“26-lar” və Nuru Paşa

Azərbaycanın yeni tarixində iki möhtəşəm təqvim var. Onların hər ikisi milli istiqlalımız və müstəqilliyimizlə assosiasiya olunur. Və xatırlanan kimi də çöhrələrə bir təbəssüm, gözlərə işıq, qəlblərə iftixar və fərəh hissi qonur. Onlardan biri 28 May Respublika Günüdürsə, digəri əlbəttə ki, 15 sentyabrdır - Nuru Paşanın başçılıq elədiyi Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak tör-töküntülərindən azad edildiyi gün. Həmin möhtəşəm hadisənin 99-cu ildönümünü yaşayırıq.
15 sentyabr - mübaliğəsiz-filansız, Bakının yeni doğum günü, bu qədim şəhərimizin Azərbaycan xalqına təzədən qayıdışı günüdür. Bu günü xalq həmişə öz xilaskarlarına ehtiram və sayğı ilə anır və anacaq.
15 sentyabr həm də bir şükranlıq günüdür. Məhz həmin tarixdə paytaxt Bakıya, obrazlı desək, bütün zamanlar üçün keçərli olan “kupça” verilib və bu kupça həmişəlik bizdədir. Hətta sovet dönəmində də onu bizdən ala bilməyiblər.
Bu gün Bakının Azərbaycan-türk şəhəri, müstəqil Azərbaycanın paytaxtı kimi qalmasına görə biz ən əvvəl Nuru Paşa və Qafqaz İslam Ordusuna minnətdar olmalıyıq. Təsadüfi deyil ki, istiqlalımızın banisi böyük Məmmədəmin Rəsulzadə həmişə 15 sentyabrın 28 May qədər önəmli olduğunu deyirdi...
Cümhuriyyət, Rəsulzadə və silahdaşları, Nuru Paşa əlbəttə ki, bizim üçün dəyərlərdir. Dəyərlərimizin hamısına sahib çıxmalıyıq - istisnasız olaraq. Əfsuslar olsun ki, bu böyük kişinin - Nuru Paşanın haqqını xalq olaraq hələ tam verə bilməmişik. Halbuki bundan ötrü çox şey tələb olunmur - heykəl və adına normal bir prospekt.
Nuru Paşa prospekti. Niyə də olmasın Bakıda?! Əgər paytaxtda dünənədək “26 Bakı komissarı” küçəsi mövcud olubsa, nədən Bakını azad eləmiş və ona faktiki, yeni “yaş kağızı” vermiş türk komandanına bu günədək abidə ucaldılmasın?
Bu yanlış bir an öncə aradan qaldırıla bilməzmi? Gələn il həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də Bakının azad edilməsi və milli ordu qurulmasının 100 illiyi qeyd olunacaq. Bir əsr! Heç olmasa, həmin tarixədək Cümhuriyyətin təşəkkül tapması və ayaq üstə durmasında tarixi xidmətləri olmuş böyük şəxsiyyətlərin və hərbi sərkərdələrin hamısının halallığını alaq.
Belə bir addım gənc nəslin yaddaşında da möhtəşəm iz buraxardı. Unutmayaq ki, Nuru Paşaya münasibət - Cümhuriyyətə, Cümhuriyyət tariximizə münasibətdir. Bu, həmçinin bir testdir - milli keyfiyyəti müəyyən etmək, manqurtları, “5-ci kolon”çuları əsl vətənpərvərlərdən ayırmaq üçün bütün zamanlar üçün keçərli olacaq bir test! Nuru Paşa testi.
Nuru Paşanı sevməmək - istiqlalımızı sevməmək demək, müstəqilliyimizə şəkk gətirmək, həqarət eləmək demək. Nuru Paşanı sevməmək - müstəqil dövlətimizin təməlini qazımaq, Azərbaycanı təzədən Rusiyanın boyunduruğuna qaytarmaq istəyi ilə alışıb-yanmaq demək. Azərbaycanı sevən Nuru Paşanı da sevər!..
15 sentyabr - Bakının Qurtuluş Gününün bir önəmi də odur ki, bu, iki qardaş ölkənin ortaq hərbi zəfəridir. İnşallah, belə ortaq qələbələr hələ qabaqdadır. Çünki Qarabağ da əsgərlərimizin yolunu gözləyir.
Deməli, 15 sentyabrdan başlayan missiya hələ bitməyib. Hələ yoldayıq. Böyük qələbəyə doğru yolda! Qarabağı da Bakı kimi Azərbaycana qaytaracaq bir yolda! Bu yolda Allah yardımçımız, Nuru Paşa təcrübəsi, 15 sentyabr ortaq təcrübəsi köməyimiz olsun.