Hadrut prinsipləri

“Vaşinqton Post” qəzetinin müxbirləri ərinmədən oturub hesablayıblar, sən demə, Donald Tramp prezident seçiləndən bəri düz 1628 yalan danışıbdır. Bunu onun ABŞ prezidenti işlədiyi 298 gün arasında bölüşdürəndə orta hesabla günə 5,5 yalan düşürmüş. Burada sıfır tam onda beş yalan, yəni yalanın yarısı da gülməli alınır, sanki Tramp gündə beş yalan danışır, bir cümləsinin isə yarısı düz, yarısı yalan olur.
Özünü dünyanın ən demokratik dövlətlərindən biri elan edən ərazidə deqradasiya bu səviyyəyə çatıbsa, başqa yerlərdən nə umasan? Çox çətin durumdur. Yuxarı baxırsan Putindir, aşağı baxırsan... saqqal. O baxımdan bizim öz yolumuz, Azərbaycan yolu olmalıdır və sevindirici haldır ki, biz bu yolu hələ 25 il qabaqdan seçmişik, öz yolumuzla iri addımlarla irəliləyirik, sağa-sola baxmadan gedirik. Həmin bu yol YAP yoludur. Bu həftə onun yaranmasının 25 illiyi təntənəli şəkildə qeyd olundu. Mən də burdan fürsət ikən Əli İnsanovu, Rəsul müəllimi və Quskanı təbrik edirəm. Sağ olsunlar, vaxtında çox əziyyət çəkiblər.
Gərək fürsəti vaxtında dəyərləndirib ovu bərədə vurasan. Gecikmək və tələsmək olmaz. Proletar inqilabının dahi rəhbəri demişkən, bu gün tezdir, sabah gecdir. Gecə yarısı işi bitirmək lazımdır.
Bir də sevindirici haldır ki, Azərbaycan xalqı həyatı boyunca 25 il qalan nəsə qura bilibdir və bu, YAP alınıbdır. Bizim qurduğumuz təşkilatlar hələm-hələm uzunömürlü olmaz. Üzeyir bəy demişkən, adətən siçan boyda iş görürük, onu da hardansa çıxan pişik “happ” eləyir yeyir. YAP isə belə baxıram hələ azı 250 il çəkəcəkdir. Bünövrəsi möhkəmdir. Azərbaycan xalqının dəyərlərini, mahiyyətini, istək və niyyətlərini düzgün qiymətləndirən, xalqımıza ən yaxın partiyadır. Bu temada istənilən adamla teledebata çıxmağa hazıram, bircə Trampdan başqa. Ona uduzaram - bax, yuxarıdakı statistikaya.
YAP-ın dinc quruculuq işlərinin vüsət alması sayəsində dünən sosial müdafiə nazirliyimiz ləğv olunubdur. Artıq nazirlikdir, çünki hamı xoşbəxt yaşayır. Zarafat edirəm, hələlik nazirlik yerində durur, sadəcə, dünən nazir Səlim müəllim açıqlama verib ki, yaxın 6-7 ildə əhalinin ünvanlı sosial yardımları ləğv olunacaqdır. O vaxtacan bütün kasıb və yetimləri, ac-yalavacları qıracaqlar. Yenə pis zarafat idi, qorxmayın. Bizim hökumət humanistdir. Nazir deyir, indi dövlət proqramı var, ünvanlı sosial yardım alanları iş-güclə təmin edirik, 6-7 il sonra hamısı işlə təmin olunub özünü dolandıracaqdır. Necə deyərlər, biz insanlara balıq verməyəcəyik, balıq tutmağı öyrədəcəyik. Bulanıq suda özü də. Çünki o vaxtacan bizdə duru su qalmaz. Ancaq bu təxribatçı fikirlərdir, yazının bu yerini siləcəyəm - hələlik oxuyun.
Bu arada xarici işlər nazirimiz Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri əsasında həllinə sadiq qaldığımızı növbəti kərə bəyan edibdir. Ürəyimiz yerinə gəldi, yoxsa az qalmışdı pis fikirlərə düşək. Hərçənd, heç millətin çoxu bilmir Madrid prinsipləri nədir, bunun Paris anlaşmasından fərqi hardadır, Moskva danışıqlarından nə qədər uzundur, Ki Vest razılaşmasından geri qalırmı, Praqa sənədlərini ötürmü, ucu Minsk qrupundan qırağa çıxırmı və sairə. Ancaq mənə tragikomik gələn başqa şeydir. Madrid sözünə güldüm. Çünki biz İspaniyanın paytaxtında ermənilərlə guya razılığa gəlirmişik, bu arada İspaniya özü dağılmaq həddinə çatıbdır, Kataloniya müstəqillik elan edibdir. Bəlkə biz də ispan və katalonları çağıraq, oturub Tuğ kəndində danışsınlar, adı da olsun Hadrut prinsipləri?
İspaniyanın gələcəyinə heç ümidim yoxdur, məncə ora dağılacaqdır. Çünki YAP kimi partiyaları yoxdur.