməyi oldu. Qaraciyrlə bağlı problem aradan qalxıb. Qohumumuz mənə donor olacaqdı, lakin artıq ona ehtiyac qalmadı. Hazırda problem ayağımla bağlıdır. Hansısa toya gedəcəyəmsə, gərək 3 gün qabaqdan hazırlaşım. Ayağımı bərk sarayım, sıxım, 3 gün yataq rejiminə qalım ki, ayağımın şişi çəkilsin. Mən də şənlikdə iştirak edə bilim. Bir müddət öncə Tehranda oldum, 12 gün orada qaldım. Dedilər ki, müalicə üçün 46 min manat lazımdır, mən də geri qayıtdım. Qaraciyərin, ağrıların öhdəsindən gəlsəm də, ayağımın öhdəsindən gələ bilmirəm. İsrailə və Almaniyaya ayağımın doplerdə çəkilmiş fotolarını göndərmişəm. Onlardan cavab gözləyirəm. əgər, oradan da müsbət cavab almasaq, gərək ayağım kəsilsin. Mən illərdir ki, bu sənətə can qoymuşam. Amma o əziyyətin cavabını ala bilmədim. Insanlar mənə qarşı biganədirlər. Onların soyuq münasibəti məni incidir.
Sağalmağım üçün lazım olan pul 3-5 insanın çıxıb toplaya biləcəyi məbləğ deyil. Imkanlı 1 adam ola, çıxıb xərcləri ödəyə, yoxsa çətindir”.
Qeyd edək ki, mərhum Aşıq Xanların oğlu, 33 yaşlı aşıq Azər 3 ildir hepatit xəstəliyindən əziyyət çəkir. Onun ayağında şiş – fil xəstəliyi var.










