Aşkarlanan yoluxmada rekord rəqəm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu məlumatı oktyabrın 25-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 7 nəfər də vəfat edib:
“Azərbaycanda indiyədək ümumilikdə 49959 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 41279 nəfər müalicə olunaraq sağalıb, 671 nəfər vəfat edib, aktiv xəstə sayı 8009 nəfərdir”
Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 10037, hazırkı dövrədək isə ümumilikdə 1291534 test aparılıb.
Rəsmi açıqlamalara görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.
Son həftələr ölkdə koronavirusa yoluxmada artım müşahidə edildiyi bildirilir. Dünən, oktyabrın 24-də ölkədə gündəlik rəsmi yoluxmanın
792 olduğu açıqlanmışdı. Azərbaycanda bu virusa ilk yoluxma halının fevralın 28-də aşkarlandığı bildirilib. O vaxtdan gündəlik aşkarlanan yoluxma heç vaxt 900-ə çatmamışdı.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 100 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.