İcra hakiminin imzası

Saqqallı bir lətifə var, deyir, bir gün şəkili Hacı dayı gedir Moskvaya, restoranda yemək istəyəndə buna menyunu verirlər. Hacı dayının menyudakı yemək adlarından başı çıxmır, bircə “salat” sözü nəsə doğma gəlir, ofisianta deyir, mənə salat gətirin. Salat gəlir, Hacı dayı baxır ki, bu, doğranmış pomidor-xiyardır. Əsəbləşir, çəngəli pomidorun qəlbinə sancıb (bunu bir az romantika üçün uydurdum, hərçənd yaxşı pomidorun da öz daxili aləmi, qəlbi olmamış deyildir - Z.H.) qışqırır: “Əəə, bamadur, Şəkidən Moskvaya gəlib salat olmusan?!”
Ancaq indi bizim milli pomidorların Moskvada salat olmaq şanslarına kölgə salınıbdır. Xəbərə görə, srağagün Rusiyanın dövlət idarəsi (indi bunun tam dəqiq adının Fitosanitar və Baytarlıq Nəzarəti üzrə Federal Xidmət olduğunu yazsam, sizə çoxmu lazımdır?) sərhəddə 18 ton pomidorumuzu geri qaytarıbdır. Fındığımızın İtaliyadan sındırılmadan üstümüzə qaytarılmasından sonra bu, ikinci bəd xəbərdir. Fındığımızın balaca olması səbəb idisə, rusların pomidorumuza mız qoyması daha gülünc söhbət üzündəndir: deyir, pomidorun sənədləri saxta imiş. Elə bil pomidor 16 yaşına çatmış vətəndaş-filandır, bunun şəxsiyyət vəsiqəsi, xarici pasportu, Xiyarla nikah müqaviləsi, nə bilim, Xaçmazın kəndindəki bostanda qeydiyyatda olması haqda mülk kağızı-zadı olmalıymış. Hərçənd indiki vaxtda ərzaq məhsullarının az qala elə bu qədər kağız-kuğuzu olur. Hələ bir gen modifikasiyası sənədi-filan deyə bir şey də var.
Düşünürəm ki, Rusiya xarici işlər naziri Lavrovun ölkəmizə səfəri, Avropanın dağılması, Almaniyanın çökməsi - AzTV-yə inanmırdınız, buyurun, artıq Merkel təzə hökumət qayırmağa çətinlik çəkir, Berlin üzərində qara buludlar toplaşıbdır - Zimbabvedə hərbi çevriliş, Samuxda yaz arpa səpinlərinin qızğın dövrü, İmişlidə hər hektardan 1000 ton pambıq, 100 ton quzu yunu və 10 ton dana dərisi alınması üzrə dövlət planlarının fonunda pomidorumuzun saxta sənədlə sərhəddə ələ keçməsi yaxşı hal olmamalıdır. Niyə olsun? Bundan azca qabaq da Bakıda bir nəfəri tutdular, qardaşımız hansısa icra hakiminin möhürünü, imzasını saxtalaşdırıb camaata torpaq, mənzil-zad satırmış. Vicdansızlığın dərəcəsinə baxın. İnsan olan kəs də icra hakiminin imzasını saxtalaşdırarmı? Nə Allahdan qorxurlar, nə administrasiyadan... Ta icra hakiminin imzası da saxtalaşan ölkədən hansı gələcək umasan? Nəyə ümid edəsən? Məncə, ərəblərdəki əl kəsmək cəzasını burda yaratmalıyıq. Arada onu da qeyd edim ki, Ermənistan tamam boşalıbdır, biləsiniz.
Dövlət quruculuğu, vətəndaşların sosial müdafiəsi istiqamətində işlər görülməkdə davam edir. Planlı şəkildə özü də. Vəkil Yalçın İmanovun da lisenziyasını Vəkillər Kollegiyasının xətti ilə əlindən alıblar. Vətəndaşları dövlət, polis, hakim, prokuror özü müdafiə edirsə, Ədliyyə Nazirliyinin penisentiar idarəsi hətta dustaqlara qatarda konsert düzəldib gəzməyə buraxırsa, sən vəkil kimi nəyə lazımsan axı? Rayon camaatı adından xahiş edərdik NKVD troyka məhkəmələri bərpa olunsun. Ümumiyyətlə, Stalin kişi adam idi, Bağırov isə bizim Şimal Buzlu Okeanına köçürülməyimizə icazə verməyibdir. Gənc nəsil belə dadlı-duzlu tarixi faktları bilməyə borcludur. Tarixini unudan, gələcəyindən də məhrum olur. Tarix avtomobildə güzgü kimidir, onda geriyə baxıb, qabağa gedirsən. Laroşfukonun sözləridir. Bəlkə də heç onun vaxtında avtomobil hələ ixtira edilməmişdi, ancaq bunun kimə nə dəxli var? Yaxşısı budur, siz gedin icra hakiminin imzasını saxtalaşdıran vətəndaşınızın dərdini çəkin. Yer yarılsa yerə girsək, pomidor olub tomat pastasına dönsək, bundan yaxşıdır. İcra hakiminin imzası... Lənət şeytana... Tfu, sizin üzünüzə - Mirzə demişkən...
İndi söz əlaqədar təşkilatlarındır.