2019 cu il hansı hadisələrlə yadda qaldı
2019-cı il Azərbaycan üçün bir çox hadisələrlə yadda qaldı. Hakimiyyət bir sıra islahatlara getdi, parlament buraxıldı, şəhərin mərkəzində etiraz nümayişləri keçirildi və s. BBC News Azərbaycanca bu ilin 10 önəmli hadisəsini təqdim edir.
PREZİDENT.AZ
İlham Əliyevin islahatları
Prezident İlham Əliyev 2019-cu ildə bir sıra islahatlar həyata keçirib. Bir sıra nazirliklərin rəhbərləri dəyişdirilib, bəzi dövlət qurumları ləğv olunub və ya birləşdirilib.
O, yeni təyin etdiyi icra başçılarından xalqla ünsiyyətdə olmağı istəyib və deyib ki, onların işi "kabinet işi olmamalıdır".
İlham Əliyev bu il ictimaiyyət arasında tez-tez görünməyə və daha səmimi şəkillər çəkdirməyə başlayıb.
- Azərbaycandakı istefaların və işdənçıxarmaların əhəmiyyəti varmı? Təhlil
- İlham Əliyev niyə belə edir və ya Azərbaycan islahatları nə qədər uzağa gedəcək?
- İlham Əliyev hökumətinə təhlükə daxildəndirmi? Təhlil
- Xədicə İsmayıl: "İlham Əliyev elə təəssürat yaratmağa çalışır ki..."
Oktyabrın 23-də 24 il Prezident Adminstrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev vəzifəsindən azad edilib. 81 yaşlı Ramiz Mehdiyev hazırda Milli Elmlər Akademiyasına rəhbərlik edir.
İlham Əliyev yaşı 70-i keçmiş məmurları istefaya çağırıb və bundan sonra bir sıra istefalar baş verib.
Noyabr ayında isə parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası (YAP) üzvləri parlamentin buraxılması üçün təşəbbüs irəli sürüb. Parlament növbədənkənar iclasa toplaşaraq YAP-ın təklifini müzakirə edib və onu dəstəkləyib. Daha sonra Prezident İlham Əliyev Milli Məclisin buraxılması haqqında sərəncam imzalayıb.
Növbədənkənar parlament seçkiləri isə fevralın 9-na təyin edilib.
DTX
İcra başçısının həbsi
2019-cu il dekabrın 19-da Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarov və Yevlaxın keçmiş icra başçısı saxlanıldı.
Ölkədə ilk dəfə idi ki, icra başçısı öz kabinetində saxlanılırdı. Əməliyyatı Dövlət Təhlükəsizlik Xidməti həyata keçirib.
Əməliyyatı Dövlət Təhlükəsizlik Xidməti həyata keçirib və hadisənin kadrlarını ictimaiyyətlə bölüşüb.
- İlham Əliyev: "Yalan məlumat verən icra başçıları var"
- Azərbaycanda ictimai nəzarət mümkündürmü?
- Prezident Administrasiyası: "Vətəndaşların şikayətinin bir səbəbi də biganəlikdir"
Saxlanan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov vəzifə səlahiyyətlərindən sui-istifadədə, dövlət vəsaitini mənimsəməkdə, külli miqdarda rüşvət almaqda şübhəli bilinirlər.
Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb, DTX açıqlayıb.
Qurum iddia edir ki, Yevlax rayonunun keçmiş icra başçısı Qoca Səmədov üst-üstə 1 milyon manata qədər vəsaiti mənimsəməkdə şübhəli bilinir.
DTX iddia edir ki, Qoca Səmədov işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əməkhaqlarını "ələ keçirib".
Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarovun və Qoca Səmədovun bu ittihamlara münasibəti bəlli deyil.
Daha sonra prezident İlham Əliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevi vəzifəsindən azad edib.
Şəhərin mərkəzində piket və aksiyaların keçirilməsi
Bu il uzun müddətdən sonra ilk dəfə oktyabrın 8-də şəhərin mərkəzində icazəli piket keçirilməsinə icazə verildi. Piketi Milli Şura keçirdi və sərbəst toplaşmaq azadlığının təmin olunmasını tələb etdi.
Piket BŞİH-in inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin arasında yerləşən ərazidə keçirilib. Qanunla piketə 50 nəfər qatılmalı olsa da, daha çox vətəndaş piketdə iştirak etmək istəyib, saxlananlar olub.
- Milli Şuranın piketi: "Qoy görsünlər camaat nə gündədir"
- Milli Şura və paytaxt polisindən qarşılıqlı ittihamlar
Oktyabrın 19-da Demokratik Qüvvələrin Milli Şurası 28 may metrosunun ətrafında razılaşdırılmamış aksiya keçirdi.
Bakı Şəhər İcra Hakimiyyəti bu mitinqi mərkəzdən təxminən 17 km uzaqlıqdakı Lökbatan qəsəbəsində keçirməyi təklif etsə də, Milli Şura bununla razılaşmamışdı. Milli Şura aksiyanın dinc olacağını bildirmişdi.
- "Uşağı necə döydülər, çırpdılar yerə", Milli Şuranın mitinqindən görüntülər
- Milli Şuranın Bakının mərkəzindəki mitinqində saxlananlar var
- 19 oktyabr mitinqi: müxalifət niyə razılaşdırılmamış aksiyaya çıxdı?
Polis qüvvələri razılaşdırılmamış aksiyaya görə Bakının mərkəzində bir neçə saat yolları bağladı, bəzi metro stansiyalarının fəaliyyəti dayandırıldı, internet kəsildi, onlarla adam saxlandı.
Paytaxt polisinin açıqlamasına görə, "qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanıb".
AXCP sədri Əli Kərimli aksiya zamanı saxlandıqdan sonra "polis zorakılığına məruz qaldığını" bildirib.
Polisin mitinqdə iştirakçılarla zorakı davranması ilə bağlı görüntülər yayılıb.
Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Səhlab Bağırov BBC News Azərbaycancaya saxlananlara qarşı polis zorakılığı baş verməsi iddialarını təkzib edib.
Noyabrın 12-də isə Müsavat Partiyasının üzvləri Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında icazəsiz piket keçirməyə cəhd göstərdi.
- "İslahatlar, demokratik dəyişiklər istəyirəm", Müsavat partiyasının piketindən görüntülər
- "Azad söz deməyə qoymurlar", Müsavatın piketində baş verənlər
Piketçilərin tələbi "sərbəst toplaşmaq azadlığının təmin olunması"ydı. İcra Hakimiyyəti piketin keçirilməsinə icazə verməmişdi. Piketin qarşısı alındı, saxlananlar oldu.
Siyasi motivlə həbs oldunduğu deyilən bir neçə şəxsin əfv edilməsi
Martın 16-da prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə "siyasi məhbus" kimi tanınan bir neçə şəxs azadlığa çıxıb.
Əfv sərəncamı ilə keçmiş səhiyyə naziri Əli İnsanov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı, "heykəl məhbusları" kimi tanınan Qiyasəddin İbrahimov və Bayram Məmmədov, 2014-cü ildə keçirilmiş "Əsgər ölümlərinə son" aksiyasının təşkilatçılarından biri olmuş İlkin Rüstəmzadə azadlığa çıxıb.
Bundan başqa keçmiş prokurorluq işçisi Rüfət Səfərov, AXCP üzvü Murad Ədilov, ictimai fəal Elgiz Qəhrəman da əfv siyahısına düşüb.
Ömürlük həbs cəzası almış 3 məhbusun cəzası dəyişdirilərək onların həbs müddəti 20-25 ilə kimi endirilib. Əfv sərəncamı 400-dən çox məhbusa şamil edilib.
Bu il əfv fərmanından başqa da bir sıra siyasi motivlə həbs olunduğu iddia edilən digər şəxslər də ya azad edilib, ya da onların həbs müddəti bitdiyi üçün azadlığa çıxıblar.
Bloqçu Mehman Hüseynov, jurnalist Seymur Həzi, AXCP sədrinin müşaviri Məmməd İbrahim də onlardandır.
Azərbaycan hökuməti ölkədə "siyasi məhbusların" olmadığını və Azərbaycanda heç bir vətəndaşın siyasi fəaliyyətinə görə təqib olunmadığını bildirir.
Elina Hacıyevanın intiharı
Aprelin 4-də 14 yaşlı Elina Hacıyeva özünü təhsil aldığı məktəbin pəncərəsindən ataraq intihar etdi. Yaxınları onun məktəbdə mənəvi və fiziki təzyiqlərə məruz qaldığını bildirib.
Elina Hacıyeva xəstəxanaya aparılsa da, aldığı çoxsaylı zədələrə görə iki gün sonra xəstəxanada vəfat edib.
- скачать dle 12.1