Dərs keçən müəllim

Bugünlərdə Bakı məktəblərindən birində qəribə hal aşkara çıxarılmışdır: müəllim Həsən Quliyev uşaqlara dərs keçirmiş! Təsəvvür edin. Adam möcüzədir. Biz Həsən müəllimlə qürur duyuruq. Fəxr edirik. Hökumətdən tələb edirik ona “2-ci dərəcəli Vətənə xidmət” ordeni verilsin.
Millətimiz bu hadisəni sevə-sevə bir-birinə danışır, sosial şəbəkələrdə, avtobuslarda, xeyirdə-şərdə hamı Həsən müəllimin görünməmiş qəhrəmanlığından bəhs edir.
69 saylı rayon xəstəxanasında isə... Məncə bunu oxumazdan öncə bir stəkan su tökün özünüzə, çünki boğazınız quruyacaqdır. Bəli, xəstəxananın cərrahı Süleyman Cəlilov kor bağırsağın əməliyyatını uğurla başa çatdırmışdır! İnanılmazdır. Hazırda xəstə durub həyətdə gəzir, sağ ayağını sol qoluna tikməyiblər, qayçı da tibb bacısının əlindədir - başqa xəstənin saçını düzəldir.
Hələ bu harasıdır... A kişilər, paytaxtda, qəzetdə jurnalist var, yazı yazır! Dünyanın indiki vaxtında. Bilir ki, yazısını bir adam oxumayacaq. Anlayır ki, məqalədə qaldırılan problemləri həll edən olmayacaq və bəlkə problemləri qaldırandan sonra yerə qoya bilmədi və belindəki qrıja qopdu, ancaq yazır! Başqaları yazmır, çəkmir, göstərmir, ancaq bu adam yazır. Dəhşətdir. Gəlin ona da medal verək - əlimizə hansı keçsə. Hərçənd, deyilənə görə bu qardaşımız tək deyil, N rayonunda da yerli televiziyada ərazidəki zibillərin təmizlənmədiyi, camaatın bir-birinin üzünü qoyub küçəyə tüpürdüyü, o cümlədən hara gəldi atılan çeynənmiş saqqızları udub ölən nadir sərçə quşları haqda kəskin süjetlər hazırlayan telejurnalist peyda olmuşdur.
Azərbaycan belənçik övladları ilə fəxr edir. Necə deyərlər, sən yanmasan, mən yanmasam necə çıxarıq qışdan bu soyuqda, evimiz də buz kimidir? Bəs insanları buna nə vadar edir? Özünü xalq yolunda, millət yolunda həlak etməyin sirri nədədir? Bu suallara özüm üçün aydınlıq gətirməkdən ötrü birinci qəhrəmanımız Həsən müəllimin telefon nömrəsini tapıb (çətin olmadı, millətin dilində bu nömrə əzbərdir, hətta yerli mobil operatorları “Həsən müəllim yaz, məktəbli forması qazan” kampaniyası keçirirlər) əlaqə saxladım, nə üçün dərs keçdiyini soruşdum. Onun cavabını olduğu kimi yazıram, oxuyun, ibrət alın: “Müəllim peşəsi müqəddəsdir. Ona görə bizdə hər yoldan ötən pullu qoduğa müəllim deyə müraciət etmək dəbə minmişdir. Uşaqlar, müəllimlərinizi sevin, Platon demişdir ki, valideynimiz bizi göydən yerə çırpırsa, müəllim bizi təzədən göyə qaldıran mələkdir!” Açığı, bu qızıl sözlərə nəsə əlavə etməyə ehtiyac yoxdur.
Cinayətkar tutmuş hüquq-mühafizə orqanı əməkdaşı, yolu keçiddən adlayan zəhmətkeş, qrafiklə işləyən avtobus sürücüsü, südə süd qatan kəndli, həqiqətən yumurtlayan toyuq, gerçək mal əti satan qəssab, nazir işləyən nazir, soyunmayan müğənni, ağırlıq qaldıran ştanqist, qanun qayıran deputat, bizneslə məşğul olan biznesmen... Bunlar da son günlərdə məmləkətin müxtəlif sahə və sferalarında aşkara çıxmış qeyri-adi hadisələrdir. Hərçənd, ola bilsin bunlar bir azdan adiləşsin, çünki yaxşı nümunə yoluxucu olur deyib atalarımız. Bu temada ulularımızın bir afyorizmi də mənə həmişə çox ləzzət edibdir, yazım: “Yamanlığa yaxşılıq səy kişinin işidir, Yaxşılığa yaxşılıq hər kişinin işidir”.
Əlbəttə, qazandığımız uğurlardan arxayınlaşmaq olmaz. O cümlədən, Ermənistanın boşalması gərək bizi vaxtından qabaq sevindirməsin. Ayıq-sayıq olmalıyıq. Ruhdan düşməməliyik. Bir-birimizin əlindən tutub milli hakimiyyətimiz ətrafında sıx birləşməliyik.
İndi söz əlaqədar təşkilatlarındır: siz də nəhayət bir əlaqədar iş görün.