Azadlıq qartalı

Amerikanın “Fridom Haus” qurumu Azərbaycanı insan haqlarının kobud pozulduğu, azadlığın olmadığı ölkələr sırasına daxil etmiş, YAP hakimiyyətinin haqlı qəzəbinə səbəb olmuşdur. Doğrudan da bizdə azadlıqlar vardır, özü də hər cüründən.
Örnək üçün, beynəlxalq insan haqları konvensiyalarında nəzərdə tutulan əsas, necə deyərlər, ayrılmaz və fundamental hüquqlar hansılardır? Həyat, söz demək, işləmək, oxumaq, işgəncədən uzaq olmaq, evlənmək (gülməyin, həqiqətən bizim belə haqqımız vardır, 1950-ci ildə qəbul edilən Avropa İnsan Haqları Konvensiyasının 12-ci maddəsi məhz hər kəsə nikaha girmək hüququ verir), seçmək, seçilmək, toplaşmaq və sairə. Gəlin baxaq görək bunlardan hansı Azərbaycanda pozulur? Öncədən yazım rahat olasınız: heç biri. Detallı izah edim.
Götürək elə yaşamaq hüququnu. Bizdə nəinki yaşamaq, hətta ölmək hüququ da insanın seçimindən asılıdır. İstəsən, get bulvarda dənizə atıl, ya da kəndiri boğazına keçirt. Kim sənə mane olur? Görün nə qədər sərbəstlik verilibdir.
Yaxud təzəlikcə bizdə bir çox qulluqçuların maaşı 4 manat artırılaraq 126 manatdan 130 manata çatdırıldı. Heç ABŞ-da 130 manat maaşa yaşayan insanlar varmı? Yoxdur. Demək, bizdə həyat səviyyəsi daha yüksəkdir. O cümlədən, 150 manat alan pensiyaçılar var, nəvələrinə hökuməti, dövləti, vətəni, uçaskovını, JEK müdirini sevməyi aşılayırlar. Həyatlarından narazı olsalar aşılamazdılar.
Biz həmçinin seçkilərdən azad olmuşuq. Çoxdan. Bizim əvəzimizə kimi istəsələr seçirlər, səs verirlər, bülleten atırlar, protokol doldururlar. Hamı da razıdır, alqışlayır, dəstəkləyir. Üç-dörd narazı vardı, onları da ya xarici qara qüvvələrin yanına qovmuşuq, ya da Kürdəxanı kurort-istirahət-islahat mərkəzində dincəlirlər. İşgəncələr, məhbuslarla pis davranış keçən əsrdə qalmışdır. İndi məhbuslara o qədər gözəl dövlət şəraiti yaradılıb ki, onların özlərinin hətta ayrıca televiziya verilişləri vardır! Yaxın gələcəkdə məhbuslar üçün ali məktəblər, bələdiyyə orqanları, yazıçılar birliyi, nə bilim, balet studiyaları-filan yaradılacaqdır. Təbii, hamısı dövlət büdcəsi hesabına. Bu vətən hamımız üçündür! “Vətən mənə noğul versə nə dərdim, Poqon alıb yollarında bitərdim” - şair necə gözəl demişdir... Şən Azərbaycan, Hər yanı gülşən Azərbaycan...
Televerilişdən söz düşmüşkən, elə insan haqları konvensiyasının yuxarıda adını çəkdiyim 12-ci maddəsinə bizdə böyük qol-qanad açılıbdır. Evlənmək azadlığı xalqımızı düşündürən ən önəmli məsələdir. Buna həsr edilən çoxsaylı verilişlər, binalar, şadlıq sarayları, VVAQ şöbələri, ağsaqqal və ağbirçək institutları yaradılmışdır. Bir köpəyoğlu, yaxud bir köpəkqızı (millətimizə yad olduqlarından belə yazıram, oxucular bağışlasın) bizim nikah qurumlarının yanından əyilə-əyilə, sürünərək, lap belə milçəyə dönüb uçaraq da keçə bilməz. Biz onu mütləq hardasa tutub evləndirəcəyik. Axı insan dünyaya evlənmək, gələcək yapizm qurucuları yetişdirmək üçün gəlir. Düzgün adamsansa niyə subaysan? Niyə beynəlxalq konvensiyanı pozmaq cəhdi edirsən? Uzun sözün qısası, bizdə evlənmək azadlığı dəhşətli dərəcədə geniş yayılıbdır. Bir az boşanma azadlığı yoxdur, ancaq bu bizim mentalitetə yaddır. Üstəlik, boşanma azadlığı əslində məhbəs və intihar azadlığımızın içində bir hücrə, paraqraf kimi keçməkdədir. Boşanmaq istəyirsən, buyur, öl. Türməyə gir. Əksi cəmiyyətə pis örnək olmaqdır.
Axırda azca yerimiz qalıb, onu da təhsil hüququna həsr eləyim. Fikir verin, bizdə təhsil necə azaddır! Uşaqlar son siniflərdə heç məktəbə getmirlər. Hərəsi bir ucqar məktəbə-zada adını yazdırıb repetitor yanına yollanır. Sonra qəbul olursan, 4-5 il oxuyub azadlığa çıxırsan - heç bir yanda iş tapmırsan. İşləmək bu saat qul əməyi kimidir. Nəyə lazımdır? Azad ol. Şair demişkən, ya azad ol, ya bir dəfəlik yan, Azərbaycan!
Sovet vaxtı bizdə Kubaya “Azadlıq adası” deyirdilər. Təklif edərdim biz də Bakı zonasına “Azadlıq yarımadası” adı qoyaq. Kürün adı “Azadlıq çayı” olsun. Ölkəmizi “Azadlıq qartalı” adlandıraq.
Amerikaya isə demək istərdim gedin o gülünc prezidentinizin dərdini çəkin.