“Aparıcı bakirə olmamalıdır” sözlərinə etiraz: “Əxlaq qaydalarına ziddir” - FOTOLAR
Son günlərin ən çox müzakirə olunan mövzularından biri "Lider" televiziyasında Murad Arifin aparıcılığıyla yayımlanan "Status" verilişində radio prodüseri Zaur Kazımovun radioya aparıcıları "bakirəlik meyarı"yla seçməsi haqqında fikirləridir.
Belə ki, prodüser bildirib ki, radioya iş üçün gələn xanımlardan bakirə olub-olmadığını soruşub:"Radioda aparıcı olmaq istəyən namizədlərlə müsahibə edəndə ilk sualım "Bakirəsən, yoxsa yox..." olurdu. Və əgər cavab "bakirəyəm" olurdusa, deyirdim ki, bağışlayın, biz sizinlə işləyə bilməyəcəyik. Ümumiyyətlə, radio aparıcılarının minimum 40 yaşı olmalıdır".
Onun bu sözləri birmənalı qarşılanmayıb və o, tənqidlərə səbəb olub.
Milliqazet məsələ ilə bağlı media eksperti Qulu Məhərrəmli ilə əlaqə saxlayıb.
![]()
Ekspert bildirib ki, prodüserin səsləndirdiyi fikirlər əxlaq qaydalarını pozur: “Bu açıqlamaya mən də rast gəldim. Bizdə əxlaqi çərçivələr o qədər daralıb, səviyyə o qədər aşağı düşüb ki, naqis cəhəti insan rahatlıqla deyir. Problem bundadır. O radio hansı aparıcını yetişdirdiyini, hansı səviyyəni təmin etdiyini bilmirəm. Bu cür yanlışlıqları efirdə sərbəst şəkildə ifadə etmək əxlaq çərçivəsinə sığımır. Bu cür açıqlamalar ailə dəyərlərinə, əxlaq qaydalarına xidmət etmir. O insanları efirə çıxartmaqda məqsəd nədir? İnsanlar cəmiyyətdə başını itirib, heç bir ölçü, əxlaq qaydası yoxdur. Bu cür açıqlamalar qəbul olunan deyil. Deməli, efir məkanımız ciddi təhlükə ilə üz-üzədir. Televiziya məkanına ciddi nəzarət olmalıdır. Hazırda əxlaq böhranı yaşanır. Dayanıb, düşünməliyik ki, bu cəmiyyət hara gedir?”
![]()
Proqramın aparıcısı Murad Arif isə saytımıza açıqlamasında deyib ki, prodüser fikirləri səhv ifadə edib: “Prodüser Zaur Kazımov Azərbaycanda ən peşəkar radio prodüseridir. Ölkəni qarış-qarış gəzsəniz elə mütəxəssiz tapmaq çətin olar. Zaur 10 ilə yaxın Finlandiyada yaşayıb, özü də rusdillidir deyə, fikirlərini ifadə etməyə çətinlik çəkir. Onun işlətdiyi "bakirə" məsələsinə də mən efirdən aydınlıq gətirdim ki, radio aparıcısının dünyagörüşü olmalıdır. Ümumi götürsək, söhbət əslində yalnız qızlardan deyil, oğlanlardan da gedirdi. Seks təcrübəsi üzərində bizim cəmiyyət fikir cəm etdi. Halbuki, ümumi həyat təcrübəsindən danışırdı. Xarici ölkələrdə yaşlı insanlar mediada işləyir və aparıcı, redaktor, ssenarist maaşıyla dolanır, ailə saxlayır. Amma, bizim kanallarda vəziyyət elədir ki, bu şərtlərlə əsasən gənclər işləyir. Hər efirdən də diletantlıq, qeyri-peşəkarlıq yağır. Zaur, bunu nəzərdə tuturdu. Bəli, efirdə işləyən adam maraqlı şəxsiyyət olmalıdır. Dünənin uşağı aparıcı ola bilməz! Dünya kanallarına baxın. Aparıcının səsində və gözlərində bir həyat cizgisi olar. Məktəblərdə ən yaxşı müəllimlər bir qayda olaraq yaşı 40-ı keçmiş adamlardır. Bunu düşünün. Verilişi Nərgiz Cəlilova, Nailə İslamzadə aparsa, sizə daha mənalı gələr yoxsa, hansısa 19 yaşındakı qızcığaz? Xaricdə aparıcı yaşlandıqca hörmətli olur, təbliğ olunur. Bizdə isə, efir maaşıyla yalnız subay cavanlar, gənclər dolana bilər. Ona görə də, bizim televiziya və radiolarda dərinlik və peşəkarlıq azdır. İşlətdiyi yarı-zarafat "bakirə" məsələsində də Zaur bunu nəzərdə tutur”.










