Teleaparıcı Tahirə: “Rüşvət alsaydım, oğlum 1800 manata görə təhsilsiz qalmazdı”
“Tahirə ilə qonaqlıqda” deyib, tanınmışların qapısını döyürəm. Daha öncə də bu formatda verilişim olub. Hər tanınmışın həyatı, yaşam tərzi tamaşaçılara maraqlıdır. Insanların evlərinin düzəni onun xarakterindən xəbər verir. Ev yiyəsinə apardığım qonaq maraqlıdır, çünki xəbərsiz olur. Onun sevmədiyi biri də ola bilər.
- Ev yiyəsinin sevmədiyi birini qonaq apardığınız olubmu?
- Aşıq Əlinin qonağı idim. Çağırdığım qonaq Əlinin sevmədiyi biri idi. Əli israrlı şəkildə dedi ki, o insan bura gəlsə, məclisi tərk edəcəyəm. Biz də məcbur olub yolda qalan qonağı qaytardıq.
- Bəzən müğənnilər başqasının evini öz evi kimi təqdim edir. Başınıza gəlibmi?
- Olub. Çox tanınmış müğənnilərdən biri bizi evinə apardı. Amma başqasının evi idi. Ən azı ev yiyəsinin evdə fotoları olur, çəngəl-bıçağın yerini bilir. Maraqlı müsahib idi, veriliş reytinq verdi. Amma mən evə girən kimi xanım müğənninin mənzili olmadığını hiss etmişdim. Söz də atdım. Amma tamaşaçılar elə bilmişdi ki, həmin müğənni içkilidir. Sənət adamları dəbdəbəli həyat göstərməyə məcbur deyillər. Sadə həyatları bəlkə də onları tamaşaçıya daha çox sevdirəcək. Elə olub ki, kişi müğənnilərdən biri evə bənzəyən bir oteli ev kimi dizayn etdirib, bizi qonaq etdi. Oradakı portretləri göstərib, mənim sənət əsərlərinə marağım var deyirdi.
- Sizin qadağanızda olan sənətçilər varmı?
- Mən 17 ildir ki, jurnalistikadayam. Peşəkarlıq nədir? Bilirəm. Jurnalistika etikasından xəbərim var. Qələmimdən şəxsi tribuna kimi istifadə etmirəm. Hansısa getdiyim tədbirdə sevmədiyim sənətçinin məlumatını qərəzsiz işıqlandırıram. Amma efirdə bunu edə bilmirəm, tamaşaçının qarşısında maskalana bilmərəm. Düşmən olduğum, şəxsiyyətinə hörmət etmədiyim sənətçinin qapısını döyə bilmərəm.
![]()
- Son zamanlar iki qalmaqalınız gündəmdədir. Biri müğənni Vüqar, digəri Faytonçu Nazimdir. Proqramda Nazimin ittiham etdiyi həkimi müdafiə etdiyiniz üçün iddialar səsləndirildi ki, klinikadan pul almısınız.
- Bu məsələyə aydınlıq gətirməliyəm. ELmed klinikası aparıcısı olduğum verilişin sponsorlarından biri olub. Mən layihənin ancaq aparıcısı olmuşam. Kim layihəyə nə qədər xərcləyib, bilməmişəm. Maaşımı alıb proqram təqdim etmişəm. Klinikanın rəhbərliyi ilə yaxından uzaqdan əlaqəm yoxdur. Klinika ilə əməkdaşlıq edirəmsə, hazırkı layihədə niyə sponsor deyillər? İki il sponsorsuzluqdan verilişim yayımlanmadı. Sözlərim yanlış anlaşıldı, mən heç kimi müdafiə etməmişəm. Sosial şəbəkələrdə məni söyürdülər. Böhtan atmaq asandır. Bir ildir ki, 5 illik kreditdə olan maşınımın kreditini ödəyə bilmir. Banka 800 manat borcum qalıb. Maaşa baxan insanam. 17 yaşlı övladım var. Bankların birinə böyük məbləğdə borcum var, anamın əməliyyatı üçün almışam. Pul alsaydım, borcum olmazdı.
- Bəs niyə həkimi müdafiə etdiniz?
- Məhkəmə həkim səhvini sübut etmədən bizim kimisə qaralamağa, ittiham etməyə haqqımız yoxdur. Mən onu demək istəyirdim. Xəstə həkimin səhvini sübut etmədikcə ittiham edə bilməz. Mən o həkimlə dəfələrlə müsahibəyə getmək istədim. Mənə açıqlama vermədi. Vəkili mənə zəng etdi ki, suallarınızı cavablayım. Mənə göstərilən kağızlarda Milli Onkoloji Mərkəzdə Nazimə xəstə diaqnozu qoyulub. Burda digər klinikanın həkiminin günahı nədir? Mən bunu başa salmağa çalışdım. Səhv başa düşüldü. Proqramdan sonra Nazimlə danışdıq, barışdıq.
- Müğənni Vüqarla qalmaqalınız illər sonra niyə yenidən gündəmə gəldi?
- Mən Vüqarla polimika ya da, debata da hazıram. Oturub üz-üzə danışa bilərik. Vüqarın Moskvada döyülmə xəbərini ilk mən üzə çıxarmışdım. Vüqar gecə mənimlə danışdı, açıqlama verdi. Elgizin verilişində də dedim ki, Moskva kimi soyuq yerdə Vüqarın üst geyimi soyundurulub. Deməmişəm ki, Vüqarı lüt ediblər. Sadəcə Vüqar bu məsələdə biabır oldu deyə məni günahlandırdı. İndi də gündəmə gəlmək üçün mənim adımdan istifadə edir. Problemini hər dəfə dilə gətirib, özü-özünü biabır edir. Bilməyənlərə də bildirir. Moskvaya Vüqarı öpməyə aparmamışdılar, döyməyə çağırmışdılar. Orada başına başqa nələr gəlib, özü bilər. Amma bu söhbət artıq məni bezdirib. Vüqar məndən nə istəyir? Açıq müharibə istəyirsə, ondan qorxub çəkinəcək, zəif xarakterli, aciz, cahil qadın deyiləm. Mən hüquqlarımı bilən insanam. Vüqar haqqımda səsləndirilən fikirlərə görə məhkəmə qarşısında cavab verəcək.
- Bir az da övladınızdan danışaq. Bu il ali məktəbə sənəd verdi. İmtahan binasında tüstülənməyə görə imtahanı yarımçıq qaldı. Təhsil məsələsi necə oldu?
- Həmin hadisə bizə böyük stress yaşatdı. Oğlum psixoloji travma aldı. Vəziyyəti ağır olanlardan biri idi. Şükür sonra hər şey yaxşı oldu. Türkiyə universitetlərinin birinə qəbul olundu, amma təhsil haqqını ödəyə bilmədiyim üçün bu il getmədi. Orada belə qayda var ki, 1 il yer saxlaya bilirsən, limitin qalır. Məni rüşvət almaqda ittiham edənlərə deyirəm ki, 1800 manatı ödəyə bilmədiyim üçün oğlum təhsil ala bilmədi. Mən pul alsaydım, oğlumu oxudardım. 3 universitetdən müsbət cavab alsaq da, pulsuzluqdan oxuya bilmədi. Problemlər yaranmasa, gələn il oğlumu oxudacağam.
- Keçmiş həyat yoldaşınız necə sizə kömək etmirmi?
- Mən heç vaxt aliment almamışam. Ünsiyyətimiz yoxdur. Oğlumu bu yaşa tək çatdırmışam. 2-3 ilə çətinliyimiz qalmayacaq. Özümə sığışdırıb heç vaxt kömək istəməmişəm. Oğlumun atasına nə isə demək fikrində deyiləm. Allah canını sağ eləsin. Məndən sonra evlənib, ayrılıb. Inşallah başqa övladı olar, mənim oğluma etmədiyi atalığı ona edər. atalığın nə olduğunu bilər.
- Oğlunuz atasını heç görmək istəməyib?
- Etiraf edim ki, 6-7-ci sinifdə oxuyanda hansısa hadisə onu təsirləndirmişdi. Gəlib gördüm ki, otağının bütün örtüyü yerdədir, mənə dedi ki, atamla görüşmək istəyirəm. başa düşdüm ki, psixoloji olaraq gərgindir. Valideyn olaraq bu mənə təsir etdi. Amma qadın qürurum imkan vermədi ki, atasına zəng edib, oğlun səni istəyir deyim.
- Bu hərəkətinizdən heç peşman deyilsiniz?
- Qətiyyən, peşman deyiləm. O zaman oğlumu psixoloq yanına apardım. Biz ana-baladan əvvəl, dostuq. Dostları ilə münasibətim var. Nə istəyir birlikdə edirik. Birlikdə velosiped sürürük, tennis oynayırıq. Sevdiyi qız var, onu gəlinim olaraq qəbul etmişəm. onun sevgisinə, dostluğuna hörmətlə yanaşıram. O zaman başa saldım ki, böyü, sonra atanla bağlı qərar ver. Illər sonra etiraf etdi ki, ana, sən düz etmisən. Indi görüşmək istəmir. Qarşı tərəf arzulasa da, buna ehtiyac olmayacaq. O mənim balamdır.
- İllərdir ki, yalnızsınız. Niyə ailə qurmamısınız?
- Qətiyyən ərə getməyi düşünmürəm. Evlilik təklifi çox olub. Bəlkə də, o qədər gözəl, cazibədar xanım deyiləm. Zövqündə olduğum insanlar var. Mənə eşq elan edənlər, evlənmək istəyənlər var. Təkliyi seçmə səbəbim oğlumun qəlbini qırmaq istəməməyimdir. Oğlum mənə bağlıdır, heç vaxt qəbul etməz. Ailəm, qardaşım, anam qəbul etməz. Mən cənub bölgəsindənəm. Bizdə qaydalar daha sərtdir. 16 ildir ki, yalnızam, məni belə görüblər.
- Evlənə biləcəyiniz bəy necə olmalıdır?
- Təhlükəli, çətin xarakterli qadınam, sevgiyə dəyər verib inanıram. Amma hər kəsin sevgisinə inanmaram. Mənim kimi qadını hər kişi daşıya bilməz. Xarakterim sərtləşib. Məni sözlə, nəvazişlə inandırmaq olmaz. Mənə sahib ola biləcək insan mənəvi yükümü qaldıracaq, xaraktercə möhkəm olmalıdır. İstənilən hadisədə məndən tez və doğru qərar verməlidir. Madiyyata önəm verməsəm də, bir kişi mənim maddi ehtiyaclarımı ödəyə bilmirsə, onun həyatımda işi olmaz. Özüm özümü dolandıracağamsa, bir kişini həyatıma yük edə bilmərəm.










