Əhali arasında yayılmış tənəffüs yolları xəstəliyinin adı açıqlandı

Hazırda əhali arasında rast gəlinən xəstəlik kəskin respirator virus xəstəliyidir. Vaxtında həkimə müraciət etmədikdə ağırlaşmalar müşahidə edilir.
Bunu Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş terapevti Rəhilə Əliyeva bu gün jurnalistlərə bildirib.
R.Əliyevanın sözlərinə görə, xəstəliklərlə bağlı müraciətlər daha çox sentyabr-may aylarında daxil olur.
“Əhali arasında maarifləndirmə aparılmasına ehtiyac var. Zökəm əlamətləri hiss edən şəxslər dərhal həkimə müraciət etməlidirlər. Kəskin respirator virus xəstəlikləri digər xroniki xəstəliklərin da ağırlaşmasına səbəb olur”, - həkim deyib.
Tədbirdə Klinik Tibbi Mərkəzə daxil olan müraciətlər statistikası da açıqlanıb. R.Əliyeva söyləyib ki, müraciətlərin əksəriyyəti ürək-damar xəstəlikləri ilə bağlı olub. Elə ölüm hallarında da bu xəstəliklər liderlik edir. Bundan sonra tənəffüs, mədə-bağırsaq, sümük-oynaq xəstəlikləri ilə bağlı müraciətlər olur.
Klinik Tibbi Mərkəzin iki terapevtik şöbəsinə ötən ilin sentyabr-dekabr aylarında 378 müraciət daxil olub.