Qəzza zolağı

“Damara baxıb qan alarlar”
(Azərbaycan ata sözü)
Dünyadakı milyard yarım müsəlman camaatının bir nümayəndəsi olaraq hazırda mən də İsrailin Qəzza sektorunda törətdiyi qırğınlardan narahatam. Doğrudur, mənim narahatlığım uca şeyximiz Allahşükür Paşazadənin, ərəb şahzadələrinin, həmçinin, Misir və Türkiyə padşahlarının narahatlığı qədər deyildir, ancaq özümə görə, balaca da olsa narahatçılıq çəkirəm. Deyir, bir gün sufi dərvişindən soruşurlar ki, Bakı-Ceyhan neft kəmərindən qidalanan dövlətlər arasında İsrail neçənci yerdədir, dərviş saqqalına tumar çəkib gah yerə, gah göyə baxır, ərz edir: “Balalarım, yanğın olanda bir sərçə dimdiyində su daşıyıb alova tökürmüş. Soruşublar sən qayırırsan, sərçə deyib, qaqa, mənim də imkanım buna çatır”. Maraqlı rəvayətdir.
Qəzza sektoru deyəndə bir az yekə çıxır, əslində maraqlansanız ora bizim Zərdab rayonunun yarısı boyda da deyildir. Müqayisə asan olsun deyə rəqəmləri yazıram: Zərdab 856 kvadrat kilometrdir, Qəzza isə cəmi 360 kv/km. Ancaq bir şey də var ki, Zərdabın “o boyda” ərazisində 58 min nəfər yaşayır, Qəzza sektorunda isə 1 milyon 800 min nəfər! Orada inanılmaz dərəcədə əhali sıxlığı, kasıbçılıq var, eyni zamanda camaatın yarıdan çoxu 15 yaşa qədərdir! Yəni, Qəzza sektoru nəinki ərəb aləmində, ümumən bütün dünyada ən çox əhali artımı olan ərazilərdən biridir. İsrail bir yandan qırır, Qəzza sektorundakı müsəlmanlar isə sanki acığa artıb-çoxalırlar. Elə son günlər Amerika səfirliyinin Qüdsə köçürülməsinə etirazlar zamanı 50-60 nəfəri güllələyib öldürdülər.
Əlbəttə, dünya müsəlmanların qırılmasını vecinə almır, çünki ilk növbədə müsəlmanların özlərinin bu vecinə deyildir. Biz əsasən o biri dünyaya hazırlaşırıq, bu dünyadakı işlərə o qədər vaxtımız yoxdur. Qəzza sektorundakı toqquşmaların fotolarına baxarkən mən bir qrotesk detala diqqət elədim. Orada ərəblər yəhudi əsgərlərin müasir silahlarına sapandlarla müqavimət göstərirlər. İsrailin, yəhudilərin ədalətli çar simvollarından biri, David ulduzunun da adını aldığı məşhur çar David “Tövrat” əfsanəsinə görə nəhəng Qoliafı məhz sapandla vurub öldürmüşdü. Neçə min il qabaq. Dədə Qorqud dastanında bizim Qaraca çobanın da əsas silahı sapand idi. Min illərdir köhnəlmir bu silah...
Belə düşüncələr içində yaxınlıqdakı parkda gedərkən qarşıma əcaib bir lövhə çıxdı. Orada it, insan və velosiped şəkli çəkilmiş, “Restoran ərazisində gəzmək qadağandır” yazılmışdı. Bu, bizim rayonun qədimdə axar-baxarlı, geniş parklarından biri olmuşdur. Ancaq park dəfələrlə işğala məruz qalmışdır və hazırda elə Qəzza boyda qalmışdır. Böyük bir hissəsini 20 ildir hansısa axmaq mənimsəyibdir, Böyük Çin səddi boyda hasarlar çəkibdir, heç arxasında nələr olur kimsə bilmir. Deyirlər bu hissə keçmiş nazirlərdən birinin oğluna məxsusdur. İndi qadağan lövhəsi vurulan hissə isə parkın ənənəvi gəzinti zolaqlarından biri idi. Belə çıxır daha biz parkda gəzə bilmərik. Buranı restorana hansı quldur verib? Bəlkə dünən çıxarılan icra başçısı son anda satıb?
Özümə də gülməli gəldi ki, Qəzza sektorunun dərdini düşünən adamın daha yaşadığı rayondakı parkda gəzməyə hüququ qalmayıbdır. Bəs biz indi nə edək? Sapand götürüb restorana hücuma keçək? Bəlkə təkər yandırıb tüstüsünü ora üfürək? Yox. Bu bizə yaraşmaz. Biz fələstinli deyilik, biz regionun ən lider dövlətinin sakiniyik. Hətta ABŞ prezidentinin ruslarla əlaqəsini düzüb-qoşan adamın biri azərbaycanlı manıs çıxdı. Ən doğru yol hüquqi addımlar atmaqdır. Buna görə də mən ərazinin sahə müvəkkilinə şikayət ərizəsi hazırladım, orada yazdım ki, ictimai ərazi olan istirahət parkına bu cür murdar lövhə asmağa heç kimin ixtiyarı yoxdur, qanunsuz hərəkətin qarşısını alsınlar, qoy millətdə ruh yaşasın və sairə. Ərizəni polisə vermək üçün yaxınlaşanda gördüm ki, onlar qanunsuz küçə ticarəti ilə məşğul olan Badambura xalanı göyərti səbətiylə birgə it sürütməsi eləməklə ciddi məşğuldurlar. Təbii ki, mən hüquq-mühafizə orqanlarımıza mane ola bilməzdim, o səbəbdən ərizəni qatlayıb bir yerimdə gizlətdim - qəzeti məktəblilərin oxumaq ehtimalı olmasa, yazardım harda...