Deputat oğlunun adının çəkildiyi modelin ölümü

Model Günel Mirzəyevanın ölümü ilə bağlı düyünlər açılmağa başlayıb. Deputat Elmira Axundovanın oğlu Həbib Axundov modelin ona məxsus olan yaxtada boğulmasına münasibət bildirib
“Qafqazinfo”ya daxil olan açıqlamada deputatın oğlu hadisənin təfərrüatlarını danışıb:
“... 2017-ci ilin iyunun 24-də Günel Mirzəyeva dostları ilə dənizdə çimərkən boğulub. Həmin gün mən də onlarla idim. Lakin təəssüflər olsun ki, hadisə baş verən zaman sahildə idim. Və bu səbəbdən də hadisələrin gedişatına təsir edə bilmədim. Buna görə dərin peşmançılıq hissi keçirəm. Əgər onun yanında olsaydım Güneli mütləq xilas edə bilərdim. Çünki üzməyi çox yaxşı bacarıram və həyatımda Xəzərdə boğulmaq təhlükəsilə qarşılaşan bir neçə insanı xilas etmişəm.
Buna da bax:
Nazirlikdən gələn sirli məktub - VİDEO
... Demək olar ki, 4 gün boğulmuş qızın meyitini axtardıq. Və bu müddət ərzində Günelin valideynləri və bacıları ilə birgə sahildə olduq. Bu gün də onların yanındayıq. Dostumuzun faciəli ölümündən yaxınları qədər biz də təsirlənmişik. Bu dərd, bu yara ölənə qədər qəlbimizdə qalacaq...
Əlbəttə ki, Günelin ölümü ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılıb. Gizlətməli heç nə olmadığından hadisəni təbii ki, olduğu kimi danışdıq. Hərtərəfli araşdırmadan sonra bu, bədbəxt hadisə kimi qiymətləndirildi və cinayət tərkibi olmadığından işə xitam verildi.
Faciənin ilk günü sahildə olan söhbətlərə gizli-gizli qulaq asan və oğrun baxan yad insanları gördük. Daha sonra həmin insanlar Günelin valideynlərilə yaşadığı evin qarşısında da peyda oldular. Dəfn zamanı isə qəbiristanlıqda şəkillərimi çəkməyə cəhd etdilər. Başa düşdüm ki, bu, 5 ildir mənə və anama – Milli Məclisin deputatı Elmira Axundovaya qarşı mətbuat, xüsusilə də internet-saytlarda sifarişli məqalələri təşkil edən düşmənimin işidir.
Elmira Axundova
Bütün bunlar mənə və ailəmə qarşı yeni kampaniyanın başlanmasına səbəb oldu. Və bu hadisədə ən xoşagəlməz məqam – bəzi saytların ucuz sensasiya dalınca qaçaraq, bütün əxlaqi normaları unudaraq mərhumun adının ləkələməsi, şəxsi şəkil və videolarını dərc etməsi, bununla da Günelin ailəsi və yaxınlarına yeni əzablar vermələridir. Günelin ailəsi bütün bunlardan məndən də artıq hiddətlənib və bildiyim qədər hüquq-mühafizə orqanlarına müvafiq müraciət ünvanlayıblar.
Buna da bax: Deputat oğlu ilə müəmmalı şəkildə ölən modelin əlaqələri olub, yalanları təkzib edən gizlinlər!!! - FOTOFAKTLAR
Sual olunur: əgər düşmənlərimin mənə qarşı hansısa etirazı varsa, o zaman nə üçün öz haqlılıqlarını sübuta yetirmələri üçün məhkəməyə müraciət etmirlər? Nə üçün çirkin kampaniyalar aparmaları üçün mətbuata müraciət etməsini üstün tuturlar? Və bütün bunlara mərhum Günel Mirzəyevanın nə aiddiyyatı var? Cavab aydındır: bu insanlar üçün müqəddəs heç nə yoxdur və onlar bütün əxlaqi dəyər və qadağaları tapdalayaraq öz istəklərinə nail olmağa çalışırlar.
Fövqəladə Hallar Nazirliyinin cavablarına gəldikdə isə, bütün bunlar həqiqətən də saxtalaşdırılıb. Vəkillərimizin sorğusundan sonra Nazirliyin rəsmi cavabını aldıq: “17 oktyabr 2017-ci il tarixdə “Criminal.az” saytının baş redaktoru Anar Şahin oğlu Məmmədov tərəfindən Günel Rəşid qızı Mirzəyevanın ölümü ilə bağlı bədbəxt hadisə barədə informasiya sorğusu verilmişdir.
30 oktyabr 2017-ci il tarixdə informasiya sorğusunda verilən suallardan biri cavablandırılmış, digər suallarla bağlı məlumatın nazirlikdə olmaması barədə ərizəçiyə cavab verilmişdir. Cavaba məktubunun surəti əlavə olunur”.
Cavab nazirliyin Sənədlərlə və Vətəndaşların Müraciəti ilə İş İdarəsinin rəisi Mehriban Səadətxan tərəfindən imzalanıb. Beləliklə də fərziyyələrimiz tamamilə öz təsdiqini tapdı...
Mənə gəldikdə isə, adi insanam, məndən hansısa bədheybət və ya avara düzəltmək lazım deyil. Gənc yaşlarımdan bizneslə məşğulam, zəhmətkeş insan kimi səhərdən-axşamadək çalışıram. 31 yaşım olduğuna baxmayaraq, artıq həyatda nələrəsə nail ola bilmişəm. Bu gün müxtəlif illərdə 100-ə qədər insanın çalışdığı kollektivə rəhbərlik edirəm. Vicdanla işləyərək, vaxtı-vaxtında vergi də ödəyirəm.
Buna da bax: “Həbib Axundovun adını hallandırmayın…” - FOTO
Bir sözlə, biznesimlə istər ətrafımdakı insanlara, istərsə də dövlətimə xeyir gətirirəm. Asudə vaxtlarımda idmanla məşğulam, ekstremal idman növlərini sevirəm. Mətbuatda yazıldığı kimi, xarici banklarda hesabım, digər ölkələrdə villalarım, bahalı maşınlarım yoxdur. Hətta yol hərəkəti qaydalarına da riayət edirəm. Hər-halda Dövlət Yol Polisi İdarəsi bir dəfə də olsun məni cərimələməyib.
Mən ailəmi, Azərbaycanımı və Prezidentimi çox sevirəm. İnanın bu, gurultulu sözlər deyil. Kədərli haldır ki, həyatda uğur qazana bilməyən, öz taleyindən narazı olan bu cür nakam insanlar mətbuat vasitəsilə məni, dövlət qarşısında böyük xidmətləri olan anamı və bütün ailəmi ləkələməyə çalışırlar. Belə olan halda soruşmaq istəyirəm: “Mühakim kimdir?”
Criminal.az saytının saxtakaqlığı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdik. Fürsətdən istifadə edərək Baş Prokurorluğun Criminal.az saytı tərəfindən FHN-in cavablarının saxtalaşdırılması faktını araşdırmasını və günahkarların məsuliyyətə cəlb olunmasını bir daha xahiş edirəm. Həmçinin mənə və mərhum Günel Mirzəyevaya qarşı çirkin kampaniyaya son qoyulması üçün Azərbaycan mətbuatına da müraciət edirəm”.
Buna da bax: Həbib Axundovun dostu əli qandallı Azərbaycana gətirildi - VİDEO
Criminal.az bu məsələ ilə bağlı araşdırma aparıb, model G.Mirzəyevanın ölümünün üzərinə çəkilmiş sirr pərdəsini qaldırmağa çalışıb, əldə olunan məlumatları ictimaiyyətin diqqətinə çatdırıb.
Diqqətli oxucular xatırlayırsa, məsələ ilə mətbuatda ilk gündən ölüm işində məhz Həbib Axundovun adı çəkilirdi. Bildirildi ki, G.Mirzəyevanın Həbiblə münasibəltləri var. Saytımızn əməkdaşı məsələ ilə bağlı H.Axundovla əlaqə saxlamış və o da bildirmişdi:
''Deyilənlərin hamısını yayan bəzi insanlar var. Onların yaydığı informasiyalar sənə də çatıb. İş məhkəmədədir, məhkəmənin nəticəsi barədə məlumat tutarsız. Nə qız məsələsi? Mənim başqa işlərim var. Güneli isə tanımıram. Mənim yaxtam da yoxdur. Mənim daha heç nəyim yoxdur. Özünüz nə istəyirsiz araşdırın. Nə istəyirsiniz yazın. Siz prokurorsuz, polissiniz ki, sizə məlumat gəlir? Sorğu verin, nə cavab alırsınız yazın. Məni daha narahat etməyin. Bu məsələ ilə bağlı heç bir fikrim yoxdur''.
Bundan başqa başqa, E.Axundova da mətbuatda ölüm işindən danışmışdı. Onun Yeniçağ-a açıqlamasından sitat:
“Ölüm hadisəsi baş verəndə Bakıda olmamışam. Ətraflı olaraq oğlumun özündən soruşa bilərsiniz. Lakin onu da deyə bilərəm ki, oğlum da hadisə yerində olmayıb. Orada olan şəxs onun dostu olub. Haqqında yayılan məlumat isə doğru deyil. Oğlum bu hadisədən sonra orada olmadığı üçün heyfsləndiyini bildirib. Əgər orada olsaydı, batan qızı xilas edərdi. Çünki 15 il üzgüçülüklə məşğul olub.
Bu, sadəcə, bədbəxt hadisədir. Burada nə Həbibin, nə də onun dostunun günahı var. Xəzərdə hər yay minlərlə adam boğulub, dünyasını dəyişir. Ümumiyyətlə, Həbibin heç yaxtası olmayıb. Təfərrüatları tam olaraq bilmirəm. Bu hadisəni şişirdənlər də bizim düşmənlərimizdir. Onlar başqasının bu cür hallarına sevinir. Belə düşmənlərə insan adını da verə bilmərəm”.
Həqiqətəin açıqlanması üçün Criminal.az olaraq FHN-ə sorğu ilə müraciət etmişdik. Yeddi sualladan ibarət sorğumuzla bağlı bağlı elektron ünvamıza məktuyb daxil olmuşdu. Həmin məktubda deyilirdi:
Sual:
-Günel Rəşid qızı Mirzəyeva 2017-ci il iyunun 26-da hansı markalı su nəqliyyatı vasitəsi ilə açıq dənizə çıxıb?
Cavab:
-26 iyun 2017-ci il tarixdə Mirzəyeva Günel Rəşid qızının ölümü ilə nəticələnən bədbəxt hadisə K-45 adlı ABB 1278 bort nömrəli Yamaha 242 Limited S tipli gəzinti katerin dənizdə olması zamanı baş vermişdir.
Sual:
-Həmin su nəqliyyatı vasitəsi ölkəyə nə vaxt, kim tərəfindən gətirilib; kimlərin mülkiyyətində və istifadəsində olub?
Cavab:
-Göstərilən gəmi 01 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Axundov Həbib Ramiz oğlunun adına dövlət qeydiyyatına alınmışdır. 17 iyul 2017-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən gəmi H.Axundovun adından dövlət qeydiyyatından çıxarılmışdır.
Sual:
- G.R.Mirzəyeva su nəqliyyatı vasitəsi ilə açıq dənizə çıxarkən həmin su nəqliyyatı vasitəsini kim idarə edib?
Cavab:
- Bədbəxt hadisə baş verən zaman gəminin sahibi H.Axundov gəmidə olub.
Sual:
- Həmin şəxsin su nəqliyyatı vasitəsini idarə etmək hüququ olubmu?
Cavab:
- Gəmi sahibi H.Axundov imtahan verərək 04 iyul 2016-cı il tarixdə Xidmətdən katerləri idarə etmək hüququ verən sürücülük vəsiqəsi almışdır.
Sual:
- Xəzərin Bilgəh qəsəbəsi hissəsində su nəqliyyatı vasitələrinin sahildən hansı məsafəyə qədər üzməsinə icazə verilir?
Cavab:
- Bu tip katerlərin texniki xarakteristikalarına görə sahildən uzaqlaşma məsafəsi 3 dəniz mili olduğu halda, Xəzər dənizinin xüsusiyyətləri nəzərə alınaraq gəmiyə Xidmət tərəfindən sahildən 2 mil üzmə məsafəsi icazəsi verilmişdir.
Sual:
-G.R.Mirzəyevanın ölümü ilə nəticələnən hadisə ilə bağlı rəhbərlik etdiyiniz nazirliyin müvafiq qurumunun səlahiyyət sahiblərinin məsuliyyəti müəyyən olunubmu?
Cavab:
- Gəmi dövlət qeydiyyatina alınan zaman ona keçirilmiş texniki baxış nəticəsində “istismara yararlı" qiyməti verilmişdir. Sözügedən katerin 8 nəfər sərnişin götürmə qabiliyyəti var, 8 sayda xilasedici canlıq və 1 sayda dairə ilə təhciz olunub. Bədbəxt hadisə baş verən zaman gəmi texniki cəhətdən saz vəziyyətdə olub. Bədbəxt hadisənin səbəblərinin və şəraitinin təhlili nəticəsində Xidmətin vəzifəli şəxslərinin məsuliyyəti müəyyən olunmamışdır.
Sual:
- G.R.Mirzəyevanın ölümü ilə nəticələnən olayın baş verdiyi gün onun sərnişini olduğu su nəqliyyatı vasitəsində kimlər olub?
Cavab:
- Mövcud qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınan kiçikhəcmli gəmi sahiblərinin və ya istifadəçilərinin Xidmət qarşısında dənizə çıxma vaxtı və sərnişinlər barədə məlumat vermək öhdəliyi yoxdur.
Bundan başqa redaksiyamıza FHN-dən məktub daxil olmuşdu. Həmin məktubu da oxucuların diqqətinə çatıdırırıq:
''Sizin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ünvanladığınız məktuba cavab olaraq aşağıdakıları bildiririrk:
5-ci suala dair bildiririk ki, su nəqliyyatı vasitələrinin sahildən hansı məsafəyə qədər üzməsi məsələsi Azərbaycan Respublikası 'Nazirlər Kabinetinin 22 oktyabr1998-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş ''Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında'' Əsasnamə ilə tənzimlənir. Digər sorğulanan məlumatın Nazirlikdə olmadığını bildiririk''.
Bildiririk ki, Criminal.az saytı heç bir şəxsə qarşı qərəzli deyil. Cavan bir modelin ölümü ilə bağlı araşdırma aparmışıq və əldə etdiyimiz nəticələri oxucuların diqqətinə çatdırmışıq. Bu gün də məsələ ilə bağlı H.Axundovu, həmin hadisə vaxtı onun yanında olan hər bir şəxsi dinləməyə hazırıq. Eyni zamanda onu da bildiririrk ki, modelin ölümü ilə bağlı Baş Prokurorluğa da sorğu vermişik. Həmin sorğu günlər keçsə də cavablandırılmayıb. Ümid edirik ki, Baş Prokurorluq da sorğumuzu cavablandıracaq və Criminal.az saytı da həmin məlumatları oxuculara təqdim edəcək.
Emil İbrahimli