Bağlı daşlar

Deyir, bir gün heyvanlar yığışıb avtobusda gedirmiş, bu zaman məmur oğlu böyürdən “Gəlindabəvaqen” maşını ilə çıxır, bunları vurur, hamısı ölürlər... Yox, bu ayrı söhbətdir. Bir gün keçmiş nazirin oğlu tutub ayını yeyir... Nəsə temanı çox qarışdırdıq. Uzun sözün qısası, heyvanlar yalnız bizdə olan “Bakubus” avtobusunda (ermənilərdə sovetdənqalma bir RAF var, yəqin hamınız AzTV-də görmüsünüz) gedirmişlər. Dovşan ayaq üstündə qalıbmış, deyir ki, dərhal kimsə durub yerini mənə versin, yoxsa dünənki kimi olacaqdır. Tərpənən olmur, dovşan isə hədəsini təkrarlayır. Nəhayət, boz qurd əsəbləşir, durub dovşana bir şapalaq ilişdirir, uzadır salona. Deyir hə, indi söylə görək dünən nə olmuşdu. Dovşan deyir: “Elə dünən də belə olmuşdu”.
Yox, min dəfə birləşmiş və ayrılmış müxalifətin kəskin inqilabi davranışları haqda yazmaq fikrində deyiləm. O qatar çoxdan gedibdir, bunu başa düşmək lazımdır. Bizə indi yeni müxalifət qatarı lazımdır ki, minək Bakı-Tiflis-Qars istiqamətində aradan çıxaq. Srağagün deputatxanada dövlət büdcəsi müzakirələrinə aid xəbərlərin birində belə başlıq oxudum: “Nazirdən pensiyaçılara şad xəbər”. Elə fikirləşdim, yəqin gələn ildən pensiya qalxıb hardasa 300 manat olacaqdır. Bütün yaşlı insanların qazanı qaynayacaqdır, nəvələrinə ürəklə hədiyyələr alacaqlar, hələ arada pul yığıb Antalyada istirahətə gedəcəklər. Ancaq sən saydığını say, gör hökumət nə sayır. Sən demə, maliyyə naziri Samir müəllim pensiyaçılara muştuluq veribdir ki, gələn il sosial müdafiə xərcləri bu ilkinə nisbətən... azaldılmayacaqdır! Fikir verin, artıq nazirlər və hökumət adamları əhaliyə artım, yaxşı həyat şəraiti, inkişaf vədləri vermirlər. Yeganə vəd odur ki, qorxmayın, gələn il builki kimi olacaqdır. Guya millətin sosial müdafiəsi bu il çox yaxşı imiş. (Hərçənd, ədalət naminə millət adından danışmaq haqqımın olmadığını da yazım. Bəlkə onlar öz durumlarından razıdırlar? Bu məqamda görkəmli aforistlərdən kiminsə kəlamının yeridir: “Yalnız prezidentlər, deputatlar və soliter qurdları biz kəlməsindən istifadə edə bilər”).
Ancaq müəyyən sahələrdə doğrudan da status-kvonun saxlanmasına (savadlı adamam, xarici sözləri mən yazmayım kim yazsın?) ehtiyac vardır. Biri elə hüquqlar, qanun qarşısında cavabdehlik zonası. Xahiş edərdik, gələn il də azı hər kvartalda bir dəfə olmaq şərti ilə keçmiş MTN şefi Eldar müəllimi prokurorluğun istintaq idarəsinə çağırıb dindirsinlər. Vacib deyil ki, ona işlədiyi dövrdə nazirliyində adam oğurluğu, reket, korrupsiya və sairə haqda sual verəsən. Biz - uca millət (deyəsən mən yavaş-yavaş deputatlığa namizəd oluram) heç buna ehtiyac duymuruq. Hərə bir yanda balasını saxlayır. Heç kimin qismətinə girmək olmaz. Gördün malına düşdü talan, sən də bir yandan tala. Günahı olmayan Eldar müəllimə daşı birinci atsın, əgər yerdən qoparda bilsə. Bu haqda maraqlı pritça var, axırda yazaram. Eldar müəllimi idarəyə çağırıb eləcə hava haqqında, “Qarabağ”ın oyununda portuqal hakimin əclaflığı, nə bilim, Braziliyada samba festivalı haqda söhbətlər etmək olar. Hərçənd, ola bilər biz bu dəvətlərdən xəbər tutmayaq, çünki Eldar müəllim idarəyə şərt qoyubmuş, gizli çağırılmaq istəyirmiş. Bəs şəffaflıq, bəs demokratiya? Elə bilir yenə nazirdir, gizli işlər görmək haqqı vardır. Gəlin tələb edək, onu işdən çıxartsınlar.
Hə, daşlar haqda pritçanın vaxtıdır - yerimiz dolur. Bir gün bir adam başqa məmləkətdən keçirmiş, itlər sürüylə cumur bunun üstünə. Əlini hansı daşa atır, daşı qoparda bilmir. İtlər bunu yaxşıca didişdirib buraxırlar, adam sürüncək ölkəsində qayıdır, burda soydaşları soruşurlar, ora necə məmləkət idi, deyir: “Çox axmaq yer idi, itləri açıb, daşları bağlamışdılar”.