Mehriban Əliyeva tez-tez xalqa etdiyi hüquqi, sosial, tibbi yardımlarla gündəmə gəlir

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, birinci xanım Mehriban Əliyeva tez-tez insanlara etdiyi hüquqi, sosial, tibbi yardımlarla gündəmə gəlir - birinci vitse-prezident gah kimisə müalicəyə göndərir, gah da kiməsə ev verir.
Onun "yardım əfsanəsi" hətta bəzi həbsxanaların da məşhur müzakirə mövzularındandır.
Keçmiş siyasi məhbus Qiyas İbrahimov BBC News Azərbaycancaya deyir ki, "həbsxanada hər bir hüquqi həll yolundan, qanuni köməkdən əli üzülmüş çarəsiz məhkumlar tez-tez "först lediyə" müraciət yazardılar".
"Bəziləri bundan çox böyük ümidlə danışar, bir çoxları onun qəbul prosesi haqda mifik həddə söhbət edər, biraz dirəşəndə şəxsən görüşülə biləcəyini deyib ard-arda məktublar yazardılar.
Özlərinə ümid vermək üçün ikinci-üçüncü şəxslərdən eşitdikləri, şəxsən tanımadıqları adamların uğur hekayələrini danışardılar ki, guya, kimlərinsə problemi həll olunub", - Qiyas İbrahimov xatırlayır.
Birinci xanımın "minlərlə vətəndaşa etdiyi yardımları" ölkə prezidenti İlham Əliyev də öz çıxışlarında zaman-zaman vurğulayıb:
"Heydər Əliyev Fondunun dəstəyi ilə minlərlə insan tibbi müalicə ilə təmin edilib. Fondun fəaliyyəti məhz ehtiyacı olan insanlara yardım göstərmək, imkan daxilində ən az müdafiə olunan vətəndaşlara öz dəstəyini göstərməkdir", - ölkə prezidenti Mehriban Əliyevanın ötən il birinci vitse-prezident postuna təyinatını açıqlayarkən demişdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: "vətəndaşlar öz problemlərinin həllində Mehriban xanımı humanizm mənbəyi kimi görürlər".
"Bizə daxil olan bütün müraciətlər araşdırılır, lakin bununla yanaşı, vətəndaşlar problemlərinin həllində hər zaman operativlik göstərən Heydər Əliyev Fonduna öz müraciətlərini edirlər, bu da onların seçimidir".
Səhiyyə Nazirliyindən vətəndaşların nə üçün tibbi müraciətlərlə dövlət proqramı əsasında aidiyyatı qurumlara yox, Mehriban Əliyevaya müraciət etməsi ilə bağlı şərh almaq mümkün olmayıb.
"Vəzifə qanundan üstündür"
Bir Azərbaycan vətəndaşının harayına toxunmaq istərdim:
"2012-ci ildə 16-17 yaşlı oğlanlar 8 yaşlı oğlumu zorlamışdılar. Polis məsələni ört-basdır edib işi bağladı, ancaq Mehriban Əliyevanın işə qarışmasından sonra xitam verilmiş işi yenidən açdılar", - vətəndaş Aidə Əhmədova (ad şərtidir) deyir.
O bildirib ki, birinci vitse-prezidentə şikayət edənə kimi "üz tutmadığı dövlət qurumu qalmayıbmış".
"Əvvəlcə bir çox millət vəkillərinə, Ombudsmana, Daxili İşlər Nazirliyinə, Prokurorluğa, Azərbaycanda olan xarici səfirliklərə, bir sözlə, hər yerə müraciət etdim. Lakin heç bir cavab ala bilmədim.
Mehriban xanıma müraciətimin elə səhərisi gün iş yenidən açıldı və biz işi udduq", - Aidə Əhmədova Mehriban Əliyevaya müraciətdən sonra udduğu məhkəmə işindən danışır.
"Dövlət nümayəndəsi olaraq səlahiyyəti var..."
"Mehriban Əliyeva əvvəllər birinci xanım olaraq, indi də vitse-prezident kimi sosial tədbirlərin həyata keçirilməsində müstəsna rol oynayır, sosial qayğıya ehtiyacı olan insanlarla görüşməyə, onların ehtiyaclarının həllinə çalışır,vaxtıkən YAP-ın Siyasi Şurasının üzvü, dırnaq arası deputat Aydın Hüseynov bildirmişdi.
Vətəndaşların niyə aidiyyatı dövlət qurumlarına deyil, məhz birinci vitse-prezidentə üz tutmasına gəlincə, Aydın Hüseynov "xalqımızın ulu öndərimizin irsinə çox böyük hörməti var" vurğulamışdı.
"Hələ 90-cı illərdə xilası onda gördülər. İndi də insanların problemi olursa, Mehriban xanım humanistliyini, insanların problemlərinə qarşı həssaslığını nümayış etdirdiyinə görə, vətəndaşlar ona müraciət edirlər. O, eyni zamanda vitse-prezidentdir, sosial problemlərlə bağlı dövlət nümayəndəsi olaraq səlahiyyəti var ki, bu işləri həll edir."
"Ölkədə vəzifə qanundan üstündür"
"Sosial müdafiə ilə bağlı sualları olan vətəndaşların cavab alması üçün mərkəzlər olmalıdır: "Orada lazımi mütəxəssislər - hüquqşünaslar, psixoloqlar, sosial işçilər olmalıdır".
"İnsanlar yaranmış sualların cavabını qanunvericilik bazasında, sosial mərkəzlərdə tapa bilmədikləri üçün AVTORİTETLƏRƏ ümid bəsləyirlər.Tanıdığım bir çox ailələr var ki, sosial yardım almaq üçün ya prezidentə, ya da onun həyat yoldaşına müraciət edirlər. Ümid edirlər ki, bundan sonra bəlkə yardım alarlar, çünki bu adamlar sözündən çıxılmayan şəxslərdir. Bunun heç bir qanuni əsası yoxdur. Bu onu göstərir ki, ölkədə vəzifə qanundan üstündür.
Halbuki hətta prezident vəzifəsi belə ölkə qanunvericiliyindən üstün olmamalıdır. Təəssüf ki, bizdə bəzi məsələlər subyektiv həllini tapır. Ona görə də insanlar düşünür ki, hamısı bu cür yollardan istifadə edə bilərlər".
"Yardım birinci ailənin öz vəsaitləri hesabına olsaydı…"
İnsanların bir şəxsdən kömək umması "bəzi orqanların işləməməsi və verilən qərarların icra effektivliyinin aşağı olmasından" irəli gəlir
"Azərbaycanda digər alternativlər də məhduddur. Mehriban Əliyeva və ya İlham Əliyev özü maraqlıdır ki, onları bu vəziyyətdə yeganə alternativ kimi görsünlər və onlara müraciətlər çoxalsın.
Bu baxımdan da şikayətlərin onlara ünvanlanması, eyni zamanda, yeganə həll yolunun onların işə müdaxiləsindən keçməsi cəmiyyətdə qəbul olunmuş normadır və ayrı-ayrı vətəndaşlar da bundan istifadə etməyə çalışırlar", - Qubad İbadoğlu deyir.
O əlavə edir ki, həm prezident, həm də vitse-prezident dövlət vəsaitlərindən "öz vəsaitləri kimi" yararlanırlar. "Azərbaycan cəmiyyəti bunu qəbul edir ki, dövlətdə nə varsa prezidentə, birinci vitse-prezidentə və onun ailəsinə məxsusdur".
Ancaq əgər yardım şəxsi vəsait hesabına olmursa, bunu humanistlik adlandırmaq olmaz.Ona görə ki, istifadə olunan vəsaitin mənbəyi dövlət büdcəsidir və ya Prezidentin Ehtiyat Fondu.
Bu baxımdan bunu humanizm kimi qəbul etmək olmur, ancaq cəmiyyət belə qəbul edib.
Cəmiyyət o ayrılmış vəsaitin mənbəyi barədə düşünmür və düşünür ki, elə həmin vəsaitin üzərindəki sərəncam vermək hüququ bunlara məxsusdur. Bu şəxslər bu qərarı veriblərsə, deməli, humanistlik ediblər".
"Vəzifə səlahiyyətlərindən sui-istifadədir"
"Dövlət büdcəsi vəsaiti hesabına belə işlər görmək vəzifə səlahiyyətlərindən sui-istifadədir".
"Heç bir qanunda bu nəzərdə tutulmayıb ki, vitse-prezident dövlət büdcəsindən ayrılmış vəsaitdən kiməsə ev bağışlasın. Dövlət idarəçiliyi effektiv olan ölkələrdə belə məsələlər ayrı-ayrı dövlət orqanları və ya bələdiyyə səviyyəsində həll olunmalıdır".
"Total nəzarət maraqları" və "korrupsiya məsələsi"
Azərbaycanda belə məsələlərdə qərarları yerli hakimiyyətlərin və ya bələdiyyələrin verməməsinə səbəb "total nəzarət maraqlarının olmasından irəli gəlir".
"İstəyirlər ki, hər şey mərkəzdən idarə olunsun və nəzarətdə olsun. Hansısa bir əyalət səviyyəsində və ya yerli səviyyədə idarəçiliyin nəzarətdən çıxmasından, müstəqilləşməsindən ehtiyatlanırlar.Bu prizmadan yanaşırlar.
"Yaxşı padşah nağılı"
İnsanların istər mülki, istərsə də siyasi hüquqları heç bir halda qorunmadığı üçün son çıxış yolu padşahın özünə müraciətdə görülür.
"Bəzən də bu şikayətlər, müraciətlər müsbət cavablandırılır. Azərbaycanda da yaxşı padşah nağılı var. Bu da avtoritar idarəetmə üsulu olan ölkələrə aiddir. Bununla "rəhbər yaxşı adamdır, ətrafı pisdir" imicini qoruyub saxlayırlar. Halbuki, sistemin necə çalışdığını yuxarılar bilmir deyə bir şey yoxdur", - Alya Yaqublu bildirir.
"Sistem belə olmasa, avtoritar ola bilməz, qala bilməz, çalışa bilməz".
"Elə olsaydı, vətəndaşların bütün haqq və hüquqlarının təmin olunduğu demokratik quruluş olardı, bu isə avtoritar idarəedicilərə sərf etməzdi. Sistemi bu şəkildə özləri saxlayırlar.
İnsanların dərdlərinin əlacının başqa yerdə tapılmaması onların müəyyənləşdirdiyi idarəetmə mexanizmi, sistemidir. Arada da bəzi şikayətləri müsbət cavablandırmaqla digərlərinə bir ümid yeri saxlayırlar ki, sizin şikayətləriniz mənə gəlib çatsa, sizi xilas edərəm.
Yəni digərləri pisdir, amma MƏN yaxşıyam, mesajını vermək istəyir"
Azərbaycanda məhkəmələrin öz təyinatı üzrə qərar "verməməsi" və "müstəqil olmaması, qanunun aliliyini təmin etməyə başqa variantın olmaması vətəndaşları rəhbərlərə - birinci şəxsə müraciət etməyə vadar edir.
Emil İbrahimli