Yox eləmək modeli
“Dünya başdan-başa yanmaqda ikən bu nə gülüş, nə sevincdi? Gecəyə gömülənlər, siz niyə işıq axtarmırsınız?”
Bizim cəmiyyətdə insanlar arasında münasibətlər adətən saxtadır. O üzdən, bir ananı dörd qızı ilə birgə öldürüb 3 il müddətinə bu dəhşətli cinayəti gizlətmək mümkün olmuşdur. Başqa vaxt insanların şəxsi həyatına hər cür burun soxan cəmiyyətimiz nədənsə insanlar yoxa çıxarkən tükünü də tərpətmir. Bax bu “nədənsə”nin köklərini ciddi araşdırmalıyıq.
İnsanların ünsiyyətinə, bağlantılarına səbəb olan şəraitlər, sistemlər vardır. Örnək üçün, bələdiyyə seçkiləri. Ümumiyyətlə, hər hansı dövlət qurumuna seçkilər. Seçkilər vətəndaşın bir növ özünü dövlətə göstərmə formasıdır. Bu zaman adlı seçici siyahıları hazırlanır, bələdiyyə üzvlüyünə, deputatlığa namizədlər verilir və sairə. Bizdə avtoritar sistem olduğu üçün demokratiyaya - xalqın hakimiyyətinə yer yoxdur. Həmin xalq hara yox olur-olsun, kimin nə vecinə? Seçkiyə gəlmirsən, cəhənnəmə gəl. Onsuz axırda qutulara bülletenləri basan müəllimlər həmişə tapılır. Həmin müəllimləri qoruyan hüquq-mühafizə əməkdaşları da həmçinin. Qurdalasan həmin dövrdə yerli hüquq-mühafizə orqanına rəhbərlik etmiş şəxs hansısa nazirin “qahımı”, hansısa məmurun qardaşı oğlu çıxacaqdır. (Məsələn, Salyanın polis rəisi nəqliyyat naziri Ziya əkənin qardaşı oğlu olmuşdu bir müddət. Ziyanı vurublar, o üzdən rahat yazıram, başqası olsa yaza bilməzdim). Sözgəlişi, görəsən həmin 5 nəfərin qətlini indi hansı ilin cinayət statistikasına daxil edəcəklər? Axı biz cinayətlərin açılma faizinə görə dünya lideriyik. Gəlin Dağlıq Qarabağ üzrə statistikamıza dürtüşdürək, bitsin getsin. Nəzarətsiz ərazidir, nə desən olar. Doğrudur, Salyan Qarabağdan uzaqdır, ancaq nə dəxli, hamısı vətən torpağıdır. Üstəlik Salyanda Qarabağlar adından kənd də var.
Görəsən, dünyada başqa hansısa xalqın dilində “Səni yox eləyərəm” kimi hədə-qorxu forması varmı? Mən rastlamamışam. Görünür bizdə insanı yox eləmək tarixi-etnik köklərə malikdir. Məlikməmmədin quyuda ipinin kəsilməsi, yox edilməsi əhvalatı bunun obrazıdır. Necə deyərlər, insan var, problem də var. İnsan yoxdur, problem də yoxdur. Azərbaycan xalqı bu mənada nirvanaya çatmışdır.
İnsanın cəmiyyət arasına çıxma üsullarından biri təhsildir. Belə görünür o 4 yazıq qızın heç bir təhsili olmayıbdır. Məktəb yoxdursa, məktəb yoldaşı da yoxdur. Səni itirib-axtaracaq kollektiv yoxdur. Bura bir quş qoyaq, keçək o biri bölmələrə.
İşsizlik kütləvi şəkildədirsə, 5 nəfəri yox eləmək bu yöndə də asanlaşır. Çünki bu adamların hər hansı iş yerində bir öhdəliyi, qrafiki-filanı olmamışdır. Kobo Abenin “Qumluqdakı qadın” romanının qəhrəmanı kimi, lap istəsən onları bir qum çalasında gizlət, orda ömürlərinin sonuna qədər qum təmizləməyə məcbur qoy. Elə bu son hadisədə cani(lər) qətlə yetirdiklərinin guya Türkiyəyə işləməyə getdiyini deyirmişlər, iz azdırırmışlar. Ancaq insanların kütləvi, ailəlikcə, bəzən nəsillikcə xarici ölkələrə dolanışıq ardınca getdiyi ölkədə belə azdırıcılıq asanlaşmırmı?
Buyurun. Model - bir insanı (indiki halda beşini) yox eləməyin şəkli sizə yetərincə aydın oldumu? Seçki yox, təhsil yox, iş yox, gələcək yox, ümid yox, inam yox... Yoxa çıxmış bir cəmiyyət var ortada. Atlantida obrazdır əslində, dünya tarixində ona uyğun çoxlu cəmiyyətlər olmuşdur, biri də indi bizim yaşadığımız ölkədir. Cırtdanların yaşadığı Atlantidadır bizimkisi. Yaxşı-yaxşı fikirləşin, bəlkə sizin özünüzü də yox eləyiblər? Mənim kimi. Hərçənd, bu media əlaqəsi bizim hələ yox olmadığımızın cüzi əlamətlərindən biridir. Mən burdan səs salıram, siz ordan oxuyursunuz. Beləcə guya var oluruq.
Bax, kütləvi informasiya vasitələri də cəmiyyəti yox olmaqdan qoruyan ciddi bir sistemdir. “Danış, səni görüm” - müdriklər demişkən. Ancaq bu gün azərbaycanlıların danışmağa, dərdini deməyə nə qədər imkanı, neçə qəzeti, neçə ekranı qalmışdır? Burada səni ancaq tam yox olanda axtarmağa başlayırlar, o da 3 il sonra tapalar-tapmayalar...










