Ədəbiyyat dərsliyi haqqında
Bir vəhhabi-anekdot var, təzəlikcə yadıma düşübdür. Anekdotu belə adlandırmağımın dinlə heç bir əlaqəsi yoxdur, sadəcə, hamının bildiyi, çox köhnə, “yaşlı” anekdotları bu cəhətinə görə “saqqallı” adlandırırlar. Bizdə isə saqqal avtomatik vəhhabilərlə bağlanır, mən də fikirləşdim filologiya elmimizə yeni terminlə töhfə verim. Bəs necə, bu saat respublikamızda dinc quruculuq işləri yüksək sürətlə davam edir, hər bir kəs də öz sahəsində çalışıb yeniliklər etməli, iqtisadiyyatımızın dirçəldilməsinə çalışmalıdır. “Şəfəq” kolxozunun sağıcısı Fatma xala hər inəkdən 1000 litr süd sağır, mən isə hər ay 40 köşə yazmağı qarşıma məqsəd qoymuşam.
Nəsə çox uzaq getdik, elə getmişkən aktual dini düşüncələrimi də yazım. Həmin vəhhabilər haqda bir kitab oxuyurdum (Cəfər Sübhani, “Vəhhabi məzhəbi”), kitab belə baxanda pis deyildi, xeyli söhbətləri xırdalayıbdır. Misal üçün, oxuyanda son illərin İŞİD söhbətlərini, bunlar niyə belə qol-qanad açmışdılar - təxminən başa düşürsən. Ancaq başqa yöndən təəssüf edirsən ki, dünya əhalisinin 1 milyard yarımını 1400 ildir düşündürən problemlərdən biri budur ki, qəbri ziyarət eləmək haramdır, məkruhdur, yoxsa qəbuldur. O cümlədən, insanı hansısa tikilinin içində basdırsan, bu tikili qalmalıdırmı, yox əgər adamı basdırıb sonra üstündə bina qayırsan bu, dinə uyğundurmu.
Nəhayət anekdot... Demək, bir adam sünnət dəlləyi işləyirmiş, ofisinin qabağından isə saat şəkli asıbmış. Bir başqası bundan soruşur ki, sən niyə saat şəkli asmısan, bəyəm saatsazsan? Dəllək deyir: “Yaxşı, sən burdan nə şəkli asmağımı istəyirdin ki?” İndi də anekdotu xatırlamaq səbəbini yazım.
Bizim orta ümumtəhsil məktəbləri üçün 9-cu sinif Ədəbiyyat dərsliyinin üz qabığında “Nizami” metrosunun içindəki mozaik-rəsmlərdən birinin təsvirini veriblər. (Rəsmin müəllifi Mikayıl Abdullayev). Həmin rəsm Nizaminin “İsgəndərnamə” poemasından Nüşabə ilə İsgəndərin görüşünü göstərir. Burada haşiyə çıxım ki, Nizaminin o məsələdə fantaziyasına güc verdiyi tarix elminə məlumdur, çünki İsgəndər Şimali Azərbaycandan və Bərdədən heç keçməyibdir. Ancaq dərdimiz bu deyil. Məsələ ondadır ki, həmin bu 9-cu sinif ədəbiyyat dərsliyi 20-ci əsr Azərbaycan ədəbiyyatına həsr olunub. Bunun üz qabığına o rəsmi vuranlar görəsən nəyi fikirləşiblər? Şagirdlərə hansı mesajı veriblər?
Dərsliyin içərisi də yumşaq yazsam, karikaturadır. Örnək üçün, sovet şairi Süleyman Rüstəmin “Təbrizim” şeirini veriblər. Mən 1989-cu ildə Narxoz-a imtahan verəndə Rüstəmin Cənub şeirləri temasında inşa yazmışam. Elə bilirdim o istedadsız şeirlər, poeziyaya dəxli olmayan söz yığını elə SSRİ-də qalıbdır. Sən demə, indiyə qədər sürüyüb gətiriblər. Məqsəd nədir? Məqsəd şagirdlərdə Güney Azərbaycan sevgisi oyatmaqdırsa, bunu yüzlərlə başqa gözəl şeirlə eləmək olmazdımı? Yoxsa biz burda “Arxların kənarında söyüdlər, Söyüdlərin kölgəsində igidlər...” kimi axmaq misraları əzbərləyəndə İran dağılır? Kölgədə də igid olar? Cəhənnəm, deyək igid döyüşdən yorğun gəlib, yıxılıb kölgəyə... Barı bunu çinarın, palıdın, qozun-zadın altına uzat da, türkün məsəli.
O cümlədən, kitaba heç dəxli olmadan Ernest Heminqueyin “Qoca və dəniz” əsərini soxublar. Bu, dərslikdə yeganə xarici ədəbiyyatdır. Əgər Heminquey bilsəydi bir gün onu Qılman İlkin, Mirvarid Dilbazi, Elçin və Mirzə İbrahimovla eyni dərslikdə keçəcəklər, yəqin daha tez intihar edərdi, kitablarını da yandırardı ki, bizim dərslik qayıranların əlinə keçməsin.
Dərsliyin bir maraqlı cəhəti də orada Rəsul Rza, Nigar Rəfibəyli və Anarın eyni zamanda tədris edilməsidir. Necə deyərlər, ata, ana və müqəddəs ruh eşqinə, amin. Ancaq bir tənqidi detalı yazaq ki, dərslikdə Günel Anarqızının əsərlərinə rast gəlinmir. Ümid edirik, gələn nəşrdə bu çatışmazlıq aradan qalxar.










