Oksana Rəsulova: “Xərclədiklərimə görə peşman deyiləm”
“Serialın çəkilişləri yaxşı gedir. Düzdür, reytinq o qədər də ürəkaçan deyil. Amma görürük ki, son bölümlər yayımlandıqca reytinq artır. Bəzi texniki problemlərlə qarşılaşdıq. İzləyicilər səslənmə və montajla bağlı narazılıq bildirirdilər. Biz artıq onu aradan qaldırdıq. Kollektivimizdə də dəyişikliklər etdik. Artıq hər şey daha yaxşıdır”.
Bu sözləri Milliqazetä aktrisa Oksana Rəsulova deyib.
O, açıqlamasında bildirib ki, serial əsasən tamaşaçı tərəfindən rəğbətlə qarşılanır: “Ümumi bəyənilməyə gəldikdə isə indiyə kimi aktyor oyunu və ya məkan çəkilişləri ilə bağlı bir dənə də olsa, mənfi rəy almamışam. Səslənmə montajda olan problemlər aradan qaldırılıb. 40-cı seriaya qədər hər şey mükəmməl olacaq. Aylinin başına elə hadisələr gələcək ki, şoka düşəcəksiniz. Danışmaq məhdudiyyətli, əzab çəkən qadın olmaq çətindir. Amma onu oynamaq mənim üçün çətin deyil. Yeganə Tağızadə xanım mənə işarə dilini öyrətdi. Ona da təşəkkür edirəm”.
O.Rəsulova Elşad Xose ilə çəkildiyi “Mələyin öpüşü” filminin kassa yığımının özünü doğrultmadığını bildirib: “Mələyin öpüşü” izlənmə barədə gözləntilərimizi doğrultdu. Hazırda Azərbaycanda çəkilən melodramaların arasında birinci yerdədir. Lakin kassa yığımı xərclənən məbləği qarşılamadı. Ekran işi qoyulan mayanın yarısını geri qaytardı. Xərclənilən pula görə peşman deyiləm. Əsas odur ki, gözəl iş ərsəyə gətirdik. Prodüserlər, sponsorlar dram və trillerə maliyyə ayırmağa qorxmasınlar. Bu janrlar inkişaf etməlidir. Indi elə komediyalar da var ki, sevilmir. Yeni film isə “Lal yuxu” serialının 40-cı yəni sonuncu bölümündən sonra qərar verəcəyəm”.










