Amerikanın ikinci kəşfi

Ostap Bender demişkən, bizim əllərimiz uzundur. Amerikadakı seçkilərə “barmaq” eləyən rusiyalı trollar fabrikinin başçısı azərbaycanlı çıxıbdır. Ceyhun adında bir qaqaş olubdur. Bunlar orada Putin müəllimin göstərişi ilə çoxlu saxta sosial şəbəkə profilləri qayırıblar, sonra amerikalılara təsir ediblər ki, Hillari Klinton prezident olmasın.
Doğrudur, Trampın prezident olması bu bandanın hansı işinə yarayıbdır, mübahisəli məsələdir. Çünki Tramp gələndən Rusiya əleyhinə sanksiyalar daha sərtləşibdir. Hər halda, dünyanın hegemon dövlətinin başına bir sərsəmi gətirmək özü də böyük işdir, hardasa yararlıdır. Axı belə olanda dünyada qarışıqlıq, bulanıqlıq artır. Necə deyərlər, cəhənnəmə gedən özünə yoldaş axtarar. Putin müəllimin, elə biz azərbaycanlıların da başda Ceyhun müəllim olmaqla, ayağımız dəyən yerlərdə heç də qızılgüllər açılmır.
Sözgəlişi, ABŞ-da Havay adalarının bir məhkəmə hakimi də Trampı çəkicinə dolayıbdır. Artıq ikinci dəfədir Trampın qərarlarına veto qoyur. Gülməli dövlətdir. Orda şah qanun ola bilmir. Qanun şah imiş. Özü də bu hakimi Obama prezident olanda təsdiqləyibmiş. Niyə gedəndə özüylə aparmayıb, bu da müəmmalıdır, çünki güclü dövlətçilik olan yerlərdə prezident işdən gedəndə qoyduğu bütün adamları, həmçinin hakimləri aparmalıdır. Qədim Misirdə firon öləndə hətta bəzi arvadları da yanında basdırılırdı ki, o biri dünyada kişiyə qulluq eləsinlər. Ona görə tarixdə adları qalıbdır. Baş kəsib qan tökməyən padşahların tarix qarşısında bir qəpiklik hörməti yoxdur.
Yox, əgər dövlət başçısı imkan tapıb kadrları özüylə apara bilmirsə, onların mərifəti çatıb özlərini dondurmalıdır. Bu amerikalı hakim niyə dondurmayıb, bu da qəribə haldır.
Ta mövzu özü gəldi bura çıxdı, bir məsələni qeyd edim ki, biz türklərin Amerika tarixinə təsirimiz bugünkü fakt deyil. Bunun tarixi çox qədimdir. Bir nəzəriyyəyə görə qədim türklər 10-15 min il qabaq Berinq boğazından keçib Amerika qitəsini məskunlaşdırıblar. Kimsə deyib orda boş torpaqlar var, sotunu 1000 dollardan satmaq olar, bizimkilər də “Hurrey” deyib boğazı keçiblər. Axıra qədər üzə bilməyənlər Yaponiyanı kəşf edib, ancaq mövzudan uzaqlaşmayaq.
Xristofor Kolumbun məşhur kəşfinə görə də bəşəriyyət türklərə borcludur. Səbəb isə bir az qəribə görünə bilər. Orta əsrlərdə Hindistan və Çindən gətirilən ədviyyatlar, istiot-filan Avropada qızıldan baha idi. Bu ədviyyatın daşınma marşrutu isə Bizansdan, Konstantinopoldan keçirdi. 1453-cü ildə türklər bu şəhəri tutanda artıq İpək yolu bir növ işləməz hala gəldi. Avropalılar Hindistana başqa yol axtarmağa başladılar. Portuqaliyalı Vasko de Qama 1497-ci ildə Afrikanı dolanmaqla Hindistana dəniz yolunu kəşf elədi. Bundan cəmi 5 il qabaq - 1492-ci ildə isə Kolumb Amerikanı tapmışdı. Hərçənd, buranın Hindistan olmasını yanlış anlamışdı. Ancaq bizə nə? Əsas odur kişinin hərəkətinə təkan vermişik. Yeri gəlmişkən, Kolumbun əslən haralı olması dəqiq bilinmir, bir versiya var ki, adam azərbaycanlı olubdur, adı da Həzrət Qalib imiş, xristianlar avropalaşdırıb, milli mənəvi dəyərlərimizdən uzaqlaşdırıb qəsdən Xristofor Kolumb eləyiblər. 27 dəfə həcc səfərinə gedən, şeyximizin qudası Hacı Qalib müəllim bax həmin Həzrət Qalibin nəslindəndir. Elə Kolumb da Amerikaya 4 dəfə səfər edib, ancaq axıracan niyyətinə çata bilməyib, gəmiyə bir çimdik istiot vurmayıbdır. Necə deyərlər, sən ziyarəti istəməklə olmur, gərək ziyarət də səni istəsin.
Ünlü italyan rəssamı Rafael Santi müəllimin də anası bizim Zəngilan rayonundan olubdur, yoxsa adı niyə Rafaeldir? Rafael bizim addır, bunu hamı bilir. Ədəbiyyat İnstitutumuzun direktoru da Rafael müəllimdir. Ancaq bu artıq başqa temadır, inşallah, gələn dəfə yadıma salın danışım.
Keçmiş müstəqilliyin bərpası bayramınız da qutlu olsun, Arif Rəhimzadə ilə birgə neçə-neçə belə bayramlara çıxasınız.