Azərbaycanca danışıb rusca düşünənlər

Rusiya Dumasının deputatı Yevgeni Fyodorov təxribatçı bəyanat verib. Deputat deyib ki, Kremlin hədəfi – bütün keçmiş sovet respublikalarını tutmaq və “böyük Rusiya”nı bərpa eləmək olmalıdır. Onun fikrincə bu, həm də “tarixi ədalət”in bərpası olacaq, çünki deputatın iddiasına görə, “böyük Rusiya”nın sərhədləri 1991-ci ildə qanunsuz şəkildə pozulub.
BMT üzvü olan ölkələrin işğalına belə açıq çağırışa bəlkə də diqqət verməyib, onu sərsəmləmə də saymaq olardı, əgər bir neçə mühüm detal olmasaydı. Məsələ ondadır ki, bu adam sıradan biri deyil, qeyd edildiyi kimi, deputat mandatı daşıyan və prezident Putinin rəhbəri olduğu hakim Vahid Rusiya Partiyasının Siyasi Şurasının üzvüdür, hakimiyyət eşelonunda ünlü simalardan biri, parlament komissiyasının üzvüdür.
Yəni adam əslində təkcə öz fikrini ifadə eləmir. Yeri gəlmişkən, Putinin özü az öncə ABŞ telekanallarının birinə müsahibəsində SSRİ-nin çöküşündən növbəti dəfə dərin təəssüf keçirdiyini qabarıq şəkildə büruzə vermişdi. Putin demişdi ki, Sovet İttifaqının dağılması ilə bir gündə 25 milyon rus yaşadığı ərazidə yad vətəndaşa çevrilmiş olub. “Bu – böyük ədalətsizlik idi”, - deyə o, postsovet ölkələri ərazisində qalan rusları nəzərdə tutaraq söyləmişdi.
Diqqət yetirildi yəqin, Putin də “tarixi ədalət”in bərpası zəruriliyinə işarə edir. Məgər Kreml başçısının Avrasiya layihələri də elə bunu – deputatın dediyi “böyük Rusiya”nı bərpa etməyi hədəfləməyib? Və yaxud postsovet məkanında etnik-ərazi konfliktlərinin bu günədək Moskva tərəfindən körüklənməsi də eyni hədəfə hesablanmayıb bəyəm? Əlbəttə ki, belədir.
Son vaxtlar şimalda “böyük Rusiya” nostaljisi xeyli güclənib. Az öncə başqa bir rus şovinisti və avantüristi Eduard Limonov Qarabağa qanunsuz səfəri çərçivəsində analoji ekstremist fikirlər söyləmişdi. Kremlin digər “danışan dilləri”ndən sayılan Vladimir Jirinovski isə bu mövzuda az qala hər gün danışır, postsovet ölkələrini hədələyir. Təbii ki, o, özbaşına deyil.
Bu kimi bəyanatların çoxalması şübhə yox ki, təsadüfi ola bilməz və bir neçə ciddi səbəblə bağlıdır. Əvvəla, Moskva bərk narahatdır ki, SSRİ-nin ardınca parçalanma növbəsi iqtisadi cəhətcə zəifləməkdə olan Rusiyaya çata bilər. Və bu əndişə kifayət qədər əsaslıdır.
İkincisi, ABŞ başda olmaqla Qərb SSRİ-yə qarşı tətbiq elədiyi çöküş strategiyasını belə görünür ki, indi də Rusiyaya qarşı sınaqdan keçirməyə başlayıb. Qərbin sanksiyaları yumşaltmaq əvəzinə, getdikcə daha da sərtləşdirməsi eyni məqsədi güdür.
Üçüncüsü, Rusiya daxilində günü-gündən artan narazılıq, sosial etirazlar, iqtisadi vəziyyətin ağırlaşması mərkəzi hakimiyyəti çıxış yolu axtarmaq zorunda qoyur. Kreml üçün ən yaxşı və klassik “çıxış yolu” isə ac-yalavac toplumun “zəif yeri”nə basmaq - rusların imperiya hissləri ilə oynamaq və bu yolla onların diqqətini daxildəki ağır durumdan yayındırmaqdır.
Ancaq iş ondadır ki, Rusiya indi yetərli qüdrət sahibi olmadığı üçün hələlik “tarixi ədalət”i zorla bərpa edə bilmir, bu “missiyanı” bir qədər ertələyib – Krımın işğalından sonra üzləşdiyi çətinlikləri görüb də duruxub. Axı, hər necə olmasa, keçən əsrin 20-ci illərindən fərqli olaraq indi pis-yaxşı beynəlxalq qurumlar, BMT, ATƏT Avropa Şurası var və keçmiş sovet respublikalarının hamısı bu qurumların tam hüquqlu üzvləridir...
Rus başbilənlərinin qafası beləcə hələ də 1-ci Pyotrun məlum vəsiyyəti əsasında çalışdığı halda nə yazıq ki, Azərbaycandan da SSRİ üçün, ruslar üçün hələ də xiffət hissi keçirənlər var. Söhbət öncəliklə Kremlin burdakı gizli-açıq “5-ci kolon”çularından, Pyotr tərəfdarlarından gedir. O sırada azərbaycanca danışıb rusca düşünən deputatlardan biri deyib ki, “Azərbaycan dünyaya rus dili ilə çıxmalıdır, nəinki ingilis dili ilə”.
Qəribədir. Axı biz bu dilə, ruslara ermənidən çox hörmət-rəğbət bəsləyə-bəsləyə nəyə nail olmuşuq? 29 ildə Qarabağ məsələsində Moskvadan bircə dəfə ədalətli mövqe görmüşükmü, rus Ermənistana bircə dəfə “işğalçı” deyibmi, “Azərbaycan torpaqlarından çıx” söyləyibmi?
İndi artıq məlum olur ki, heç vaxt deməyəcək də. Çünki Putin və komandası nəinki Dağlıq Qarabağı, bütövlükdə Azərbaycanı “tarixi Rusiya” ərazisi hesab edir və bunu daha heç gizlətmirlər də...
Beləcə, bizi açıq formada hədələyir, suverenliyimizə, müstəqilliyimiz dil uzadırlar, biz isə bu hədə müəlliflərinə hələ də tərif söyləyir, onları dost-tərəfdaş adlandırırıq.