Sonrakı ağlımız
“Dün kaşı kuzəmi daşlara çaldım,
Sərxoşdum, bilmədim əlimdən saldım.
Kuzə dilə gəlib dedi ki: mən də,
Sənin kimi idim, bu günə qaldım”.
(Məhsəti Gəncəvi)
Dilimizdə guya ermənilərin dediyi bir ifadə özünə möhkəm yer tutmuşdur: “Müsəlmanın sonrakı ağlı məndə olsaydı...” Bunun ermənilər tərəfindən səslənməsinə niyə inanmıram, öncə onu yazım. Bax, son günlər ermənilər Qarabağda bizə qarşı vəhşilik eləmiş neçə adamlarını tutub zindana soxmaqdadır. Ən son keçmiş prezidentləri Köçəryanı qoduqluğa basıblar. Deməli məntiqlə bunu cinayətkar sayarkən biz əvvəlki ağlımızla erməninin indiki ağlından üstün olmuşuq. Şair demişkən: “Hamı mənə tərəf gəlir, Mən durmuşam yerimdə”.
Ancaq ümumən məsəl özü maraqlı məsəldir. Məncə bunu elə biz özümüz özümüzə aid yaratmışıq. Özünütənqid ruhu axı bizdə həmişə güclü olmuşdur. Yada salın: “Bizim millət düzələn deyil”, “bizdən adam olmaz”, “hamımız pis gündəyik” və sairə tipli ümumiləşdirmələri. Demirəm bunlar yalandır, ancaq doğrudur da demək olmur. (Ən yaxşısı siyasətə qarışmayasan). Əvvəlki ağlımızın azlığını isbat edən min dənə fakt var, lakin sonrakı ağlımızın çoxluğunu, necə deyərlər, səbirli və dözümlü olmağımızın da xeyrini isbata ehtiyac yoxdur.
Örnək üçün, Türkiyədə Adnan Oktar adlı bir fırıldaqçını tutub zindana salıblar. İndi türk mətbuatı sənəd çıxardır, deyirlər Oktarın dəlilik kağızı var, şizofrendir, nə bilim nədir. Olmadı ki. Bəs bu lotunun cızmaqaraları Azərbaycanda da yüz minlərlə tirajla basılanda, Darvindən Mendelə qədər hər bir alimi “yalançı” çıxardanda niyə susurdunuz? Utanmırsınız? Az qalırdı Adnan müəllim Şeyx Nəsrullah kimi ölü diriltsin. İndi isə bir dəlinin dalıyca düşdüyümüz bəlli olur. Neçə yüz milyonluq türk dünyası üçün böyük ayıbdır. Ağıllımızın qabaqda gedən zəncirli olduğu ortaya çıxmışdır.
Yaxud, təzəlikcə fərman verildi, Bakıda şəhərsalma, arxitektura-zad işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (DŞAK – bunun necə qəşəng abbreviaturası vardır, Allah bütün nazirlik və komitələrimizə qismət eləsin) aid olundu. Sən demə indiyəcən paytaxtın memarlığına əncam çəkmək Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) səlahiyyətində imiş. Əcəb işdir. Bəs DŞAK o zaman indiyə qədər nə iş görürmüş? Kəndlərin memarlığına baxırmış? Axı bu gülməlidir ki, adında “şəhərsalma” kimi zırpı söz birləşməsi gəzdirən yarım kilometr uzunluğunda bir komitə ölkənin əsas şəhərinin arxitekturasına əncam çəkə bilmirmiş. O cümlədən, qarı şey olub qapı örtüləndən sonra paytaxtın memarlığına nəzarəti, tikintilərə icazəni DŞAK-a verməyin mənası nədir? Komitənin yerinə sənsən, mənəm – nə edəcəyik? Faktiki heç zad. Ara yerdə Hacıbala müəllimin blatı qalxdı, çünki elə çıxır yalnız onu BŞİH-dən aralayandan sonra idarənin səlahiyyətlərini azaltmaq mümkün olmuşdur.
Diasporla iş komitəsinin keçmiş sədri Nazim müəllimin qardaşını tutublar. Deyir bu, saxta işlərlə məşğul olur, dələduzluq edir, bir mənzili iki-üç adama satırmış. Hətta bunun dələduzluğundan zərərə düşən keçmiş nazirlər də tapılıbdır. Nə maraqlı... Ancaq bəs bu adamın dələduzluğu qardaşı nazir olanda niyə bilinmirdi? Sonrakı ağlımız nədən bu qədər gec işə düşdü?
Ümid edək bundan sonra ağlımızı dərhal işlədərik. Elə AMEA Tarix İnstitutu nəzdində “Strateji düşüncə və konseptual tarixi araşdırma mərkəzi” yaradılması bizim proseslərə diqqətli yanaşacağımızdan xəbər verir. AMEA-dan verilən məlumata görə bu mərkəz “Azərbaycanın ümumdünya tarixindəki yeri və roluna dair prioritet istiqamətləri müəyyən edəcək” (sitatın sonu). Bir nəfər var, babasının adı İsgəndərdir, kitab yazıb, orda belə nəticə çıxarıb ki, ulu babası Makedoniyalı İsgəndərdir. Nədənsə bunu xatırladım. Bir də Müsavatın keçmiş başqanı İsa bəyin nəsə belə strateji düşüncə mərkəzi var idi, ancaq deyəsən çox düşünmək İsa bəyə düşmədi, səhhəti korlanmışdı. İnşallah, bizim tarixçilərin başına bir iş gəlməz.










