Barışaq, öpüşək, sevişək

“Tartışılmaz zevkler ve renkler
sizin olsun bütün bu zevkler
Bırakın renkleri çocuklara
Uzakta bir ülkede insanlar anlaşmış
tam silahları bırakırken
İçlerinden ikisi hemen karşı çıkmış..."
(Barış Manço, “Günaydın, cocuklar”)
***
Dünən söz verdiyim kimi, ölkəmizdə barışıq, sülh, ulu öndərimiz Rəsulzadənin diliylə yazsaq, “milli təsanüd” (təsanüd - həmrəylik deməkdir) meyllərinin güclənməsindən bəhs edəcəyəm. Hər gün bunun əlamətləri üzə çıxır.
Çox uzağa getməyək, söz vaxtına çəkər, elə dünən məhkəmədə zərərçəkənlərdən biri müttəhimlər kürsüsündə oturmuş keçmiş MTN generalının sifətinə su çırpıbdır. Yüngülvari söz dartışmaları olubmuş. Başqa ölkələrdə, elə bizdə də qabaqlar zərərçəkənlər və müttəhimlər, o cümlədən generallar və zəhmətkeşlər arasında münasibətlər sulfat turşusu, F-1 qumbarası, Molotov kotleti (Səyavuş Novruzovun kəşfidir, dünya silah sənayesində yenilikdir), nə bilim, başqa yandırıcı-öldürücü qarışıqlarla həll edilərkən, indi bizdə su atırlar. Su isə aydınlıqdır. Həyat rəmzidir.
Yenə dünən oxudum ki, keçmiş baş prokuror Əli Ömərov hansısa müxalifətin mitinqini dəstəkləyibdir. Əli müəllim ümumən unikal insandır. O qədər o tərəf bu tərəfə keçib ki, bəzən özü də çaşır, heç bilmir hardadır. Bəlkə də buddistlərin dediyi o nirvana vəziyyətinə Əli müəllim artıq çatıbdır. Nirvana əzablardan, arzulardan, dünyaya bağlardan qopmaq deməkdir. Əli müəllim də gah müxalifətə, gah iqtidara keçməklə özünü hər şeydən qoparıbdır. Küləyin apardığı quş tükü kimi bir şey olubdur. Ora uçur, bura uçur... Eyni zamanda, diqqət eləsəniz Əli Ömərovun adı özü-özlüyündə dini barışıq, Azərbaycan multikultural həmrəyliyinin bir simvolu sayılmalıdır. Çünki Əli şiələrdə, Ömər isə sünnilərdə qutsal, müqəddəs sayılır.
Bir generalın oğlu avtobus sürücüsünü təqib eləyib saxlatdırmış, düşürdüb döymüşdü. Salondakı sərnişinlər isə görmədikləri günü görmüşdülər, türklər demişkən, “ekşın” yaşamışdılar. Düzdür, sonra ölkə rəhbərliyi “Ata oğula cavabdehdir” dövlətçilik prinsipimizə əsaslanaraq generalı işdən qovdu. General isə açıqlama verdi ki, rəhbərlik istəsə həmin avtobusun təkəri olaram. Bax həmin iş üzrə məhkəmə hazırda bitmək üzrədir, sürücü isə keçmiş generalın oğlunu bağışladığını söyləyibdir.
Ümumən, baxırsan son günlər kim kimi döyürsə, kimi başqasını vurub öldürürsə ortada düşmənçilik çox uzun sürmür. Döyülən və ölən tərəfin adamları qarşı tərəflə yüngülvari görüşmələrdən sonra şikayətləri olmadığını deyirlər. Məhkəmə yazıq indi neyləsin? Kimi cəzalandırsın? Məncə burada qanunlarda boşluq ortaya çıxır. Bunu aradan qaldırmaq üçün yaxşı olar müxalifətçilərdən, siyasi dustaqlardan yararlanaq. Hansısa general oğlu zəhmətkeşi maşınla vurub öldürsə, ölənin uşaqları generaldan babat pul alıb oğulu əfv etsə bu zaman cəza hansısa müxalifət partiya üzvünə, bloqerə, nə bilim, jurnalistə-zada kəsilsin. Onsuz vətənə başqa xeyirləri, faydaları yoxdur. Əvəzində siyasi dustaq siyahıları qısalar. Avropadan gələn soruşanda ki, balam, bu bloqçu Mehman Hüseynovu niyə tutmusunuz, deyirsən maşınla adam vurubdur. Desələr maşın sürmür, maşını yoxdur, deyərsən bəs günah kimdədir? Axı şikayətçi qalmayıbdır. Biz nə edək?
Cəmiyyətdə barışığın şiddətinin artmasından ruhlanan insanlarımız çoxdur. Biri elə keçmiş MTN generalı Akif Çovdarovun vəkilidir. İki gün qabaq həmin vəkil Çovdarova bəraət istəyibdir. Hakimə elə bu cür də deyibdir.
Əlbəttə. Niyə də bəraət almasın? Vaxtında o qədər işinizə yarayıb. Rəhbərlik edəni Eldar müəllim kef çəkirsə, bu niyə əzabkeş olmalıdır? Yığdıqlarının, obyektlərinin bir çoxunu da tapıb yağmalamısınız. Bir də gördün kimsə qalan beş-on milyonundan qırpıb bunu da siyasi dustaq elan elədi. Tutub döydüyü sahibkarlar bəlkə ürəklərində Akif müəllimlə barışıblar. Millət də baxır, fikirləşir elə bunları düzgün döyürmüşlər, çünki Akif müəllim tutulandan inflyasiya 20 faizi keçibdir, devalvasiya at çapır. Çünki istənilən cəngəlliyin canavara ehtiyacı vardır. Meşə sanitarı - bunu nahaq yerə demirlər.
Barış Manço sağ olsaydı qonaq çağırardıq, bizim bu barışıq dolu həyatımızı mahnıları ilə süsləyərdi.