"Brent" markalı neftin qiyməti 40 dollardan aşağı düşə bilər

OPEC neft hasilatını azaltmasa, "Brent" markalı neftin qiyməti 2018-ci ilin ilk rübündə 40 dollar/bareldən aşağı düşə bilər.
Belə bir proqnozla mərkəzi ofisi Vyanada yerləşən "JBS Energy" neft sektoru araşdırma şirkəti çıxış edib.
Şirkətin analitiklərinin hazırladığı hesabata əsasən, hazırda neft qiymətləri ABŞ-da avtomobil səyahəti mövsümü səbəbi ilə ehtiyatların azalması amilindən dəstək alır. Belə ki, bu mövsümdə tələb maksimal həddə çatır və sentyabrdan etibarən azalmağa başlayır.
"Brent" 2017-ci ili 45-47 dollar/barel səviyyəsində tamamlaya bilər. Amma, daha sonra qiymətlər üçün ağır dövr gələcək. "JBS Energy Asia" idarəedici direktoru Riçard Qorri (Richard Gorry) hesab edir ki, "OPEC 2018-ci ilin ilk rübündə heç bir addım atmasa, neft bazarında təklif tələbi xeyli üstələyəcək. Bunu aradan qaldırmaq üçün OPEC hasilatı azaltmalıdır. Bu addımın atılacağına inanmağım gəlmir".
Son günlərdə neft qiymətlərinin ABŞ-da ehtiyatların azalması fonunda artmasına baxmayaraq, sentyabrdan tələb azalacaq və gələn ilin ilk rübündən Braziliya, Qazaxıstan, Qərbi Afrika və Mərkəzi Avropa regionunda hasilat artacaq. ABŞ-da hasilatın bu ilin sonuna qədər artaraq 9,6 mln. barel/ğünə çatması gözlənilir.