"Ermənistanın ödəməli olduğu təzminatın 50 milyard dollar həcmində göstərilməsi həqiqəti əks etdirmir"-Ekspert

"30 ilə yaxın müddətdə Ermənistanın vurduğu zərərin bir trilyonu ötəcəyi halda niyə təzminat məbləğinin 50 milyard dollar həcmində olması haqqında fikirlər tez-tez səsləndirilir? Aydın məsələdir ki, söhbət bu trilyonluq zərərin bütünlüklə təzminata aid edilməsindən getmir".
Bu fikirləri Musavat.com-a açıqlamasında iqtisadçı- ekspert Eldəniz Əmirov deyib. Ekspertin sözlərinə görə, təzminatın ayrıca hesablanma mexanizmi var. Amma yenə də bu məbləğ 50 milyard dollardan dəfələrlə böyük olmalıdır:
“Təzminatın tərkib strukturunda yer ala biləcək istiqamətləri xatırlayaq. 30 il müddətində istismar etdikləri torpaqlarımıza və yeraltı sərvətlərimizə görə təzminat, dağılmış infrastruktura görə təzminat, 27 sentyabrda başlamış müharibə xərclərimizə və itkilərimizə görə təzminat, fərdi şəxslərin iddialarına görə təzminat, ekoloji terrora görə təzminat və sairə. Bu siyahını uzatmaq olar. Təkcə infrastrukturun bərpası üçün ilkin qiymətləndirilmələrdə 50 milyard dollara yaxın vəsait tələb olunursa, ümumi təzminat üçün bu qədər məbləğ səsləndirilməməlidir. Təzminat və infrastrukturun bərpa xərcləri konqruyent ola bilməz. Təəssüf ki, bəzən rəsmi şəxslərimizin də bu məbləğin 50 milyard olaraq vurğulaması sonrakı qiymətləndirmələrdə və beynəlxalq məhkəmələrə müraciətlər zamanı bizə problem yarada bilər. Təsəvvür edin, bir müddət əvvəl hətta Ermənistanın sabiq prokuroru belə Ermənistanın 50 milyard təzminat ödəməli olduğu barədə açıqlama verib".
Ekspert onu da bildirib ki, "Ermənistan müflis durumdadır”, “Verməyə pulu yoxdur” və s kimi səbəblərə görə real təzminat məbləğindən yayınmamalıyıq: "Onun bu təzminatı ödəmək qabiliyyətinin olub-olmaması sonrakı məsələdir. Bu gün biz sübut edə biləcəyimiz maksimal təzminat hesabatı hazırlayıb, beynəlxalq səviyyədə təsdiqinə nail olmalıyıq. Onsuz da, beynəlxalq təcrübə göstərir ki, təzminat məsələsində zərərçəkmiş tərəfin iddia etdiyi məbləğ beynəlxalq məhkəmədə bütünlüklə təsdiqini tapmır. Bəzən 50 faiz, bəzən isə daha da az məbləğ təsdiq edilir. Buna görə də biz real faktlara söykənərək, sübut edə biləcəyimiz maksimal məbləğin iddiasını irəli sürməliyik”.
Təzminatın ödənilmə məsələsinə gəldikdə isə, E.Əmirov deyib ki, Ermənistan sivilizasiyası sonuna qədər bizimlə qonşu ölkə olaraq qalacaq: "Əgər bu gün ödəniş qabiliyyətini itirmiş bir ölkədirsə, o zaman bunun qarşılığında digər kompensasiya üsulları yaranacaq. Məsələn, gələcəkdə respublikamızın karbohidrogen ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması zamanı Ermənistandan tranzit ölkə kimi istifadə edəcəyimiz şübhəsizdir. Çünki,Türkiyə vasitəsilə dünyaya çıxış, Gürcüstanla müqayisədə Ermənistan xəttilə daha əlverişlidir. İstər neft-qaz boru kəmərləri, istər dəmir yolu daşımaçılığına görə Ermənistan tranzit ölkə kimi Azərbaycandan milyonlar qazanacaq. Zamanı gələndə bu vəsaitlər təzminatın bərabər məbləğ hissəsinə uyğun kompensasiya edilə bilər. Bu yarım əsrdən çox güzəştli (və ya tam qarşılıqsız) tranzit ölkə kimi istifadə etmək potensialı yaradacaq".
Ekspertin dediyinə görə, torpaqlar təzminat olaraq digər ödəniş vasitəsi rolunda ola bilər: "Ötən əsrin əvvələrində ərazilərimizin Ermənistana verilməsi tarixi fakt olsa da, müasir dünyada tarixi faktların real gücü olmur. Buna görə də həmin ərazilərin geri qaytarılması populist çıxışlarla, hətta müharibə ilə həll olunacaq məsələ deyil. Amma təzminat məsələsi gələcəkdə bu mövzuya yenidən qayıtmaq üçün son dərəcə əlverişli imkan yaradır. Ölkələrin pul qarşılığında torpaqlarını satması təcrübəsi də planet üçün yad deyil. Bu təcrübə dünyanın iki nəhəngi arasında belə baş vermişdi. 1867-ci ildə 1.5 milyon kvadrat kilometrdən çox ərazisi olan Alyaska Rusiya hökuməti tərəfindən Amerikaya cəmi 7.2 milyon dollara satılmışdı. Çünki Rusiya boşalmış xəzinəsini doldurmaq üçün bu addımı atmağa məcbur olmuşdu. İndiki pulla bu yüz milyonlara bərabər bir məbləğ idi. Aydın məsələdir ki, hazırda münaqişə tərəfləri və şərtlər başqadır, lakin ortada oxşar bir mənzərə var. Bu boş qalmış xəzinə probleminə uyğun davranmaqdır.
Odur ki, bu gün təzminatın beynəlxalq məhkəmələrdə təsdiqinə nail olmaq üçün hökumət maksimum səy göstərməlidir. Ola bilər ki, bu məbləği 100 milyardlar həcmində qəbul etdirə bilmədik. Hətta 50 milyardlıq bir təzminat məbləği təsdiqlənsə belə, bu böyük avantaj deməkdir”.