Bəs Dilqəm və Şahbaz?

“Amnesty İnternational”ın təxribatı haqda bir neçə abzas
Bu günlərdə “Amnesty İnternational” beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycana qarşı təxribata imza atıb. Qurumun əməkdaşı qanunsuz şəkildə Dağlıq Qarabağda olub. Talış kəndinə kimi gedib çıxan bu zat qayıtdıqdan sonra ölkəmiz haqda klassik erməni bayatıları əsasında xüsusi reportaj qaralayıb.
Reportaj da təbii ki, Qarabağ həqiqətlərini, işğal faktını təsvir eləməkdən çox, Azərbaycan xalqının vəhşi, müharibə istəyən bir toplum obrazını yaratmağa hədəflənib.
Elə paradoks da ondadır ki, öz üzərinə dünyada təməl insan haqlarının müdafiəçisi missiyasını götürmüş bir təşkilatın təmsilçisi Azərbaycan dövlətinin beynəlxalq hüquqla tanınmış sərhədlərinə hörmət qoymaq bir yana, bu dövlətin 1 milyon vətəndaşının ən doğal haqqı olan öz yurd yerlərində yaşamaq haqqından məhrum edilməsini görməzlikdən gəlib.
Hələ harasıdır, 1 milyon insanı bu təməl haqdan məhrum edən, Qarabağda etnik təmizləmə aparmış bir milləti, separatçıları, işğalçıları indi üstəlik tərənnüm edir, hərbi canilərə, Xocalı qatillərinə dolaysıyla haqq qazandırır.
Bu yerdə soruşmaq lazım gəlir: o nə pəhriz, bu nə turşu? Ya olduğunuz kimi olun, ya da göründüyünüz kimi olun! Daşıdığınız ada uyğun mövqe ortaya qoya bilmirsizsə, lütfən, onda adınızı dəyişin. Adı dəyişə bilmirsiz, o zaman təxribatçı mövqeyinizi dəyişin, bircə ikiüzlü olmayın ki, hamı öz işini bilsin.
Əlbəttə ki, məsələdə xristian təəssübkeşliyi də öz işini görüb, başa düşürük. Varlı-karlı beynəlxalq erməni lobbisinin əli isə Avropada. ABŞ-da çox yerə çatır, bu da bəlli. Fəqət, Allahı sevərsiz, bundan sonra kimsəyə insan haqları barədə moizə oxumayın. Çünki birini haqsızlıqda, ədalətsizlikdə suçlamaq üçün gərək öncə özün haqq carçısı, ədalət etalonu olasan!
Şəxsən mən inanmıram ki, Azərbaycanda kimsə, hətta hansısa ultra-demokrat “Amnesty İnternational”in bu ikiüzlülüyündən sonra da ona əvvəlki rəğbəti və inamı saxlamış olsun. Yox, saxlasa, demək, o, “Amnesty İnternational”ın ermənipərəst mövqeyi ilə həmrəydir. Demək, “5-ci kolon”dandır ki var...
*****
Ölkəmizə qarşı bu pislikdən sonra sözü gedən təşkilatın Azərbaycanda təməl insan haqları pozuntusundan dəm vurmağa haqqı çata bilməz. Ən azından Azərbaycan dövlətindən səmimi şəkildə üzr istəməyənədək qurum əvvəlki tənqidi missiyasına ümid etməməlidir. Hələ ki, belə bir üzrxahlıq gözə dəymir. Yəqin ki, olmayacaq da.
Hər şey qırağa, əlində daim insan haqlarını bayraq edən “Amnesty İnternational”ın əməkdaşı məgər 3 ildir Xankəndində qanunsuz şəkildə saxlanılan və qondarma məhkəmənin hökmü ilə biri ömürlük, digəri isə 20 illiyə azadlıqdan məhrum edilmiş Dilqəm və Şahbazın taleyindən bixəbərdir? Xankəndində olub onlara baş çəkmək çoxmu çətin idi bu insan haqqı “müdafiəçisi”nə?! Məgər onların təməl insan haqqı tapdanmayıbmı? Axı bu insanların tək günahı işğal altındakı dədə-baba torpaqlarına baş çəkmək olub...
Nə isə. Belə görünür ki, Lapşin insidentinin davamını gətirməliyik. Mütləq buna nail olmalıyıq. Yəni ara-sıra XİN-in “qara siyahısı”nda olanlardan kimlərsə tutulub əli qandallı Bakıya verilməli, üzərində ədalət məhkəməsi qurulmalıdır. Daha bir neçə belə presedent yaratsaq, Azərbaycan ərazisinə “dal qapı”dan girmək həvəsində olanların da, bizə ağıl öyrətmək istəyənlərin də sayı kəskin azalar.