"Banklarda qalmış əmanətlərin geri qaytarılmasında çətinlik yaşanmayacaq"- DEPUTAT

Azərbaycanda banklarının ləğv olunmasından sonra əmanətçilərin vəsaitlərinin geri qaytarılması üçün aydın qaydaların mövcud olmasına baxmayaraq, Mərkəzi Bank əmanətləri qorunan kateqoriyaya düşməyən insanlara da pulun qaytarılması məsələsini qaldırır.
Mərkəzi Bank bu işdə prosedur məsələlərini tənzimləmək məqsədiylə Konstitusiya Məhkəməsinə müraciət edib.
Bununla bağlı deputat Azər Badamov açıqlama verib:
"Ölkədə maliyyə sağlamlığının gücləndirilməsi istiqamətində Mərkəzi Bank tərəfindən radikal addımlar atılır. İlin əvvəlindən dörd bankın lisenziyaları ləğv edilib. Lisenziyaları ləğv edilmiş banklarda əmanətlərin qaytarılması problemi gündəmə gəlib. Ləğv olunmuş banklarda qorunan əmanətlər Əmanətlərin Sığorta Fondu tərəfindən ödəniləcəkdir. Qorunmayan əmanətlərin də qaytarılması istiqamətdə Mərkəzi Bank tərəfindən addımlar atılır. Azərbaycanın müstəqillik tarixində cənab prezidentin sərəncamları ilə Sovet dövründən qalan əmanətlərin indeksləşdirilərək vətəndaşların xeyrinə həll olunmasında, 2015-ci ildə Azərbaycan manatının denominasiyasından əvvəl banklara qoyulmuş vəsaitlərin indeksləşdirilərək əmanətçiləri razı salacaq şəkildə qaytarılmasına biz şahidi olmuşuq. Azərbaycan dövlətinin atdığı belə addımlar dünya praktikasında yoxdur.
Vaxtı keçmiş əmanətlərin qaytarılmasında tətbiq olunmuş yanaşmasına görə ölkəmiz MDB məkanında birincidir. Dövlətimiz vətəndaşla münasibətdə bütün problemləri vətəndaşın xeyrinə həll etməyə çalışır. Düşünürəm bağlanmış banklarda qalmış əmanətlərin geri qaytarılmasında bir çətinlik yaşanmayacaq. Mərkəzi Bank bağlanmış banklarda qalmış qorunmayan əmanətlərin geri qaytarılmasında müəyyən prosedur məsələlərini tənzimləmək məqsədilə Konstitusiya Məhkəməsinə müraciət edib.
Artıq iyunun 1-dən əmanətçilərin əmanətləri qaytarılmağa başlanıb. Hazırda hər dörd bank üzrə əmanətlər "Kapital Bank" və Beynəlxalq Bank vasitəsilə qaytarılır. Bugünkü tarixə 13 min 500 nəfər əmanətçiyə 245 milyon manatdan çox vəsait qaytarılıb. Ortaya çıxan məsələlər, problemlər hökumətin aktiv dəstəyi, köməyi ilə operativ həll edilir".