Neft bazarını təlatümləndirən görüş necə bitəcək?

OPEK+ nazirlərinin dünəndən başlanan toplantısı 2 gün təxirə salınıb. "İç xəbər" “Bloomberg”ə istinadən xəbər verir ki, buna səbəb nazirlər arasında razılaşmanın əldə olunması üçün vaxt qazanmaq istəyidir. Nazirlərin hasilatla bağlı uzun çəkən görüş-müzakirəsi nəticəsiz başa çatıb.
“Bloomberg” əldə etdiyi məktubda dünənki çoxsaatlıq görüşdə razılaşma tərəfləri arasında ciddi fikir ayrılığının əksini tapdığını yazır. Bu fikir ayrılıqlarına görə dünənki müzakirələr nəticəsiz başa çatıb. Buna görə də nazirlər görüşün bu gün deyil, cümə axşamı davam etdirilməsini qərara alıblar. Ona qədər danışıqlar telefonla davam etdiriləcək.
Nazirlər yanvarda planlaşdırıldığı kimi, hasilatı artırmağı, yoxsa qiymətlərin yüksəlməsinə gətirib çıxaran azalmanı saxlamağı müzakirə edəcəklər. Razılaşma ölkələrinin bir çoxu hesab edir ki, koronavirus pandemiyasının kəskinləşməsi şəraitində mövcud hasilat həcmini artırmaq qiymətləri aşağı sala bilər. Bir qisim ölkələr isə hasilatı artırmaqla mövcud qiymətlərdən bəhrələnməyə can atırlar.
Bəzi məlumatlara görə, dünən nazirlər hasilatın mövcud səviyyəsinin yanvar-mart aylarında da saxlanması barədə ilkin razılaşmaya gələ biliblər. Lakin danışıqlar çox gərgin keçdiyinə görə Səudiyyə Ərəbistanının energetika naziri OPEK+ həmsədrliyindən istefa verə biləcəyini açıqlayıb.
Danışıqlar ərəfəsində Birləşmiş Ərəb Əmirlikləri ilə OPEK+-un digər ölkələri arasında ciddi fikir ayrılıqları yaranıb. Əmirliklər yeni istehsal güclərini dövriyyəyə qoşub, daha çox neft hasil etməyə çalışır. Yayda hətta kvotadan artıq neft hasil etdiyinə görə ənənəvi müttəfiqi Səudiyyə ilə arasında ciddi problem də yaranmışdı. Sonradan mübahisə sülhə bağlansa da, Əmirliklər hasilat kvotalarına əməl etməyən ölkələrin cəzalandırılmasını tələb etməkdədir. Lakin ekspertlər hesab edirlər ki, buna baxmayaraq, tərəflər mövcud hasilat səviyyəsinin ən azı 2021-ci ilin ilk rübündə saxlanmasına dair razılığa gələ biləcəklər.
Bu arada, OPEK+ çərçivəsində danışıqların 2 gün təxirə salınması xəbəri neft bazarına mənfi təsir göstərib. Son həftələrdə koronavirusa qarşı effektiv peyvənd əldə olunması, həmçinin OPEK+ çərçivəsində hasilatın artırılmamasına dair qərarın əldə ediləcəyi xəbərləri bazarda qiymətlərin 48 dollar ətrafına qədər yüksəlməsinə səbəb olub. Lakin dünən nazirlərin görüşünün qərarsız qalması, davamın 2 gün sonraya ertələnməsi xəbəri qiymətlərin 46-47 dollara qədər enməsinə səbəb olub.