Dolları sentyabrda nə gözləyir?

“Neft 40 dollardan aşağı düşərsə, o zaman qorxusu var” - ekspert
Mərkəzi Bank dollar-manat münasibətlərindəki sabitliyi qorumaqda davam edir. Hazırda manatın rəsmi məzənnəsi 1 dollar qarşısında 1.7008 AZN təşkil edir. Banklarda isə dolların alışı 1.6900 AZN, satışı 1. 7030 AZN-dir.
İqtisadçılar isə vurğulayır ki, sentyabr ayı yaxınlaşdıqca, bazarda dollara tələbatın artması qaçılmazdır. Bu da manatın məzənnəsinə təsirsiz ötüşməyəcək. Sentyabr ayında dolların məzənnəsinin necə dəyişəcəyinə gəlincə, ekspertlər bunun Mərkəzi Bankın qərarından asılı olduğunu bildirirlər.
İqtisadçı ekspert Pərviz Heydərov açıqlamasında bildirdi ki, artıq xeyli müddətdir ölkənin valyuta bazarında sabitlik hökm sürür: “Dəqiq desək, vəziyyət ilin ilk ayından sonra belədir. Xatırladım ki, cari ilin əvvəlində manat ABŞ valyutasına nəzərən bir ara 1.92 AZN-dək ucuzlaşmışdı. Bu, fevralın əvvəlləri idi. Ondan sonra manat bahalaşmağa başladı və 1.70 AZN-də dayandı. Ölkəmizdə manatın ABŞ dollarına nəzərən məzənnəsinin artıq xeyli müddətdir bu cür sabit qalmasında bir sıra daxili və xarici faktorların rolu vardır. Əvvəla, hökumətin apardığı müvafiq siyasətin, yəni sərt pul-kredit siyasəti yeridilməsinin, dövriyyədən nağd pul kütləsinin ”çəkilməsinin", kənara valyuta axınının qarşısının alınmasının, idxalın məhdudlaşdırılmasının, o cümlədən Neft Fondundan Mərkəzi Banka makroiqtisadi sabitlik naminə məlum transfertin buna çox böyük təsiri oldu".
İqtisadçının fikrincə, ikinci səbəb bu il xarici ticarət saldosunun və tədiyyə balansındakı vəziyyətin keçən ildəkindən fərqli olaraq müsbətə doğru dəyişməsidir: “Və ən nəhayət, üçüncüsü, ABŞ dolları dünya üzrə də bu il çox möhkəmlənməyib. Yəni FES tərəfindən iki dəfə faiz dərəcəsinin artırılmasına baxmayaraq, Amerika valyutası cari il ərzində çox da bahalaşmayıb. Bunda neftin dünya bazar qiymətlərinin sabit qalması da mühüm rol oynamışdır. Düşünmürəm ki, payızda vəziyyət ciddi şəkildə dəyişsin. Bu ilin sonunadək də ABŞ milli valyutası dünyanın heç bir valyutasına qarşı ciddi şəkildə bahalaşmayacaq. İlin sonunadək tədiyyə və xarici ticarət balansımızda da mənfiyə doğru heç bir dəyişiklik gözləmirəm. O ki qaldı hökumətin valyuta bazarında mövcud sabitliyi qoruyub saxlamaq məqsədilə apardığı müvafiq siyasətə, bu da davam etdiriləcək. Ümumiyyətlə, növbəti ilədək valyuta bazarında mövcud stabilliyə mənfi təsir edəcək, onu ciddi şəkildə pozacaq hər hansı bir amilin ortaya çıxacağını proqnozlaşdırmıram. Həmişə demişəm, indi də deyirəm, neft 40 dollardan aşağı düşərsə, o zaman qorxusu var. Yoxsa sentyabrda dərslər başladı və ya yeni iş mövsümü start götürdü və sair kimi səbəblər valyuta bazarına ciddi şəkildə təsir göstərə bilməz.
Yeri gəlmişkən, bəziləri deyirlər ki, bu il ölkəyə çoxlu sayda ərəb turistlər gəlib və gəlir deyə, manatımız hələ ki möhkəmdir. Bu da yanlış fikirdir. Turistlərin burada xərclədikləri pullar manat-dollar münasibətlərinə az təsirə malikdir. Əksinə, bu, inflyasiya yaradır. Manatın dəyəri neftin dəyərinə bağlıdır. Təsəlliverici faktor ondan ibarətdir ki, yaxşı ki, birbaşa olaraq bağlı deyil...
Ümumən payızda dollara tələbatın artması gözləniləndir. Buna görə də məzənnənin bahalaşmasını da gözləmək məntiqlidir. Lakin bizdə məzənnəni bazar deyil, Mərkəzi Bankın inzibati mülahizəsi müəyyən etdiyi üçün qısamüddətli proqnoz vermək çətindir. Qısa müddət ərzində manat kütləsini sıxmaq və Neft Fondunun vəsaitləri hesabına məzənnəni saxlamaq yenə də mümkündür. Yəqin ki hələlik belə də olacaq. Amma uzunmüddətli perspektivdə, yəni təxmini bir il ərzində dolların bahalaşma ehtimalı çox yüksəkdir".