Demokratlar və demokrat kimi görünənlər
ABŞ prezindeti D.Trampın ölkə mətbuatına, ümumiyyətlə, mediaya münasibətinin özəl səbəbləri bir yana, bunun dünyanın digər kəsimlərində, xüsusən də avtroritar rejimlərdə necə bir məmnunluqla qarşılandığın düşünürük ki, əsaslandırmağa elə bir ehtiyac yoxdur.
Bu rejimlərin liderləri Tramp tərəfindən ölkələrində söz azadlığının və mətbuatın vəziyyətinə görə heç bir vaxt qınanmayacaqlarına əmin ola bilərlər. Çünki Trampın özünün ən böyük “problem”lərindən biri də elə azad söz və mediadır.
Bilirsiniz, həqiqətən gülünc vəziyyətdir. Başa düşürük, istənilən siyasətçinin hansısa media orqanına, bəli, total mətbuata və ya mediaya qarşı yox, konkret bir qəzetə, radioya və ya televiziyaya, burada səslənmiş hər hansı fikrə və ya süjetə iradı ola bilər - bu, tamam normal bir haldır, çünki heç nə ideal olmadığı kimi, media da ideal deyil, burada çalışanlar insanlar da qərəzli ola və ya səhv edə bilərlər.
Amma durub cəmi mediaya qarşı savaş açmaq tamam gülünc bir məsələdir, heç halda nə Amerikaya, nə də Trampın özünə başucalığı gətirən məsələ deyil, ona görə ki, ölkə konstitusiyasına ilk on düzəlişin birinci maddəsi söz və ifadə azadlığı ilə bağlıdır.
Hətta onu da başa düşürük ki, siyasətçilər azad sözə, ümumiyyətlə, azadlığa münasibətinə görə iki qrupa bölünürlər: əsl demokratlar, bir də demokrat olmağa, daha doğrusu, demokrat kimi görünməyə məcbur olan siyasət adamları.
Birincilər, həmişə az, barmaqla sayılası qədər az olurlar. Bunlar əsasən bu və ya digər ölkənin tarixində önəmli yer tutan insanlardır. Sanki onlar həmişə tarix üçün, nümunə üçün yaşadıqlarının fərqində olurlar və azad institutlara, azad sözə münasibətdə elə mövqe tuturlar ki, sonradan bunlar bir nümunə kimi xatırlansın. Güman ki, hər ölkənin tarixində iki-üç belə adamın adını çəkmək olar.
Digərləri, ikinci qrup isə daha çox üstünlük təşkil edir. Bunlar ya müəyyən müddətə seçilmiş və adətən hakimiyyətləri müddətindəki insanlardan savayı heç kimin yadında qalmayan, necə deyər, adi siyasi liderlərdir. Biz bunları həmişə “zorən demokrat”lar, cəmiyyətin və yaxud da beynəlxalq institutların təzyiqindən ehtiyat edərək demokrat kimi görünməyə məcbur olanlar kimi qeyd edirik.
Əlbəttə ki, bu insanlara da sayğı ilə yanaşmaq və hətta dəyər vermək lazımdır, o səbəbdən ki, bu adamlar üçün də hansısa bir meyar mövcuddur, onlar azadlıq və demokratiya məsələlərinə qəlblərinin gizlinliklərində dərin bir rəğbət bəsləməsələr də, hər halda, cəmiyyətin nəzərində, dünyada neçə görünmələri onlar üçün heç də əhəmiyyətsiz bir məsələ deyildir. Bütün hallarda onlar cəmiyyətdəki dəyərlərlə, oyun qaydaları ilə hesablaşan kəslərdir - hətta özlərini buna çətinliklə məcbur etsələr də...
Məsələnin qəlizliyi ondadır ki, dünyada bu ikinci qrupdan da “seçilən” və ayrı cür təsnif edilən avtoritar liderlər də var: bax, onlarçün demokratiya, söz və ifadə azadlığı, müxtəlif demokratik təsisatlar heç bir önəm kəsb etmir: onlar yaddaşlarda daha çox yasaqları və qadağaları ilə, demokratik institutlara təpkilərilə qalırlar.
Bunu ona görə incəliklərinədək qeyd edirik ki, Tramp ən azı ikincilərdən, demokrat kimi görünməyə məcbur olanlardan olmalı idi və ürəyində qəzetlərdən, elektron mediadan acıqlı olsa da, başa düşməli idi ki, ABŞ-da total mediaya qarşı ittihamlar səsləndirmək nəinki gülünc bir işdir, hətta eybəcərlikdir.
Əlbəttə, cənab Trampın mediaya yönəlik isterik ittihamları nəticə etibarilə heç nəyə səbəb olmayacaq, çünki ABŞ azad ölkədir və nəinki bir Tramp, hətta on Tramp olsa belə, bu vəziyyəti dəyişə bilməz, çünki bu, onun üçün Helsinkidə mənalı-mənalı Putinə göz vurmaq deyil, əgər mediaya, azad sözə xor baxarsa, onun vurub lap gözünü çıxararlar.
Bunun, sadəcə, başqa tərəfləri var. Birincisi, bu vaxtadək ABŞ diplomatiyasında demokratiya və insan haqları məsələsi həlledici bir nisbətdə olmasa da, hər halda müəyyən çəkiyə malik olub. Hərçənd, bir daha deyirik ki, “insan haqları diplomatiyası” daha önəmli diplomatiya üçün - geosiyasi diplomatiya üçün bir alət olub. Amma hər bir halda, dünyanın böyük dövlətinin belə məsələləri diqqətdə saxlaması motivindən asılı olmayaraq digər ölkələrdə demokratiyanın vəziyyətinə tamamilə təsirsiz ötüşmürdü.
İkinci ən qəliz detal Tramp kimilərdən, onların səsləndirdikləri bəyanatlardan dünyanın avtoritar kəsimlərində çıxarılan nəticələrdir və bu, ən təhlükəli məsələdir. Çünki Trampdan fərqli olaraq belələrinin qarşısında daxili maneələr yoxdur: onlar istənilən qəzetin və yaxud media strukturunun fəaliyyətini dayandıra, jurnalistləri açıq şəkildə təqib edə və hətta Misir prezidenti əs-Sisi kimi “Burada yaxın iyirmi il ildə heç bir demokratiya olmayacaq!” deyə bilərlər. Bax, qorxulusu budur...










