Azərbaycan qazının Bolqarıstana nəqli layihəsi üçün qrantın həcmi açıqlanıb

Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsini reallaşdırmaqla məşğul olan ICGB AD "İnnovasiyalar və rəqabətqabiliyyətlilik" əməliyyat proqramı çərçivəsində 28,5 milyon avro dəyərində qrant alıb.
Bu barədə şirkətdən bildiriblər.
Qeyd olunub ki, həmin proqram çərçivəsində 39 milyon avro məbləğində qrant nəzərdə tutulub:
"Bu məbləğin 85 faizi Avropa strukturları və investisiya fondları tərəfindən, 15 faizi isə yerli maliyyələşmə ilə qarşılanır. Proqram çərçivəsində ilk müraciət 2020-ci ilin noyabrında edilib, 28,5 milyon avro məbləğində vəsait martın 1-də nağdlaşdırılıb. İkinci müraciət aprel ayının sonunda edilib. "
ICGB AD bildirib ki, Avropa Enerji Bərpası Proqramı çərçivəsində Aİ-dən 45 milyon avro qrant alacaq. Bu proqram çərçivəsində 6,4 milyon məbləğində ilkin ödəmə 2020-ci ilin dekabrında həyata keçirilib.