Qohum-qudalardan ibarət hakimiyyət siyasi aləmi başa düşməz

Bu idarəçiliyin Azərbaycan xalqına uğursuzluq, nəticəsizlik gətirməsi Ölkə vətəndaşlarının bildiyi üzücü bir xəbər ! İqtidar dövlətçiliyin bütün sahələrində qeyri şüuri addımlar atmaqda ! Respublikamız qeyri şüuri addımların ayaqları altında əzilməkdə ! İdarəçilik şüur azlığından, şüur pozuntusundan əziyyət çəkməkdə !
Məhz bu səbəbdən də bunu hiss edən Ölkə ictimaiyyəti bu iqtidarı özününkü bilmir, özündən biri hesab eləmir, ona güvənmir. Sanki bu hakimiyyət Azərbaycana Moskvadan, Parisdən boylanır, sanki bu hakimiyyətin ayaqları Respublikamızın torpaqlarına dəymir. Ona görə bu nəticəyə gəlirəm ki, Ölkə boyu “qulların” və “qul” bazarlarının sayında artım müşahidə edildiyi bir vaxtda idarəçilik əmək qabiliyyətli insanların 95 faizinin işlə təmin edilməsi cəfəngiyyatını uydurur. Bir deputat da deyir ki,3-5 faiz işsizliyin olması normaldır. Hətta bu həyasız yalanla razılaşsaq belə, bir həqiqəti unutmayaq. İşsizlik ölüm deyil ki. qaçılmaz tale olduğunu düşünüb işsizliyə haqq verək. Ölkədə bir işsiz varsa belə Xalqın səlahiyyətli nümayəndələri o işsizə rahat dolu nəzərlərlə baxmamalıdır. Sabahımız üçün özünü cəmiyyətdəki işsizin, acın, hüquqsuzun yerinə qoyan İDARƏÇİLİK formalaşmalıdır.
Eləcə də İnsanlar doğmalarının müalicəsi üçün üzləri gələn hər bir kəsdən yardım istəyirlər(ümidlərini puça çıxarmış dövlətdən yox. Dəhşət. Bu, Xalqın əslində, hakimiyyətə bəstələdiyi “ölüm rekviyemidir”), yardım umurlar. İdarəçilik isə KİV vasitəsiylə insanların sağlamlığının keşiyində dayanmasını “vəsf”edir. Hüquqsuzluqdan əziyyət çəkən Ölkədə hüquqdan danışmağa vaxt da tapırlar. Görünür, bunlar Vətəni “qiyabi” yolla idarə edirlər. Qoru özünü qiyabiçi hakimiyyətindən, Xalqım ! Görün, iqtidar nümayəndələri nə qədər primitivdirlər ki, çıxış və müsahibələrində Azərbaycan xalqının bol-bol hüquqları var deyirlər. Azərbaycan xalqının artıqlaması ilə hüquqları var deyirlər. Heç olmasa, xariciləri üstünüzə güldürmən! Heç olmasa, demokratik institutlarla lal oyunu oynan.
Məgər, sizin üçün hüquq və azadlıqlar buğda zəmisidir ki, zəmidəki dənin artıqlığından və ya azlığından danışasız ? Ay bəsitlər, hər bir Ölkədə ya hüquq və azadlıqlar var, ya hüquq və azadlıqlar yoxdur. Dediyim kimi, bol hüquqlar, artıq azadlıqlar nə deməkdir ? Ağzından çıxartdığı sözün ilıqlığını, hərarətini bilməyən iqtidar Azərbaycan xalqı üçün ən ağır, ən üzücü bir problemə çevrilib. Vətən- hakimiyyəti ümidsizliyinin, uğursuzluğunun səbəbkarı bilməkdə haqlıdır. Artıq hamıya bəllidir ki, bu idarəçilik dünya siyasi meydanında, sadəcə. pəncələri üstündə dayana bilən müqəvvadan başqa bir şey deyil. Sual oluna bilər. Azərbaycan xalqının, eləcə də, Beynəlxalq təçkilatların danlaqlarına, iradlarına, inamsızlıqlarına bu hakimiyyətin məhəl qoymamasına, dözməsinə səbəb nədir ?
Bunların kürsüdən bərk-bərk yapışmaları, kürsüdən qopmaq istəməmələri Vətənin yer altı və yer üstü varına görədir. İdarəçilik bu varı Azərbaycan xalqına qaytarmaq istəmir. Buna görə də deputat var Ölkə əhalisinin maddi durumunu konsertlərdə təklif edilən biletlərin qiymətiylə ölçür. Bu münasibət idarəçiliyin Azərbaycan xalqına qarşı rüsvayçı baxışı, rüsvayçı düşüncəsidir. İctimai-siyasi həyatda Həsən ağanın qohumu olmadınsa, hələlik! Demək heç bir şansın yoxdur. Düşüncə. təfəkkür,idrak, məntiq, istedad, qabiliyyət boş şeylərdir, Azərbaycan gerçəkliyində. Dünya siyasi arenasında bir qisim siyasətçilər var, hiss edirsən ki. Siyasəti çox çətinliklə olsa da dərk edə bilirlər. Ər-arvad-qohum-quda-qonşu-dost hakimiyyəti isə, ümumiyyətlə, siyasi aləmi başa düşmür. Əks halda seçgiylə bağlı fikirləri hekayəyə bənzəməzdi.
Hikmət Nikbin