Dünya ağalığı ideyasının əsirləri

Onlar fərqli bir dünya qurmaq istəyirlər. O dünyada hər şey vahid mərkəzdən idarə olunmalıdır.
Ən başda Allahdan “mandat almış” xəlifə oturacaq. Xəlifə bütün dünyanın – Avstraliyadan Amerikaya, Çilidən Yaponiyaya qədər Yer üzünün, vahid dövlətin hökmdarı olacaq.
Bütün dünya şəriət qayda-qanunları ilə idarə olunacaq – heç kim Allahdan gələn buyruqlara qarşı çıxa bilməz – cəzası edamdır.
Bu dünyada qadınlara yer yoxdur, onlar özü, üzü, sözü görünməyən, səsi çıxmayan, yalnız kişilərə xidmət göstərəcək varlıqlardır.
Qadınların şəxsiyyət vəsiqəsi, pasportları da ola bilməz. Zatən, onlara hansısa bir sənəd lazım deyil. Vahid dövlətdə sərhəd yoxdur, qadınlar isə kişi qohumları olmadan hərəkət edə bilməzlər.
Bu dövlətdə qadınlar yalnız evdə işləyə bilərlər. Bəs ailə başçısını itirmiş, ailə qurmamış qadınlar nə etsin? Vahid Xilafət bunu düşünüb. Belə qadınlar mütləq ərə getməlidirlər, kiminsə, ikinci, iyirminci qadın köləsi olmalıdırlar.
Bəs bu boyda dünyada yaşayan 200-dən artıq dövlət, 3 mindən artıq millət, dünyəvi və monoetnik dinlər, məzhəblər necə olacaq. Dövlətlərin hamısı ləğv olunur. Vahid dövlət yaradılır. Millətlərin hamısı vahid dildə (ərəbcə) danışır. Onlar bunu öyrənməyə borcludurlar. Dinlər, məzhəblər də ləğv olunur. Hər kəs ərəblərin köləsidir.
Politoloji dildə bunun adına panaribizm deyirlər. Panarabizm ərəb millətinin dünya ağalığı ehtirasını təmin etmək siyasətidir. Qədimlərdən var. Ancaq son 15-20 ildə daha da şiddətlənib, zirzəmilərdən gün işığına, hərbi düşərgələrə çıxıb, təşkilatlanıb, silahlanıb, dünya ilə partizan müharibəsi aparmaq durumuna gəlib.
Yeni Xilafətin ideoloqları qurmaq istədikləri yeni dövlət modelini 1996-2004-cü illərdə Əfqanıstanda həyata keçirmişdilər, istədikləri dövləti qurmuşdular və özlərinə qarşı olanları qıra-qıra idarə edirdilər. Fəqət onların yeni dövlət modelini dünyaya ixrac etmək layihəsi ABŞ-da 11 sentyabr hücumundan sonra əks-zərbəyə məruz qaldı. 2004-də Xilafətin nüvəsi olan Taliban dövlətindəki hökmranlığına son qoyuldu. O zamandan panarabizm tərəfdarları, Xilafət döyüşçüləri qruplar şəklində dünyaya səpələniblər. Onlar Avstraliyada da mövcuddurlar, Filippində də, Kanada da, ABŞ-da, Rusiyada da, Türkiyədə də, Fransada da, İspaniyada da.
Ən son özlərini İspaniyada göstərdilər. Yenə eyni terror stilinə əl atdılar. Bundan əvvəl onlar eyni üsulla Almaniyada, Fransada, Avstriyada terror aktı törətmişdilər.
Bəzən bu terror aktlarını qisas aksiyası kimi qələmə verirlər. Heç də elə deyil. Adamlar qisası sonraya saxlayıblar. Boyun əyməyənlərin kütləvi edamı sonralar, dünya ağalığı təmin ediləndən sonra, aylarla davam edən qanlı şoularla həyata keçiriləcək. İndilikdə törədilən qanlı cinayətlərin məqsədi total qorxu mühiti yaratmaqdır. Panarabizm ideoloqları düşünürlər ki, insanlar təbiətcə qorxaqdırlar və can qorxusu hiss etdikləri zaman tabe olmağa, boyun əyməyə hazır olurlar. Yəni məqsəd kütləvi xof yaratmaq və insanları xofun hakimiyyətinə tabe etdirməkdir.
Terror aktı üçün seçilən məkanlar isə rastgələ seçilmir, araşdırırlar, hansı ölkə təhlükəsizlik sahəsində başısoyuqluğa yol verir, Xilafət döyüşçülərini yaxşı-yaxşı yoxlamır, incələmir, o zaman onlar yavaş-yavaş o ölkəyə sızır, mənzil-qərargahlar düzəldir, rişələnir, silah-sursat toplayır, Xilafətin baş qərargahından əmr gəldikdə isə qanlı terror aktı həyata keçirirlər.
Son on ildə dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda o cür “mənzil-qərargah”ların məhv edilməsi əməliyyatları keçirilib, xeyli döyüşçü yerindəcə öldürülüb, iki o qədər terrorçu həbsə alınıb. Onlar boş buraxılsaydı, özbaşına qoyulsaydı, təbii ki, İspaniyada, Almaniyada, Fransa və Türkiyədə törədilən terror aktlarının bənzərləri ölkəmizdə də törədilə bilərdi.
Bəzən terror təşkilatlarının mövcudluğundan söhbət gedəndə onları ümumi şəkildə “Amerikanın uşaqları”, “Qərbin oyunları” adlandırır, arxalarında ayrı-ayrı dövlətlərin durduqlarını bəyan edirlər.
Burası dəqiqdir ki, istər əl-Qaidə, istərsə də İŞİD, “Boko Haram” kimi terror təşkilatları ayrı-ayrı dövlətlərin himayəsindədir və onların ayırdığı böyük maliyyə hesabına hərəkət edirlər. Onları bir araya yalnız “Xilafət ideyası”nın topladığı absurd iddiadır. Adamlar konkret olaraq böyük pullarla iş görürlər. Son illərdə himayədar dövlətlər artıq bir-birinin üzünə dururlar. Məsələn, Səudiyyə Ərəbistanı ilə Qətərin arasındakı konfliktin səbəbi budur. Səudiyyə Ərəbistanı ABŞ-dan aldığı təlimat əsasında panarabizm ideoloqlarının hərəkətini artıq özü üçün təhlükə saymağa başlayıb və bu avantüradan geri çəkilir.
Bir sözlə, yüz minlərlə ərəb, onların qurduqları terror təşkilatları yeni növ müharibə üsullarından istifadə edərək dünya ağalığı iddiasına düşüblər, dünya onlara müqavimət göstərir. Nəticədə vaxtaşırı olaraq ayrı-ayrı ölkələrdə, ən sakit şəhərlərdə terror aktları baş verir.
Bu elə bir durumdur ki, heç kəs “bizimlə işləri yoxdur” deyə bilməz. Onların hamıyla işləri var. Adamlar bütün dünyada hakimiyyətə gəlmək, vahid dövlət, yeni bir dünya qurmaq istəyirlər.