Dünən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları
Milli Şuranın sədri Cəmil Həsənli İlham Əliyevin son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmadığı ilə bağlı bəyanatına münasibət bildirib. C.Həsənlinin bununla əlaqəli facebook statusunda deyilir: “Vallah gülməlidir! 16 ildir büdcə təşkilatlarında çalışan 600 mindən çox işçiyə günlük 2 dollar 30 sent, yəni aylıq 76 dollar əmək haqqı verən, hazırda minim və orta əmək haqqının həcmi qonşu Gürcüstandan və Ermənistandan aşağı olan ölkənin başçısı İlham Əliyev dünən bəyan edib ki, son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Görən Azərbaycan belə “sürətlə” inkişaf etməsydi minimum və orta əmək haqqı nə qədər olacaqmış? Bunda işimiz yox.
Dünən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda diqqəti cəlb edən başqa bir məqam idi. Tərif və hökmdarın vəsfi ərşü-əlaya qalxmışdı. Tabeçiliyində olan bir məmurun öz müdiri haqqında belə danışması iqtisadiyyatın deyil, totalitar düşüncənin hərtərəfli inkişafının aydın təzahürüdür. Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirovun çıxışını nəzərdə tuturam. Köməkçi öz çıxışına belə başlayır: ”Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyası 2003-cü ildən etibarən, möhtərəm cənab Prezident, Sizin tərəfinizdən uğurla inkişaf etdirilərək çox böyük nailiyyətlərə imza atılmışdır.” Sonra Natiq müəllim sözünə belə davam edir: “Mən burada xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanımın xidmətini qeyd etmək istərdim.” Yenidən tərifin ünvanı yönəlir prezidentə “Sizin tapşırığınıza əsasən biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlar üçün əlverişli biznes mühiti qurulması sahəsində çox ciddi addımlar atılmışdır… Cənab Prezident, bu dövr ərzində Sizin təşəbbüsünüzlə başlanılan və liderliyinizlə həyata keçirilən meqalayihələr… Azərbaycan iqtisadiyyatına öz töhfəsini verməyə davam etmişdir…. Bu sahədə, cənab Prezident, Sizin apardığınız islahatlar, bilavasitə rəhbərliyinizlə həyata keçirilən iqtisadi canlanma təkcə qeyri-neft məhsullarının ixracında bir milyard dollarlıq artımla nəticələnmişdir… Sizin tapşırığınıza əsasən, elektrik enerjisi sisteminin modernləşdirilməsi, kommunal xidmətlər sektorunda səmərəliliyin yüksəldilməsi istiqamətində müvafiq qurumlar tərəfindən tədbirlər hazırlanaraq həyata keçirilir.” Hələ görün çıxışının sonunda iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçi öz bosuna nə deyir: “Sizin həyata keçirdiyiniz islahatlar, Sizin həyata keçirdiyiniz siyasət Azərbaycanı bütün bölgədə təhlükəsizlik adası halına gətirməklə gələcək inkişafın qarantı qismində çıxış edir.” 25 ildir ölkənin ərazisinin 20 faizi işğal altındadır bunlar “təhlükəsizlik adası”ndan dəm vururlar. Görünür işğal altında olan Azərbaycan ərazilərinin bu “təhlükəsizlik adası”na aidiyyəti yoxdur. Son 10 ildə dövlət büdcəsindən birbaşa müdafiə xərcləri adı altında 21 milyard 954 milyon 200 min manat vəsait ayrılıb. Bu “təhlükəsizlik adası”nın müdafiə xərclərindən nə qədər vəsait gizli yollarla ofşorlara ötürülüb?
Əsl həqiqətdə iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçinin 3 ayın yekunlarına görə hökumətin iclasında deyəcəyi çox mətləblər var idi. Məsələn, bu təriflər əvəzinə Natiq Əmirov Azərbaycan vətəndaşlarının minimum və orta əmək haqqının, pensiyaların orta göstəricilərinin qonşu respublikaların müvafiq göstəricilərindən niyə aşağı olmasının iqtisadi səbəblərini izah edə bilərdi. Möhtərəm köməkçi aydınlıq gətirməli idi ki, hansı uğurlu iqtisadi siyasət nəticəsində hesabat dövründə ölkəyə idxal mallarının həcmi 49% artıb, yerli malların bazarda payı 71%-dən 33%-ə enib, qiymətlər məhsul bazarında 14 faizdən çox artıb. Məsələn, dövlət başçısının iqtisadi məsələlər üzrə köməkçisi həyəcan təbili çala bilərdi ki, 2019-cu ilin ilk aylarında yalnız məhsul bazarında 14 faiz bahalaşma minimum əmək haqqı və pensiya məbləğinin, tələbə təqaüdlərinin, müavinətlərin artırılmasına dair İlham Əliyevin imzaladığı son sərəncamların faydalılıq əmsalını heçə endirir. Regionların sosial-iqtisadi inkişafına dair artıq dördüncü proqrama start verilməsindən vəcdə gələn köməkçi nədən 60-70 milyarda yaxın vəsaitin xərcləndiyi regionlarda işsizliyin baş alıb getdiyinin, bu qədər xərc-xüracdan sonra Bakıdan kənar bircə rayonun, bircə şəhərin belə öz yerli büdcəsinin hətta 30 faizini ödəyə bilməməsinin sirrini izah etsəydi pis olmazdı. Hanı NazLifan, hanı Gəncə avtomobil zavodu, hanı İsmayıllı velisoped zavodu, ötən ilin mayında istifadəyə verilmiş Neftçala avtomobil zavodundan nə xəbər var? Niyə vəd edilən qeyri-neft sektoru iqtisadi arzu olaraq qalır. Ölkənin fəxr etdiyiniz 10 miyonuncu sakini dünyaya faktiki 1517 manat, imzalanmış sazişlər üzrə isə 3000 manata yaxın borcla qədəm qoyduğunun fərqindəsinizmi? Deyirsiniz 15 ildə 2 milyon iş yeri açmısınız, axı elə həmin illərdə 2 milyondan artıq əmək qabiliyyətli əhali ölkəni tərk edib. Bəlkə dəqiqləşdirəsiniz: bunlardan hansı doğrudur? Beş il bundan əvvəllə müqayisədə ölkədə adam başına düşən ümumi daxili məhsul 7891 dollardan 4780 dollara düşüb. Belə görünür ki, sizin öz statistikanızın bu rəqəmlərdən xəbəriniz yoxdur, olsaydı “son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır” kimi gülməli fikri dilə gətirməzdiniz”.