İçimizdəki teleqüllə

“Düşərək əcəlin çənginə həmən,
Ömrümün ağacı qopsa kökündən,
Onda torpağımdan qədəh düzəldin,
Bəlkə mey dolanda dirilərəm mən"
(Ömər Xəyyam)
Zəhmətkeşlər AzTV qülləsinin də sürüşmə zonasında olmasından narahatdır. Deyirlər, birdən o sürüşüb gəlib bizim həyətə girər. O zaman biz nə edərik? Heç zad. Məcbursan AzTV qülləsi ilə birgə yaşayasan. Hamam-tualeti ümumi istifadədə olan bəzi Bakı evləri kimi. Sən gözləyirsən, qüllə tualetə girir. Yaxud o gözləyir, sən çimib çıxırsan. Necə də romantikdir. Hərçənd, o qüllə çoxdan bizim hamımızın həyatının ayrılmaz parçasıdır. Hər bir azərbaycanlının, türkün məsəli, içində AzTV qülləsi vardır. O, bizə dumanlı qalaktikada, tozlu kainatda, qaranlıq kosmosda yol göstərən mayakdır. O, bizi yolumuzu azmağa qoymayan bələdçidir. Azərbaycanlılar haçan azıb, misal üçün, Sakit okeanda çevrilən gəmidə, nə bilim, Şimali Qafqaz dağlarındakı qarda yoxa çıxırlar? AzTV-dən uzaq düşəndə! Yeganə səbəb budur. O qüllədən düşən projektorun işığı vətən türməsinin ətrafında daim gəzişir, bizi itməyə, cızıqdan çıxmağa qoymur.
Bu belə. AzTV-ni çox tərifləmək də ziyandır, çünki o, aşırı tərifi sevmir. Onun tərəzisində hər şey müvafiq ölçüdə olmalıdır. İndi keçək Bayram müəllimin dövlət iclasında yatmağı temasına. Bayram müəllim Dağlıq Qarabağ azərbaycanlı icmasının şefi, Şuşa rayonunun isə icra başçısıdır. Ta o da iclasda yatmayıb, kim yatmalıdır? Çünki biz Qarabağ problemini həll etmişik, milyonlarla insan Cocuq Mərcanlı kəndinə qayıtmışdır, nazirlər isə işğaldan azad olunmuş ərazilərdə qəbul günləri keçirirlər. O cür gərgin əməkdən sonra bir çimir gözünün acısını almaq istəyən başçıya kəc baxan gözlər çıxsın. İnşallah, bu Novruzda hamımız İsa bulağının başında yatışacağıq!
Eyni zamanda adam haçan dərin yuxuya gedir? Yox, nağıllara qulaq asanda yox. Bu, keçmişdə qalıbdır, arxaik temadır. Çağdaş dövrümüzdə insanlar inkişaf eləmiş dövlətlərdə yatırlar. Odur, Ermənistan boşalır. Suriyada isə yatmaq mümkün deyildir. Bəyəm bunları görmürsünüz? Ar olsun! Adə, qoyma qaçdı!
Korrupsiya ilə mübarizədən də bir qədər dəm vurmaq fikrindəyəm. Bu yaxında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Xarici İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin işçilərini aeroportda xarici vətəndaşlardan rüşvət aldıqları üçün yaxaladılar. Görün bizdə korrupsiya ilə mübarizə artıq hansı səviyyəyə qalxıbdır: xarici vətəndaşlardan da qanunsuz yollarla pul qopartmaq mümkün deyildir! Vallah, halal olsun. Bəlkə də biz bu minvalla hərəkət edib xaricdə korrupsiyanın kökünü kəsə bilərik. Misal üçün, Amerikada, Almaniyada, Britaniyada-filanda. Danimarka və Norveçi də unutmayaq. Əgər istəsələr biz Norveç üçün ASAN-xidmət açarıq. Finlandiya ilə sərhəddəki dağı da lazım gəlsə geri alarıq. 2016-cı ildə ordakı Xalti dağını norveçli zəhmətkeşlər Finlandiyanın 100 illiyi münasibətilə fin qardaşlarına bağışlamaq istəmişdilər, ancaq Norveç hökuməti buna etiraz etdi, dedi torpaqdan pay olmaz. Ümumiyyətlə, orda torpaq üstündə davalar tez-tez olur. İclasda yatmaq da mümkün deyildir. Nəsə, temanı çox dolaşdırdıq deyəsən. Hamısı AzTV qülləsinin həyəcanındandır. Özümüzə yer tapa bilmirik.
Əslində biz lazım gəlsə AzTV qülləsini Cıdır düzündə, Böyük Kirs dağında, nə bilim, Kəlbəcər aşırımında - daha hündür bir yerdə də qura bilərik. Verilişləri də tərcümə ilə translyasiya edərik, Ermənistan daha sürətlə boşalar. Sadəcə, humanizmimiz buna yol vermir. Biz çox insansevər dövlət və xalqıq. Qəlbimizin genişliyindən yararlananlar həmişə qəlbi yerə - təpəmizə çıxıblar. “Qaçaq Nəbi” dastanında bu temada yaxşı misralar vardır: “Qazamat istidir, yata bilmirəm, Barısı qəlbidir, aşa bilmirəm”.
Sonda məni düşündürən bir məsələni də yazım. Deyirlər AzTV qülləsinin yuxarısındakı o toppuza bənzər yumru hissədə bahalı bir restoran vardır. Təkcə giriş pulu 100 manat imiş. İndi əgər o qüllə sürüşüb gəlib bizim həyətə girsə, mən həmin restorana güzəştli qiymətlə qalxa bilərəmmi? Məqsədim inkişaf edən Bakımıza yuxarıdan baxmaqdır. Öncədən minnətdaram. Cavab yazan əlləriniz var olsun, hörmətli təşkilatlar.