Əliyevlərin Gül Bayramı israfçılığı

İqtisadçı Natiq Cəfərli: “Hökumətin “Gül Bayramı”na həsr etdiyi pullarla, minlərlə tələbəni xaricdə təhsilə yiyələndirmək olar”
Eks prezident Heydər Əliyevin anadan olması münasibəti ilə keçirilən “Gül Bayramı” bu il də israfçılıqla müşaiyət olunub. Ekspertlərin hesablamalarına görə, bu bayrama hər il 10 milyon ABŞ dollarından çox pul xərclənir. Lakin Bakı meri Hacıbala Abutalıbov iddiaları qəbul etmir.
Azərbaycan "Gül bayram"ı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkilatçılığı ilə 2004-cü ildən qeyd edir. Mərasimlər əvvəllər Dənizkənarı Milli Parkda, sonradan isə Mərkəzi Bankın qarşısındakı Heydər Əliyev parkında keçirilməyə başladı. Hər il bu bayram münasibəti ilə Azərbaycana xarici ölkələrdən, xüsusən də Hollandiyadan cürbəcür güllər gətirilir. Park həmin güllərlə bəzədilir. İki-üç gün güclü mühafizədən sonra gülləri BHİŞ-in zibil maşınlarına yığıb aparırlar. Rəsmi mənbələrdən bayrama nə qədər xərcləndiyi barədə məlumat tapmaq qeyri-mümkündür.
Bakı meri: "Bakıya gül göndərən yerli və xarici gül firmalarının 80 faizi bu aksiyada pulsuz iştirak edir", - desə də, açıqlamalar cəmiyyət tərəfindən inandırıcı qəbul olunmur.
İqtisadçı ekspert Rövşən Ağayevin fikrincə "Gül bayramı"na 15 il ərzxində azı 200 milyon ABŞ dolları xərclənib.
İqtisadçı ekspert Natiq Cəfərli hansısa ölkənin gülləri pulsuz göndərdiyinə inanmır.
Natiq Cəfərliyə görə, xaricdən gətirilən güllərə bu qədər vəsaitin ayrılması rasional düşüncənin məhsulu deyil: “Gül Bayramı”na sərf olunan pulları Azərbaycanın gələcəyinə yəni təhsilə ayırmaq daha məntiqli olardı. Ötən dövr ərzində on minlərlə xaricdə təhsil almış mütəxəssis qazana bilərdik”.
Sərxan Xusiyev