SSRİ dərdi çəkənlərə təsəlli mesajı “Lenin yaşayıb, Lenin yaşayır, Lenin yaşayacaq”...
Bu gün - 7 noyabr postsovet məkanındakı, özəlliklə də Rusiyadakı kommunistlərin bayramıdır. Düz 101 il öncə baş verən Böyük Oktyabr Sosialist İnqilabı sayəsində Çar Rusiyası qiyafəsini dəyişərək bu dəfə sovetlərin qırmızı bayrağı altında yeni bir imperiyaya çevrildi.
Rusiyada indi kommunistlər çoxluqda deyil. Ancaq bu dəqiqə onun siyasi elitasında, hətta rəhbərliyində kommunist əqidəli və düşüncəli, SSRİ xiffəti çəkənlər yetərincədir. Onlar SSRİ-dən qopmuş yeni müstəqil dövlətlərdə obyektiv səbəblərdən yaşanan iqtisadi problemlərə bir qayda olaraq sevinir, postsovet ölkələrin inkişafını əsla arzulamır, bunu ağrılı qəbul edirlər, yeni dövlətlərin iqtisadi və başqa uğurlarından bərk dilxor olurlar.
Onlardan biri elə özünü Rusiya liberal-demokratlarının (?!) lideri sayan Vladimir Jirinovskidir. Jirinovski az qala hər gün Ukraynada yaşanan çətinliklərdən sevincini gizlətmir, “Görürsüz, Ukrayna Rusiyasız yaşaya bilmir və tezliklə bizə birləşməlidir, xilas Rusiyadır” deyir. Qarabağ məsələsinin “həllini” də o, yalnız Azərbaycan və Ermənistanın Rusiya tərkibində olmasında görür. Liberal-demokratik dəyərlərə təhqir olan bu şəxs kommunist-bolşeviklərə nifrət edir, amma kommunistlər kimi qırmızı imperiyanın xiffətini çəkir. Hətta bir ara o, Rusiyada prezidentlik institutunu ləğv edib Putini çar elan etməyi təklif etmişdi. Liberal-demokrata bax!..
“Sovet İttifaqının çöküşü XX əsrin ən böyük faciələrindən biridir”. Bunu isə Rusiya kommunistlərinin lideri Gennedi Züqanov yox, Rusiyanın hazırkı prezidenti, özünü əsla kommunist hesab etməyən Vladimir Putin deyib.
Cənab Putin yalnızca SSRİ nostaljisi ilə yaşamır. Həm də altdan-altdan onun hansısa formada zühuru üçün, SSRİ-ni “pereformat” eləmək üçün illərdir planlar cızır, əlləşir. Avrasiya İqtisadi Birliyi, “Rus NATO-su” adlanan KTMT layihələri bu hədəfə yönəlib. Eyni məqsədlə Rusiya əksər MDV ölkələrində hərbi bazalar saxlayır. Rusiya Dövlət Dumasının komitə sədrinin müavini, erməni yanlısı və avantürist Konstantin Zatulin o gün boşuna deməmişdi ki, həmin hərbi bazalar Rusiyadan kənarda gözəllik üçün yaradılmayıb. Yəni fürsət düşən kimi hərbi müdaxilə məsələsi.
Bilməyənlər onu da bilsin ki, məhz Putin dönəmində SSRİ-nin himni Rusiya himni kimi qəbul olunub - yalnız sözləri dəyişdirilərək. Təsadüfmü? İnanmırıq. Bu, postsovet ölkələrinə bir mesajdır ki, sovet dövləti hələ dəfn edilməyib. Necə ki, proletariatın dahi rəhbəri Lenin indiyədək torpağa tapşırılımayıb.
Leninin hələ də mavzoleydə saxlanması Rusiya dövlətinin ona rəğbətindən çox, SSRİ dərdi çəkənlərə təsəlli mesajıdır. Sovet dönəmində məşhur olmuş sözlərlə desək, “Lenin yaşayıb, Lenin yaşayır, Lenin yaşayacaq”...
SSRİ-nin çöküşünü beləcə Rusiyada faciə hesab edirlər. Amma SSRİ niyə çökməməli idi ki? Zülmlə abad olan bir gün bərbad olmalıdır. Xalqlara 30-cu illərin amansız repressiya sitəmi edən, Allah evlərini uçuran dinsiz-imansız dövlət niyə də tarixə gömülməməli idi?
Qırmızı imperiya Şərqdə ilk demokratik cümhuriyyət olan AXC-nin süqutunun da baiskarıdır. Ancaq kələklə gəldi, küləklə getdi. Nə yaxşı ki, müstəqil Azərbaycanda doğulan uşaqlar artıq 29 yaşın içindədir. Onlar Sovetlər Birliyini görməyiblər. Görməyəcəklər də. Müstəqilliyimizin ən etibarlı insan materialı və kapitalı da məhz onlar və onlardan sonra gələcək nəsillər olacaq. Çünki onları heç vaxt Rusiyanın “5-ci kolonu” etmək mümkün olmayacaq.
Tarixin acı ironiyasına bax ki, 99 il öncəki kimi, bu gün də Azərbaycan eyni düşmənlə - ipi Rusiyanın əlində olan Ermənistanla, rusun tulası və maşası ermənilərlə cəngi-cidadadır. Beləcə, bir əsrdən çox ötsə də, əsr dəyişsə də, düşmənimiz dəyişməyib. Müstəqilliyimiz yenə eyni təhlükə-təhdidlə qabaq-qənşərdir.
Ancaq ən qorxulusu bu deyil. Odur ki, müstəqilliyimizə real təhlükə öz içimizdən yarana bilər - 1920-ci ilin aprelindəki kimi. Yəni nə vaxtsa, bu müstəqilliyi bir dəyər olaraq layiqincə qoruya bilməməyimiz, ona laqeydliyimiz, ondan bezə biləcəyimizlə bağlı təhlükəni deyirik. Allah bizi o gündən qorusun!..
Emil İbrahimli










