Çin Beynəlxalq İdxal Sərgisində iştirakdan ötrü yerli və xarici peşəkar ziyarətçilərin qeydiyyatı başlayıb.

AZƏRTAC sərginin təşkilat komitəsinə istinadla xəbər verir ki, xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyan sərgi yeni növ koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, daha əvvəldən planlaşdırıldığı kimi noyabrın 5-dən 10-dək təşkil olunacaq. İyunun 24-dən etibarən sərgidə iştirak etmək istəyən dövlət qurumları rəsmilərinin, alıcıların, şirkət nümayəndələrinin, ictimai və sosial qurumların təmsilçilərinin qeydiyyatına start verilib.
Çin lideri Si Cinpin təşəbbüsü və himayəsi ilə keçirilən sərginin bu ilki buraxılışının ekspozisiya sahəsinin 90 faizi artıq bron edilib.
Qeyd edək ki, 2018-ci ildən təşkil olunan sərgi dünyada ən böyük idxal sərgisi hesab olunur. Ötən il 2-ci Çin Beynəlxalq İdxal Sərgisində 181 ölkə və regiondan ümumilikdə 3800-dən çox şirkətin məhsul və xidmətləri nümayiş etdirilib. Sərgi çərçivəsində 71,13 milyard ABŞ dolları dəyərində ticarət və xidmət razılaşmaları əldə olunub.
Azərbaycan indiyədək keçirilmiş hər iki sərgidə fəal iştirak edib. Ötən il 2-ci Çin Beynəlxalq İdxal Sərgisinin həm ölkələr, həm də biznes bölməsində Azərbaycan iki milli pavilyonla təmsil olunub. Ölkələr bölməsindəki Azərbaycan pavilyonunda respublikamızın iqtisadi inkişafına, əlverişli biznes və sərmayə mühitinə, nəqliyyat-tranzit imkanlarına, turizm potensialına dair materiallar, nəşrlər nümayiş edilib. Biznes bölməsindəki pavilyonda isə 26 şirkətin “Made in Azerbaijan” brendi ilə istehsal etdiyi məhsulları, o cümlədən şərab və spirtli içkiləri, qənnadı məmulatlarını, meyvə şirələri və kompotları, quru meyvələri, mineral suları, konservləri yerli idxalçılara təqdim edib. İkinci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycan məhsullarının, o cümlədən şərab və spirtli içkilərinin, nar şirələrinin Çinə ixracı ilə bağlı alqı-satqı və distribüterlik müqavilələri imzalanıb. Bundan başqa, sərginin paralel forumlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri müvafiq sahələr üzrə ölkəmizin potensialı, əldə olunan uğurlar və əməkdaşlıq imkanları barədə məlumat veriblər.