Batının şahmat oyununda Azərbaycan

Xaliq Bahadır
Neçə gündür susqunluqla Feysbuku izləyirəm. DEMOKRATİK MÜXALİFƏT durmadan İlham Əliyevi yıxıb-sürüyür – Avropa birliyinin “Doğu yandaşlığı” projesini qollamadığı üçün. Özlərinə görə, hamılıqla “suç keçisi” tapıb düşüblər üstünə: döşəyirlər eninə-uzununa. Bu yerdə 700 minlik (özlərinin dediklərinə görə) YAP möhtərəm cənab prezidentləri İ.Əliyevi qorumağa qalxmaq yerinə susmaqdadır. AzTV-lərdəki əttökən “qələbə” danışma-diringilərini çıxmaqla.
Belə yerdə İ.Əliyevə güclü-bacarıqlı analitiklər gərəkdir, ortadakı çoxsaylı faktlardan çıxış edərək DEMOKRATİK MÜXALİFƏTİN arqumentlərini alt-üst etsinlər. Nə yazıqlar, dədə-bala Əliyevlər 24 illik hakimiyətləri boyunca yaxşı təhsil sistemi qurub ən azı özlərinə yararlı ola biləcək başarılı analitiklər (politoloqlar) yetişdirmədilər. Nə üçün? Özləri öz hakimiyətlərinə “sezonşik” hakimiyət olaraq baxıban, ölkəni soyub-yağmalamaqla yalnız varlanmağa çalışdıqları üçün! Belə olmasaydı onlar bu gün Rasim Musabəyov, Mübariz Əhmədoğlu kimi drijor çubuğuna bağlı əlaltı “analitik-politoloqların” umuduna qalmaqla gülünc günə düşməzdilər.
İ.Əliyev rejimi daha da gücləndirmək üçün yurddaş toplumunu, demokratik jurnalistikanı, ardınca demokratiya institutu olaraq Nümayəndəliyi (vəkillik) yoxluğa gətirib çıxardı. İş elə gətirib, adam indi bir NÜMAYƏNDƏ olaraq DEMOKRATİK MÜXALİFƏTİN çoxsaylı basqılarına uğrayan İ.Əliyevin prezident hüquqlarını qorumaq istəyir. Yuxarıda dedim: İ.Əliyevin güclü-bacarıqlı analitikləri olsaydı, çoxsaylı faktlardan yararlanmaqla, indilikdə ona yönəldilən “arqumentləri” çox asanlıqla neytrallaşdıra bilərdilər. Düzgünlük üçün indi bunu mən etməli oluram. Buyurun, baxın.
Başdan başlayaq – “Batı” anlayışından. “Azərbaycan dilinin izahlı lüğəti”nə görə, leksik olaraq “batı” ərəbcədən dilimizə keçmiş “qərb” sözünün Türkcə qarşılığıdır. Politik anlamda bu, Avropa ilə Quzey Amerikanı (başlıca olaraq, ABŞ) bildirir. Biz ara-sıra “Batı bloku” anlayışı ilə də qarşılaşırıq, bu, Avropa ölkələri ilə Quzey Amerika ölkələrinin oluşdurduğu Blok deməkdir.
Basqıların qaynağı
Avropa birliyi çoxdandı aqressiyaya uğrayan Azərbaycanla qondarma dövlət olan aqressor “Ermənistan”ı özünün “Doğu yandaşlığı” projesinə qatmaq istəyirdi. (Hamının yazdığı “Şərq tərəfdaşlığı” ərəbcədir). “Doğu yandaşlığı” projesi demokratiyanın, avropalaşmanın postsovet coğrafiyasında yayılması aracı olaraq düşünülüb. Başqa cür desək, Avropa düzəninin yayılması aracı olaraq. Teoretik olaraq onu dəyərli proje saymaq olar. Yalnız teoretik olaraq. Mən özüm bir çağlar bildiyim, bəyəndiyim, yüksək dəyərləndirdiyim Avropa dəyərlərinin ölkəmizdə yayılmasını çox istəmişəm, istəməklə qalmamış, bu yöndə illərlə çalışmalarda bulunmuşam. Son illər mən istər-istəməz özümdən soruşmalı oluram: hanı sənin bəyəndiyin, yüksək dəyərləndirdiyin Avropa dəyərləri? Bir yol Avropada olmuşam, Avropa dəyərləri ilə praktik olaraq tanışlaşmışam, başlıca olaraq, aşırı liberalizmdən uzaq, Avropa dəyərlərini görüb də bəyənmişəm! Ancaq… bir var Avropa dəyərlərinə Avropanın özündən baxmaq, bir də var Avropa dəyərlərinə Azərbaycan kimi demokratiyanın, insan hüquqlarının tapdandığı, doğal resurslarla dolu ölkədən (ölkələrdən) baxmaq. İkincidə Avropa dəyərləri olduqca dəyərsiz, Avropanın özü olduqca eybəcər, ürəkbulandırıcı görünür – özünün demokratiya dəyərlərini diktatura bazarına çıxarıb alver obyektinə çevirən Avropa olaraq!
Heydər Əliyev demokratiya yalanları ilə Avropanı 10 il aldatdı. Oğlu demokratiya yalanları ilə Avropanı 14 ildi aldatmaqdadır. Suçlu kimdir: demokratiya yalanlarıyla korrupsioner-repressiv rejim quran dədə-bala Əliyevlərmi, özünün demokratiya dəyərlərini korrupsiya-repressiya rejimi ilə alver predmetinə çevirən Avropamı?! Ritorik sualdır, deyilmi? Əliyevlər hakimiyətinin başlanğıc çağlarında, deyək, 3 il, 5 il, cəhənnəmə, lap 10, 15 il Avropanın Əliyevlərə inanıb aldandığına biz özümüz də inana bilərdik – daha 24 illik aldanmaya yox! Yox, daha bu aldanma deyil, görünür, lap elə başlanğıcdan aldadılan Avropa olmayıb, Azərbaycan xalqı olub: onu 24 il Əliyevlərlə Avropa (bütövlükdə, Batı) birlikdə aldadıb; özlərinin ortaq çıxarları üçün – özü də Qarabağ sorunundan tutmuş, demokratiya, insan hüquqları kimi sorunlaradək! H.Əliyev hələ Naxşıvanda ikən Batı oyunçuları onunla gizli ilişkilər qurmuş, Dağlılq Qarabağı xristian ermənilərə, Azərbaycanın neft-qaz resurslarını onlara vermək öhdəliyi ilə onu az-çox demokratik AXC hakimiyətini devirməklə hakimiyətə gətirmişdilər – düşmən gözündə gördükləri İranla, Rusiy ilə birgə! “Dinc Qarabağ danışıqlarının” bugünədək boşuna olması da, Azərbnaycanın neft-qazla yanaşı başqa doğal resurslarının da Əliyevlərlə Avropa (Batı) ortaqlığında dağıdılıb-mənimsənməsinin başlıca gizlini budur: ortalıqda qarşılıqlı öhdəlik var – onlar çeşidli yollarla əliyevlər hakimiyətini qoruyub saxlayırlar, bunlar Azərbaycanın doğal resurslarından yetərincə yararlanmaq üçün onlara qarantiya yaradırlar!
H.Əliyev dönəmindən indiyədək bütün qondarma seçki öncələri anqlosaks birliyi başda olmaqla Batıya belə bir mesaj ötürülür: “Bizə arxa durun, biz getsək, hakimiyətə millətçilər gələcək”. (Bir də, Batını islamçıların hakimiyətə gələ biləcəyi ilə qorxudurlar). Batı onlara yenə inanır, ancaq, əliyevçi rejimdən güddüyü qazanc üçün inanır. Batıda yaxşı bilirlər: xalqdan deyil, onlardan asılı olan kriminal əliyevçi rejimdən qorxudub aldıqlarını başqa hakimiyətdən ala bilməyəcəklər. Beləcə, 24 ildi Əliyevlərlə – əliyevçi rejimlə Batı arasında antiAzərbaycan oyunu gedir. Rusiyanın, İranın Əliyevlərlə arxadaşlığı da Batı demokratiyasının oynadığı oyunun oxşarıdır: Əliyevlər hakimiyəti onların da geopolitik güdüklərinə bütünlüklə uyğun, yararlı hakimiyətdir.
Rusiya prezidenti Putin S.Sərkisyana “Doğu yandaşlığı” projesini qollamaq göstərişi vermişdi, S.Sərkisyan onu qolladı. Rusiya prezidenti İ.Əliyevə “Doğu yandaşlığı” projesini qollamamaq göstərişi vermişdi, İ.Əliyev onu qollamadı. Nədən belə oldu? Putin arxayındır: 1) arada xristian ortaqlığı var – “Ermənistana” yalnız Rusiyanın deyil, eləcə də xristianlığın forpostu olaraq baxılır; 2) Rusiya ordularının basıb oturduğu, üstəlik, Türk dövlətlərinin çevrələdiyi “Ermənistan” onsuz da Rusiyadan əl çəkən deyil. Azərbaycan “Doğu yandaşlığına” qatılandan sonra yeni bir hakimiyətlə Avropaya arxalanaraq Rusiyadan bütünlüklə uzaqlaşa bilər. Bu isə bir çox baxımlardan – başlıcası, geopolitik baxımdan Rusiya üçün çox böyük itki olardı. Axı, qonşuluqda olduğundan, eləcə də Əliyevlərin, əliyevçi hakimiyətdəki bir çoxlarının agentur bağlılığı üzündən Rusiya Azərbaycandan daha çox yarınıb-barına bilir.
Əliyevlərin Avropa yatırımları
2010-cu il parlament seçkisi qabağı AB korrupsionerlərindən olan Joze Manuel Barrozo ilə görüşündə İ.Əliyev demişdi: “Biz Avropaya 3 milyard kubmetr qaz verəcəyik”. 2013-cü il prezident seçkisi qabağı İ.Əliyev demişdi: “Biz Avropa iqtisadiyyatına sərmayə yatırırıq”. İndi, 2018-ci ilin pezident seçkisi qabağı İ.Əliyev deyir: “Biz Avropada bəzi ölkələri neftlə təmin edirik. Ümid edirik ki, tezliklə qazla da təmin edəcəyik”. Əliyevçi rejim Azərbaycan xalqından oğurladığı böyük pullarla antidemokratik Rusiyada etdiyi kimi, demokratik Avropada da böyük tikinti-quruculuq işləri görür: yol çəkir, körpü salır, Petka kilsəsi təki kilsələri təmir edir, Luvr muzeyində yenidənqurma işləri görür, Vatikanda katakombaları təmir edir – bunlar hamısı milyonlarla dollar pul deməkdir. Bəlli olduğu kimi, təkcə Vatikandakı MÜQƏDDƏSLƏRİN qəbrlərinin təmiri üçün milyard dollardan artıq pul ayrılmışdı. Xalqı, Ölkəni, Dövləti soyub-yağmalamaqla, demək, oğurluq pullarla “müqəddəslər” üçün təmir işləri! Bunlar hamısı bir yerdə dolayısıyla politik xarakterli yardımlar deməkdir! Yoxsullaşdırıb yolsuzlaşdırdığı Azərbaycan xalqına 28-30 faizlə kredit verən hökumət Azərbaycanın neft pullarını 3 faizlik kreditlə Avropa banklarına qoyur – bu da yatırımdir (onların dilində – “sərmayə”), ancaq, yenə dolayısıyla politik yatırım. İllərdir Avropa İQTİSADİYATINA milyonlar, milyardlarla dəyərində SƏRMAYƏ yatırırlar, ancaq, indiyədək o SƏRMAYƏLƏRDƏN Azərbaycana azacıq MAYƏ də gəlib çatmayıb. Bütün yatırımları yalnız hakimiyətlərini qoruyub saxlama amacı daşıdığı üçün! Yeri gəlmişkən, yüzilliklər boyunca seperatizm-terror yuvası olaraq tanınan erməni kilsələrinə pulsuz qaz verilməsi də xristianlığa yarınma faktı olaraq hakimiyətlərini qoruyub saxlamaq üçündür.
İ.Əliyev deyir: “Azərbaycan dövləti müstəqil dövlətdir, biz müstəqil siyasət yeridirik”. Xalqa bağlı olmayan hakimiyət bağımsız (“müstəqil”) ola bilməz, bağımsızlıq yolu tuta bilməz. Belə hakimiyətin başında duran adam yalnız “müstəqil” yalanlar danışa bilər – İ. Əliyevin illərlə etdiyi kimi. ABŞ dövlət departamentinin yaydığı bildirilərdə illərdir deyilir: “Azərbaycan xalqının hakimiyəti dinc yolla dəyişmək hüququ əlindən alınıb”. Azərbaycan xalqını hüquqsuz duruma gətirən korrupsiya-repressiya hakimiyəti ilə ABŞ illərdir sıx əməkdaşlıqdadır. İllərdir ABŞ-ın Azərbaycanla bağlı prioritetlərində demokratiya ən sonuncu, gözəgörünməz, əlçatmaz yerdə durur. ABŞ-ın ayrılmaz bütünü (eləcə də Avropa birliyi, Avropa şurası üyəsi) olan İngiltərə dövləti illərdir onların ortaq BP-ı kompaniyası ilə birgə əliyevçi rejimin ən güclü lobbist dayaqlarındandır. Bir yandan əliyevçi rejimi “diktatura”adlandırır, milyardlarla oğurluq, eləcə də Batı yetkililərini ələ almağa yönəlik rüşvət-korrupsiya faktlarının üstünü açır, o biri yandan rejimi qoruyub saxlamağa çalışırlar. Görünür, ortaya çıxardıqları kompromatlardan da paylarını almaq üçün belə edirlər.
Batının istəyinə uyğun davranmadığından, Azərbaycan prezidentindən xalqa qat-qat yaxın Belorus prezidenti A.Lukaşenkoya, ailəsinə, başlıca komanda yoldaşlarına sanksiyalar uyğulamaqla diktələrini yeritdilər – Lukaşenko dediklərindən döndü. Onun vur-tut 4 politik dustağı vardı, onları da açıb buraxdı. Rusiyayönlü Ukrayna prezidenti A.Yanukoviç “Doğu yandaşlığı” projesinə qatılmadığı ünün hakimiyətini devirdilər. Avropa indi o projeyə qatılmayan əliyevçi korrupsioner komandanın üzünə qapılarını taybatay açır – vizasız rejim! Görünür, korrupsiya-repressiya rejiminin daha da güclənməsi, yeni say artımına yol açmaqla 160 politik dustağın qapılarının daha da qadanması üçün!
Avropanı yüngülcə qınağa belə söz tapmayan bizim DEMOKRATİK MÜXALİFƏT İ.Əliyevi Avropa dəyərlərindən qorxduğu üçün Avropa birliyinə qatılmaq istəməməkdə qınayır. İ.Əliyev isə çox düzgün olaraq Avropa dəyərlərindən azacıq da qorxmur – o dəyərləri çox asanlıqla satın almaq olursa, İ.Əliyev onlardan niyə qorxmalıdır?! Burada qınanmalı olan, gerçək suçulu İ.Əliyev deyil, dəyərlərini bazara çıxaran, onları diktatura rejimi ilə alver predmetinə çevirən Avropa (Batı!) özüdür. Müxalifətin belə gerçəklərə illərlə göz yumub, susqunluq sərgiləməsi onun gerçək demokratikliyini, demokratiya dəyərlərinə gerçəkdən bağlı olduğunu istər-stəməz quşqu altına alır…