Zamiqin alqışlarla bol nostalji gecəsi... – FOTOLAR
Ötən gün Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Dövlət Televiziyasının dəstəyi ilə müğənni Zamiq Hüseynovun solo konserti baş tutub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən gecəyə xalq artisti Rəşid Behbudovun repertuarında yer alan, bəstəkar Tofiq Quliyevin müəllifi olduğu “Neftçi” mahnısı ilə başlayıb. Onu Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrı müşayiət edib.
Daha sonra Zamiq T.Quliyevin yaradıcılığından “Qəmgin mahnı”, “Badamlı”, “Sevgilim” kimi mahnıları səsləndirib.
Z.Hüseynov italyan bəstəkar və müğənni Eduardo di Kapuanın yazdığı və dünyaca məşhur tenorların səsləndirdiyi “O sole mio” mahnısını da ifa edib.
Həyəcanlı olduğunu bildirən müğənni gecə ilə bağlı bunları deyib: “Bu tərzdə konsert vermək mənim uşaqlıq arzum idi. Nəhayət ki, arzumu gerçəkləşdirdim. Bu, çox böyük məsuliyyətdir. Ümid edirəm ki, imza atdığım bu konsertlə gənclərimiz unudulmaz əsərlərimizi dinləyər və sevər. Axı, bu, bizim kökümüzdür”.
İfaçı həmkarlarını konsertə dəvət etməməsinə də aydınlıq gətirib: “Həmkarlarımdan və müəllimlərimdən heç kimi dəvət etməmişəm. Çünki həm konsertin, həm də orkestrın həyəcanı var. Bir də zalda əyləşənləri görsəydim, həyəcanım daha da artacaqdı. Ona görə də məni düzgün anlasınlar”.
Nurlana Cəfərovanın aparıcılıq etdiyi gecə alqışlarla sona çatıb.
Qeyd edək ki, Zamiq tezliklə Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək














